“Vəkillərin sayını 4-5 dəfə artırmaq lazımdır” – Deputatdan təklif

“Vəkillərin sayını 4-5 dəfə artırmaq lazımdır” – Deputatdan təklif
  28 Oktyabr 2017    Oxunub:5798
Ötən gün Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında nümayəndəlik institutunun fəaliyyətini məhdudlaşdıran “Vəkillər və vəkillik fəaliyyəti haqqında” qanuna, Mülki Prosessual və İnzibati Prosessual məcəllələrinə dəyişiklik layihəsi müzakirə olunub. Təklif olunan dəyişikliklərdən biri də nümayəndələrin fəaliyyətinin qadağan olunması ilə bağlı məsələdir.
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, millət vəkili Çingiz Qənizadə AzVision.az-a bildirib ki, cəmiyyətdə əsas müzakirə olunan məsələ nümayəndəlik institutunun tamamilə ləğv edilməsidir.

Deputatın sözlərinə görə, nümayəndələr arasında vətəndaşları aldadan, dələduzluq edən, əvvəllər məhkum olunmuş, hüquqi savadı olmayan, hüquqa aid təhsili olmayan insanlar da var:

“Biz bu cür insanlardan xilas olmaq üçün bütövlükdə nümayəndəlik institutunun ləğv edilməsi ilə bağlı müzakirələrdə fikir bildirdik. Xüsusilə 69.1-1-ci yeni bir maddə əlavə olunması nəzərdə tutulur. Fiziki şəxsin nümayəndəsi onun yaxın qohumu və ya vəkil ola bilər. Burada artıq fiziki şəxslərin yaxın qohumlarının onun nümayəndəsi kimi iştirak etməsinə icazə verilən bir bənd var. Amma hüquqi şəxsin məhkəməsində onun öz nümayəndəsi ola bilər. Bu idarə, müəssisələr, banklar və s. kimi orqanların öz nümayəndələri də ola bilər.

Müzakirə zamanı bir çox millət vəkilləri də haqlı olaraq bildirdilər ki, ali hüquq təhsili olan şəxslərin nümayəndə kimi işirak etməməsinin qarşısının alınması düzgün deyil. Bu, mənim mövqeyimdir və bir neçə millət vəkili də bu dəstəklədi”.

Ç.Qənizadə hesab edir ki, vətəndaşı seçim qarşısında qoyarkən, onun kimi seçməsinə üstünlük verəcəyini ona diktə edə və qanunlarla məhdudlaşdıra bilmərik.

“Keyfiyyətli hüquqi yardımdan söhbət gedirsə, fiziki şəxsin nümayəndəsi onun yaxın qohumu ola bilər dedikdə, bu şəxs bərbər, naxırçı, müəllim, işləməyən və digər şəxs ola bilər. Onda hansı keyfiyyətli hüquqi yardımdan söhbət gedəcək? Biz paralel olaraq vətəndaşların hüquqlarını məhdudlaşdıra bilmərik və onların seçim hüququnu öz üzərinə buraxmalıyıq”.

Milli Məclisin üzvü əlavə edib ki, ali hüquq təhsili olan şəxslərin nümayəndə kimi iştirak etməsinə icazə verilməlidir: “Həmçinin paralel olaraq vəkillik institutunun inkişaf etdirilməsinin tərəfdarıyam. Azərbaycanda vəkillərin sayı 4-5 dəfə artırılmalıdır. Çünki biz bu məsələdə çox geri qalırıq. Azərbaycanda hər 1000 nəfərə 8 vəkil düşürsə, qonşu Gürcüstanda 1000 nəfərə 32-36 vəkil düşür. Ona görə də biz vəkillik institutunu təkmilləşdirməliyik. Vəkilliyə qəbul qaydaları sadələşdirilməlidir. Vəkillərin sayı artırıldıqdan sonra, biz nümayəndəlik institutuna baxa bilərik. Bu dəyişikliklər qəbul olunsa, dekabrın 1-dən qüvvəyə minəcək. Ona görə də belə bir sual ortaya çıxır. Vəkillik institutu yaxın 1 ayda vəkillərin üzərinə düşəcək bu yükü çəkə biləcəkmi? Vəkillik institutunun nümayəndəsi dedi ki, bu, mümkün deyil. Həmin şəxs müzakirələrdə qeyd etdi ki, yaxın bir neçə ayda bunu həll edə bilmərik. Bəs, belə olan halda insanlar nümayəndə tapa bilməyəcəklər, vəkillər az pul verən insanlarla müqavilə bağlamayacaqlar”.

Ç.Qənizadə təklif edib ki, konstitusiyaya uyğun olaraq hüquqi çərçivəsində bir neçə hüquqşünas birləşərək hüquqi yardım firması yaratsın və onlar da nümayəndə kimi iştirak etsinlər: “Biz dələduz nümayəndələrdən uzaqlaşmaq üçün bunu nizamlayan qanunlar qəbul etməliyik. Hüquqşünaslar birləşmək hüququndan istifadə edərək hüquq firmaları yaratmalı, vergi ödəyicisi olmalıdırlar, onların nizamnaməsi, nizamnaməyə uyğun məsulyyətləri olmalı və Ədliyyə Nazirliyindən qeydiyyatdan keçərək işləməlidirlər. Digər tərəfdən vəkilliyə qəbulu sadələşdirməliyik. İmtahanların balı 60-dan minimuma endirilməlidir”.

Anar Kəlbiyev
AzVision.az


Teqlər: Çingiz-Qənizadə  





Xəbər lenti