Giorgi Kvirikaşvili: “Bakı-Tbilisi-Qars layihəsi iqtisadi reallığı dəyişəcək”

  30 Oktyabr 2017    Oxunub : 1143
Giorgi Kvirikaşvili: “Bakı-Tbilisi-Qars layihəsi iqtisadi reallığı dəyişəcək”

“Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi mövcud iqtisadi reallığı dəyişəcək. Stabilliyə yönələn Bakı-Tbilisi-Qars layihəsi böyük diqqətə layiqdir”.

AzVision.az xəbər verir ki, bunu Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə verilməsinə həsr olunmuş təntənəli tədbirdə Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili deyib.

Onun sözlərinə görə, beynəlxalq daşınmaların təşviqi üçün Azərbaycan, Türkiyə və Gürcüstan yeni nəqliyyat layihələrinin həyata keçirilməsinə böyük önəm verir. Bakı-Tbilisi-Qars dəmir yolunun tam işə düşməsi ilə regionun nəqliyyat və ticarət statusu möhkəmlənəcək.

Baş nazir qeyd edib ki, ilkin olaraq Bakı-Tbilisi-Qars dəmir yolu xətti ilə 1 milyon sərnişin və 4 milyon ton yük daşınması nəzərdə tutulub: “Bu rəqəm gələcəkdə bir neçə dəfə artırılacaq. Növbəti illərdə isə sərnişinlərin sayı 6 milyon nəfər, yüklərin həcmi isə 20 milyon ton olacaq. Bakı-Tbilisi-Qars dəmir yolunun uğuru Çinlə artan iqtisadi əlaqələrdir. Bu gün konteyner qatarı Çindən yola çıxdıqdan sonra 8 günə mənzil başına çatacaq. Bakı-Tbilisi-Qars dəmir yolu həm də 1 milyon sərnişinə xidmət göstərəcək. Layihə turizmə təkan verəcək, yeni iş yerləri yaradılacaq.

Bu il noyabrın 28-29-da Tbilisidə İpək Yolu sammiti keçiriləcək. Şirkətlərin də iştirak edəcəyi bu sammitdə Bakı-Tbilisi-Qars dəmir yolunun əhəmiyyətini bir daha diqqətə çatdıracağıq. Biz bir-birimizin yanında olmaqla, həm ölkələrimiz, həm də regionumuz üçün böyük uğurlar qazanacağıq”.

İlkin Nəcəfzadə
AzVision.az

Teqlər: Gürcüstan