Bolqarıstanın vitse-prezidenti Aslan Aslanovla görüşüb

  31 Oktyabr 2017    Oxunub : 356
Bolqarıstanın vitse-prezidenti Aslan Aslanovla görüşüb

Bolqarıstanın vitse-prezidenti İliana Yotova Sofiyada Dünya Xəbər Agentlikləri Konqresi Şurasının üzvləri ilə görüşüb.

Görüşdə 2019-cu ildə Sofiyada keçiriləcək Dünya Xəbər Agentliklərinin VI Konqresinə hazırlıq, müasir medianın cəmiyyətdə rolu, yalan xəbərlərlə mübarizə kimi məsələlər diqqət mərkəzində olub. “Mən çox istərdim ki, media qabaqcıl, qərəzsiz və obyektiv olsun. İndiki dövrdə həqiqəti əks etdirən xəbərlərə böyük ehtiyac var. Yalan xəbərlər bütün cəmiyyətə, iqtisadiyyata, sosial həyata mənfi təsir göstərə bilər”, - deyə İliana Yotova qeyd edib.



O bildirib ki, Dünya Xəbər Agentlikləri Konqresi media sahəsində əlamətdar hadisələrdən biridir və Bolqarıstan hökumətinin diqqətindədir. BTA agentliyinin baş direktoru, Dünya Xəbər Agentlikləri Konqresinin baş katibi Maksim Minçev 2019-cu ildə Sofiyada keçiriləcək VI Konqres haqqında məlumat verib, bu böyük media tədbirində dünyanın hər yerindən informasiya agentliklərinin iştirak edəcəyini deyib. AZƏRTAC-ın baş direktoru, Dünya Xəbər Agentlikləri Konqresinin prezidenti Aslan Aslanov bildirib ki, V Konqres ötən ilin noyabrında Heydər Əliyev Fondu və AZƏRTAC tərəfindən Bakıda təşkil edilib.



O, AZƏRTAC-ın VI Konqresin Sofiyada uğurla keçirilməsi üçün BTA agentliyinə lazımi dəstək göstərəcəyini vurğulayıb. Eyni zamanda, baş direktor qeyd edib ki, Azərbaycan və Bolqarıstan arasında əməkdaşlıq getdikcə genişlənir. Bolqarıstan Prezidenti Rumen Radevin Bakıya rəsmi səfəri zamanı Azərbaycan Prezidenti İlham Əliyev ilə görüşü, dövlət başçılarının səsləndirdiyi bəyanatlar ikitərəfli əlaqələrin daha da möhkəmləndiyini göstərir. Görüşdə, həmçinin jurnalistlərin təhlükəsizliyi, müəllif hüquqları, sosial media ilə bağlı fikir mübadiləsi aparılıb.



Xatırladaq ki, oktyabrın 30-da Sofiyada Dünya Xəbər Agentlikləri Konqresinin növbəti Şura iclası keçirilib. İclasda VI Konqresə hazırlıq məsələləri müzakirə olunub, təşkilati işlərə baxılıb. AZƏRTAC hazırda Dünya Xəbər Agentlikləri Konqresinə sədrlik edir. 2019-cu ildə sədrlik AZƏRTAC-dan Bolqarıstanın BTA agentliyinə keçəcək.

AzVision.az

Teqlər: AZƏRTAC