BTQ-yə həsr olunan poçt markası buraxılıb

  30 Oktyabr 2017    Oxunub : 482
BTQ-yə həsr olunan poçt markası buraxılıb

Bakı-Tbilisi-Qars dəmiryolu layihəsinə həsr olunan Azərbaycan və Türkiyə birgə poçt markası buraxılıb.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən AzVision.az-a verilən məlumata görə, “Azərpoçt” MMC-də Bakı-Tbilisi-Qars dəmiryolu xəttinin açılışı münasibətilə Azərbaycan və Türkiyənin birgə istehsal etdiyi poçt markasının imzalanma mərasimi keçirilib. Tədbirdə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və Türkiyənin Poçt və Teleqraf Təşkilatının nümayəndələri iştirak edib.

Qonaqları salamlayan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nümayəndəsi Tahir Məmmədov qeyd edib ki, Bakı-Tbilisi-Qars dəmiryol xətti poçtdaşımalarında da böyük əhəmiyyət daşıyacaq. Nazirliyin əməkdaşı Bakı-Tbilisi-Qars dəmir yolu xəttinə ilk qatarın yola düşməsi ilə yadda qalan tarixi hadisəyə həsr etdikləri poçt markasının buraxılması təşəbbüsünə görə Türkiyənin Poçt və Teleqraf Təşkilatına və markanın hazırlanmasında əməyi olan hər kəsə təşəkkürünü bildirib.

Türkiyənin Poçt və Teleqraf Təşkilatının Poçt direktor müavini Gürbüz Akbulut Bakı-Tbilisi-Qars layihəsinin iqtisadi üstünlüklərindən danışıb. Bununla yanaşı, dəmiryol xəttinin yük, sərnişin, poçt axını ilə yanaşı, təhlükəsizlik, sabitlik və sosial rifahı yaxşılaşdıracağını və ölkələrimizin qlobal müstəvidə inkişafına öz töhfəsini verəcəyini söyləyib.

Sonra Bakı-Tbilisi-Qars dəmiryolu xəttinin açılışına həsr olunmuş marka imzalanıb və auditoriyaya təqdim olunub. Bununla da birgə istehsal olunan marka poçt dövriyyəsinə buraxılıb.

10.000 tirajla istehsal olunan Azərbaycan-Türkiyə birgə markası Türkiyənin Poçt və Teleqraf Təşkilatı tərəfindən çap edilib.

AzVision.az

Teqlər: Azərpoçt