Qalmaqallı layihə deputatları üz-üzə qoydu

Qalmaqallı layihə deputatları üz-üzə qoydu
  31 Oktyabr 2017    Oxunub:2972
Milli Məclisin (MM) bu gün keçirilən plenar iclasında “Vəkillər və vəkillik fəaliyyəti haqqında” qanuna, Mülki Prosessual və İnzibati Prosessual məcəllələrinə dəyişiklik layihəsi müzakirəyə çıxarılıb.
Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, bəzi ölkələrdə vətəndaşların nümayəndəsi yalnız vəkili ola bilər.

Komitə sədrinin sözlərinə görə, Azərbaycanda vəkillərin sayının az olması bu keçidin yaxın zamanda həyata keçirilməsinə mane ola bilər: “Buna baxmayaraq keyfiyyətli hüquqi yardım peşəkarlar tərəfindən həyata keçirilməlidir. Amma bu dəyişiklik hazırda nümayəndə qismində məhkəmədə iştirak edənlərə şamil edilməyəcək. Bu qanun qüvvəyə mindikdən sonra olacaq məhkəmə işlərinə şamil ediləcək”.

Deputat Fazil Mustafa bunun müsbət nəticələrinin olacağını düşünmür və qanunun lehinə səs verməyəcəyini deyib.

“Regionlarda olan 5 milyon əhali üçün cəmi 236 vəkil nəzərdə tutulur. Dəyişiklik o zaman ola bilər ki, adi nümayəndənin fəaliyyəti məhdudlaşdırılsın. Hüquq təhsilli şəxslərin nümayəndə kimi çıxması məhdudlaşdırılmalı deyil. Həmçinin Vəkillər Kollegiyasının qapısı açıq olmalı, üzvlərin sayı artırılmalıdır. Bu, vətəndaşlar üçün çox çətin ola bilər. Hakimlər rahat qərar çıxarsın deyə belə olmalı deyil axı. Bu məsələ geniş müzakirə olunmalıdır”.

Deputat qanun layihəsinin təxirə salınmasını təklif edib.

Milli Məclisin üzvü Elşən Musayev deyib ki, bu dəyişikliyin hüquq təhsili olan şəxslərə aid olunmasının əleyhinədir. O qeyd edib ki, Azərbaycanda vəkillərin sayı azdır: “Vəkillər Kollegiyasının üzvlərinin sayı artırılmalıdır”.

Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, deputat Siyavuş Novruzov bildirib ki, bu, çox aktual məsələdir.

“Hər hansı bir çatışmazlıq olarsa, növbəti mərhələdə baxıla bilər. Amma layihəni “qəbul olunmamalıdır” deyib saxlamaq olmaz. Biz çalışmalıyıq ki, qanun layihəsi qəbul olunduqdan sonra vəkillik institutu ilə ciddi şəkildə məşğul olaq. Hüquqi firmalar açılmalıdır”.

Deputat qeyd edib ki, hüquq-mühafizə orqanlarından rüşvət üstündə, fəaliyyətinə görə qovulan işsiz qalan kimi vəkillik fəaliyyəti ilə məşğul olur: “Ali məktəbin yeni bitirmiş tələbələrə üstünlük verilməlidir, nəinki həmin şəxslərə. Çünki onlar hakimlərlə danışıqlara gedirlər və öz maraqları naminə çalışırlar”.

Milli Məclis sədrinin müavini Valeh Ələsgərov hesab edir ki, nümayəndəlik institutu varsa, vəkillik institutu inkişaf etməyəcək. Çünki nümayəndə olan yerdə vəkilə ehtiyac olmur. O, deputatları qanun layihəsinə səsverməyə çağırıb: “Hamımız qanun layihəsinin lehinə səs verməliyik. Başqa maraqlardan çıxış edənlər əleyhinə də səs verə bilər. Düşünürəm ki, məsələni siyasiləşdirmək düzgün deyil”.

Anar Kəlbiyev
AzVision.az


Teqlər: Milli-Məclis  





Xəbər lenti