“Könüllülər Parlamenti Azərbaycan- 2017” layihəsinin açılışı olub

“Könüllülər Parlamenti Azərbaycan- 2017” layihəsinin açılışı olub
  28 Oktyabr 2017    Oxunub:2557
26 oktyabr 2017-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi, “ASAN Könüllüləri” Təşkilatının təşkilatçılığı və Vergilər Nazirliyi Tədris mərkəzinin tərəfdaşlığı ilə gənclərə siyasi analiz bacarıqlarını göstərməyə şans yaradacaq “Könüllülər Parlamenti- Azərbaycan”- 2017 layihəsinin açılış mərasimi həyata keçirilib.
Tədbiri giriş sözü ilə açan “ASAN Könüllüləri” təşkilatının sədri Bəxtiyar İslamov qonaqları və tədbir iştirakçılarını salamlayaraq layihə haqqında ətraflı məlumat verib. O, həmçinin bildirib ki, layihənin keçirilməsində əsas məqsəd gənclərin siyasi biliklərinin hərtərəfli inkişafına təkan vermək və vətəndaş mövqeyini konstruktiv şəkildə bildirməsini stimullaşdırmaqdır.

Çıxış edən Azərbaycan Respublikası Vergilər nazirinin müşaviri Ələkbər Məmmədov tədbirin gəclərin dünya görüşünün formalaşmasında müstəsna rol oynadığını vurğulayıb.

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun Layihələr və Regionlarla İş sektorunun müdiri Orxan Ərəbov çıxışında “ASAN Könüllülər” təşkilatının Azərbaycan gənclər təşkilatları arasında xüsusi yeri olduğunu bildirib. Orxan Ərəbov onu da qeyd edib ki, Gənclər Fondu sosial, mədəni və digər layihələrinin keçirilməsində ASAN könüllüləri ilə sıx əməkdaşlıq edirlər.

Daha sonra çıxış edən Dövlət Agentliyinin İnsan Resursları və Təlim şöbəsinin müdir müavini Cahangir Hacıyev 12 mindən çox gənci ətrafında birləşdirən “ASAN Könüllüləri”nin bu günə qədər 1000-dən çox uğurlu layihə keçirdiyini qeyd edib. C. Hacıyev həmçinin layihənin ərsəyə gəlməsində köməklik göstərən Gənclər Fondu və Vergilər Nazirliyinə öz minnətdarlığını bildirib.

Azərbaycan Respublikası Milli Məclisinin simulyasiyası əsasında təşkil olunan layihədə iştirakçılar müxtəlif mövzular ətrafında müzakirələr apararaq siyasi analiz bacarıqlarını göstərmək üçün imkan qazanacaqlar. Həmçinin gənclər layihənin gedişatı zamanı yalnız simulyasiya ilə kifayətlənməyəcək, bir neçə sosial aksiyalarda da iştirak edəcəklər. Qeyd edək ki, “Könüllülər Parlamenti Azərbaycan 2017” layihəsinə qəbul 3 mərhələdən ibarət olub. Hər 3 mərhələni uğurla tamamlayan gənclər Şamaxı şəhərində yerləşən Vergilər Nazirliyinin Tədris mərkəzində keçirilən, Milli Məclisin simulyasiyası formasında baş tutacaq 4 günlük sessiyalarda iştirak etmək hüququ qazanmışlar.

AzVision.az


Teqlər: ASAN-Könüllüləri  





Xəbər lenti