Həmsədrlərə müraciət: "Bu cür vəziyyətin səbəbləri çoxdur"

Həmsədrlərə müraciət: "Bu cür vəziyyətin səbəbləri çoxdur"
  31 Oktyabr 2017    Oxunub:1575
Ermənistan-Azərbaycan Vətəndaş Sülh Platformasının I Qurultayının iştirakçıları ATƏT-in Minsk qrupunun həmsədrlərinə müraciət ediblər.
AzVision.az-ın məlumatına görə, müraciətdə qeyd olunur:

"Məlumat üçün bildiririk ki, 30 oktyabr 2017-ci ildə Gürcüstanın paytaxtı Tbilisi şəhərində hər iki xalqın sülhsevər nümayəndələri və ATƏT-in Minsk qrupuna daxil olan digər ölkələrin ictimai-siyasi xadimləri bir araya gələrək qurultay keçirdi. Qurultayda Ermənistan-Azərbaycan Vətəndaş Sülh Platforması təsis edilib və 19 nəfərdən ibarət idarə heyəti, 29 nəfərdən ibarət Ekspertlər Şurası və digər seçkili orqanları formalaşıb. Ona görə də biz bu yeni yaranan “Ermənistan-Azərbaycan Vətəndaş Sülh Platforması” adından Sizə müraciət edirik.

Siz, Dağlıq Qarabağ münaqişəsinin həlli, cəbhə xəttində hərbi əməliyyatların dayandırılması və tərəflər arasında danışıqlar prosesinin davamı üçün ciddi cəhdlər etmisiniz və istiqamətdə işlərinizi davam etdirirsiniz. Məlum olduğu kimi, 1992-ci ildə Dağlıq Qarabağ münaqişəsinin həlli üçün yaradılan ATƏT-in Minsk qrupu vasitəçilik missiyasını həyata keçirən yeganə beynəlxalq təşkilatdır. Bu baxımdan Sizin üzərinizə düşən böyük məsuliyyətin və mürəkkəb vəzifənin ağırlığını hamımız yaxşı anlayırıq".

Müraciətdə təəssüflə bildirilir ki, keçən 25 il ərzində görülən tədbirlərə və aparılan danışıqlara baxmayaraq, Ermənistan və Azərbaycan arasında sülhün bərqərar olmasına hələ ki nail olmaq mümkün olmayıb. Bu cür vəziyyətin səbəbləri çoxdur və onlardan biri də Ermənistan və Azərbaycan QHT-lərinin və vətəndaş cəmiyyətinin müxtəlif təbəqələrinin nə bir-biri ilə, nə də dövlət qurumları ilə əməkdaşlığının lazımi səviyyədə olmasıdır:

"Son vaxtlar bizi narahat edən xeyli insan itkilərinə səbəb olan atəşkəs rejiminin sistemli pozulmasıdır. Bununla bərabər, biz bu pozuntuların genişmiqyaslı hərbi əməliyyatlara keçmə ehtimalından çox narahatıq.

Yuxarıda qeyd olunanlardan çıxış edərək, biz "Ermənistan-Azərbaycan Vətəndaş Sülh Platforması" olaraq münaqişənin həllinə töhfə verə biləcək ATƏT-in Minsk qrupunun həmsədrləri ilə əməkdaşlıq əlaqələrinin qurulması və bu çətin sülh quruculuğu prosesində sizlərə yardımçı olmaq məsuliyyətini və ehtiyacını hiss edirik. Bu məqsədlə "Ermənistan-Azərbaycan Vətəndaş Sülh Platforması" olaraq, ATƏT-in Minsk qrupunun tərkibində Platformanın məşvərətçi mandatına malik olması məsələsinə baxılmasını xahiş edirik.

Biz əminik ki, ATƏT-in Minks qrupunun həmsədrlərinin Vətəndaş Cəmiyyəti institutları və Sülh Platforması ilə yaxından əməkdaşlığı 25 il davam edən münaqişəyə son qoymağa, erməni və Azərbayvan xalqı arasında inam və etimadın bərpa olunmasına və insan itkilərinin qarşısını alınmasına mühim töhvə vermiş olacaq".

AzVision.az


Teqlər: ATƏT   Həmsədrlər   Sülh-Platforması  





Xəbər lenti