İlham Əliyev: “Bakı-Tbilisi-Qars dəmir yolu qlobal layihədir” (VİDEO)

  30 Oktyabr 2017    Oxunub : 2629
İlham Əliyev: “Bakı-Tbilisi-Qars dəmir yolu qlobal layihədir” (VİDEO)

“Bakı-Tbilisi-Qars dəmir yolu tarixi, qlobal layihədir. Bu layihə ölkələri bir-birinə daha yaxın edəcək. Layihə bölgədə sabitliyin, təhlükəsizliyin təminatı işində öz rolunu oynayacaq”.

AzVision.az-ın məlumatına görə, bunu bu gün Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə verilməsinə həsr olunmuş təntənəli tədbirdə Azərbaycan prezidenti İlham Əliyev deyib.

Ölkə başçısının sözlərinə görə, layihə Azərbaycanın iqtisadi imkanlarını artıracaq və ölkə böyük vəsait əldə edəcək: “Biz heç bir yerdən yardım, kredit almadıq. Öz daxili imkanlarımız hesabına tikdik və bu gün istifadəyə veririk. Burada Türkiyə prezidenti, Gürcüstan, Qazaxıstan və Özbəkistanın baş nazirləri, Tacikistan və Qırğızıstandan nümayəndələr iştirak edir. Bunun özü layihənin əhəmiyyətini təsdiqləyir".

Dövlət başçısı qeyd edib ki, Bakı-Tbilisi-Qars dəmir yolu Avropanı Asiya ilə birləşdirən ən qısa və etibarlı yoldur. Belə ki, ilk mərhələdə 5 milyon, sonrakı mərhələdə 17 milyon ton yükün daşınması nəzərdə tutulur:

Bakı-Tbilisi-Qars dəmir yolu Avrasiyanın nəqliyyat xəritəsinin önəmli hissəsinə çevrilir. Bu yol sabitliyə, təhlükəsizliyə xidmət edəcək, qarşılıqlı sərmayə artacaq, turizm inkişaf edəcək. Bakı-Tbilisi-Qars dəmir yolunun uğurlu fəaliyyəti ölkələrimizin geosiyasi əhəmiyyətini artıracaq. Bundan əvvəl 2006-cı ildə Bakı-Tbilisi-Ceyhan neft kəmərinin açılışını etmişdik. Bu kəmər Xəzər dənizini Aralıq dənizi ilə birləşdirən infrastruktur layihəsidir. Xəzərin şərq hissəsindən də neft ixrac edilir. Bakı-Tbilisi-Ərzurum qaz kəməri də 3 ölkənin əməkdaşlığı nəticəsində inşa olunub və 10 ildir, uğurla fəaliyyət göstərir. Bu üç ölkə elektrik xətlərini də birləşdirib.

Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi Azərbaycan, Türkiyə və Gürcüstanın dostluğunun, qardaşlığının nəticəsidir. Bu ölkələr bölgə və dünya üçün əhəmiyyətli layihələr ərsəyə gətirir. Hazırda Cənub Qaz Dəhlizi uğurla icra olunur. TAP layihəsinin icrası 60 faizə yaxındır. Əvvəllər neft-qaz sahəsində layihələri icra etməsəydik, bu gün Bakı-Tbilisi-Qars dəmir yolu barədə ancaq danışa bilərdik”.



İlkin Nəcəfzadə
AzVision.az

Teqlər: İlham-Əliyev   Prezident