"BTQ regionun tərəqqisinə təkan verəcək" - Abdulla Aripov

"BTQ regionun tərəqqisinə təkan verəcək" - Abdulla Aripov
  31 Oktyabr 2017    Oxunub:1306
Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin açılması tarixi böyük İpək Yolunun bərpası istiqamətində görülən işlərə çox qiymətli töhfədir. Bu yol vaxtilə bizim ölkələrimizin ərazisindən keçib və xalqlarımız arasında ticari, mədəni və mənəvi mübadiləyə təkan verib.
Bu fikirləri Özbəkistanın Baş naziri Abdulla Aripov Bakı-Tbilisi-Qars dəmir yolunun açılışı mərasimimdə deyib.

Baş nazir bildirib ki, bu gün genişmiqyaslı Şərq-Qərb nəqliyyat dəhlizinin mühüm bəndinə çevriləcək Bakı-Tbilisi-Qars dəmir yolunun həm Mərkəzi Asiya ölkələri, həm də bütövlükdə qitənin müvafiq hissəsi üçün əhəmiyyətini xüsusi qeyd etmək lazımdır. Şübhə yoxdur ki, regionda işə salınan iri dəmir yolu magistralı Çin ilə Avropa arasında ən qısa dəmir yolu dəhlizi yaratmağa imkan verəcək. Öz növbəsində Özbəkistan tərəfi bu dəhlizdən fəal istifadə etməkdə və oradan öz xarici ticarət yüklərinin daşınma həcmlərinin artırılmasında maraqlıdır.

Abdulla Aripov əminliklə bildirib ki, Bakı-Tbilisi-Qars dəmir yolunun işə salınması ticarət-iqtisadi münasibətlərimizin daha da möhkəmlənməsinə, ölkələrimizin tranzit və iqtisadi potensialının əhəmiyyətli dərəcədə artırılmasına imkan yaradacaq, bütövlükdə bütün regionun tərəqqisinə təkan verəcək.

AzVision.az


Teqlər: BTQ  





Xəbər lenti