KİV-ə uşaqlarla bağlı qadağa qoyulacaq - Qanun layihəsinin detalları

KİV-ə uşaqlarla bağlı qadağa qoyulacaq - Qanun layihəsinin detalları
  28 Oktyabr 2017    Oxunub:2259
"Kütləvi İnformasiya Vasitələrində informasiyaların uşaqların yaş kateqoriyasına görə yayımlanmasını nəzərdə tutan qanun layihəsi hazırlanıb".

Bu barədə AzVision.az-a Ailə, Qadın və Uşaq Məsələləri üzrə Dövlət Komisinin Hüquqi-Təminat şöbəsinin müdiri Taliyə İbrahimova deyib.
Komitə rəsmisi bildirib ki, "Uşaqların sağlamlığına və inkişafına ziyan vuran informasiyalardan qorunması haqqında” qanun layihəsi Ailə, Qadın və Uşaq Məsələləri üzrə Dövlət Komitəsi, Səhiyyə Nazirliyi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Ədliyyə Nazirliyi və digər qurumların təklif və rəyləri nəzərə alınmaqla hazırlanıb, Nazirlər Kabinetinə təqdim edilib.

"2016-ci il 29 avqust tarixində "İnsan hüquqları haqqında" Qanunun 15-ci maddəsinə dəyişiklik edildi. Həmin dəyişikliyə əsasən, qanunda qeyd edilirdi ki, uşaqların sağlamlığına və inkişafına ziyan vuran informasiyalardan qorunması müvafiq qanunla tənzimlənir. Daha sonra Prezident 2016-ci il 1 iyul tarixli 2074 nömrəli sərəncam imzaladı və həmin sərəncamda tapşırıq verildi ki, uşaqların sağlamlığına və inkişafına ziyan informasiyalardan qorunması üçün qanun layihəsi hazırlansın".

T.İbrahimova qeyd edib ki, qanun layihəsi uşaqların sağlamlığına və inkişafına ziyan vuran informasiyalardan qorunması mexanizmləri nəzərdə tutur. "Bu vaxta qədər mövcud qanunvericilikdə uşaqlar arasında informasiyanın dövriyyəsi ilə bağlı boşluqlar var idi. Bu sahəyə nəzarətlə bağlı xüsusi mexanizm yox idi. Artıq bu qanunla ölkə ərazisində dövriyyədə olan zərərli informasiyadan uşaqların qorunması mexanizmi nəzərdə tutulur. Qanunla Kütləvi İnformasiya Vasitələrində yayılan, kütləvi keçirilən tədbirlərdə uşaqların maraqları qorunmalıdır. Uşaqların müxtəlif yaş dövrlərinə, inkişafına uyğun olan informasiya olmalıdır".



T.İbrahimova qeyd edib ki, qanunun əsas əhəmiyyəti dövriyyədə olan informasiyanın uşaqların yaş kateqoriyalarına görə təsnifatlaşdırılmasıdır. "Həmin qanun layihəsində uşaqlar arasında yayılması qadağan olunan və məhdudlaşdırılan informasiyalar da nəzərdə tutulur. Uşaqlara qorxu gətirən materialların, qan görmək, onları stress, qorxu içinə salan məlumatların və görüntülərin təqdim olunması qadağan edilir. Yaş qruplarına gəldikdə informasiyanın 6 yaşadək, 6 yaşdan 12 yaşadək, 12 yaşdan 16 yaşadək,16 yaşdan 18 yaşadək yayılması nəzərdə tutur. Yəni yaş kateqoriyalarına görə informasiya təminatı aparılmalıdır. Bu isə informasiyanı yayan hüquqi və fiziki şəxslər tərəfindən tənzimlənməlidir. Onların üzərinə birbaşa vəzifə qoyulur ki, informasiya dövriyyəyə çıxarılırsa, mütləq onu uşaqların yaşına görə təsnifatlandırsın və həmin informasiyada yaş həddi qeyd olunsun".

Komitə rəsmisi bildirib ki, uşaqlar üçün qadağan olunan informasiya vaxta görə müəyyən olunmalıdır. "Teleknallarda bu tənzinləmə aparlır. 18 yaşdan yuxarı üçün nəzərsə tutulan informasiyalar gec saatlarda verilir. Riayət edilmədikdə artıq qanunveticilikdə buna görə məsuliyyət nəzərdə tutulur. Qanun təsdiq edildikdən sonra Prezidentin müvafiq fərmanı olacaq və qanunun icrasına nəzarət edən qurumların adları göstəriləcək. Cərimələr İnzibati Xətalar və Cinayət Məcəllələrində göstəriləcək".

Aytən Zəhra
AzVision.az




Teqlər: Komitə   KİV  





Xəbər lenti