Ərdoğan: “Azərbaycan qazının Avropaya nəql olunması bəzilərini narahat edir”

Ərdoğan: “Azərbaycan qazının Avropaya nəql olunması bəzilərini narahat edir”
  31 Oktyabr 2017    Oxunub:2019
"Hazırda biz fərqli bir ölkədə deyil, öz evimizdəyik. Bu gün Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının 6-cı toplantısı keçirilib, dünən isə Bakı-Tbilisi-Qars dəmir yolunun açılışı olub. Bütün bunlar Türkiyə və Azərbaycan arasında əlaqələrin nə qədər güclü olduğunu göstərir".
AzVision.az-ın məlumatına görə, bu fikirləri Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının toplantısından sonra keçirilən mətbuat konfransında Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Ərdoğan deyib ki, TANAP-ın ərsəyə gəlməsi üçün intensiv iş gedir: "İnşallah, qısa zamandan sonra Azərbaycan qazı Avropaya nəql olunmağa başlayacaq. Bu, bəzilərini narahat edir. Bakı-Tbilisi-Qars dəmir yolu tikilərkən də bunun real olmadığını deyənlər vardı. Dünən bu dəmir yolunun açılışını etdik. İnşallah, bu dəmir yolu ilə yüz minlərlə insan səfər edəcək, böyük həcmdə yük daşınacaq və iqtisadi səmərəliliyini ortaya qoyacaq".

Ərdoğan qeyd edib ki, Türkiyə və Azərbaycan arasında ticarət dövriyyəsinin həcmi 1,6 milyard dollara çatıb: "Neft qiymətlərinin aşağı düşməsiylə çətinlik yaşadıq. Artıq bu sahədə də vəziyyət stabilləşib. İnanıram ki, qısa zaman ərzində 5 milyard dollarlıq ticarət dövriyyəsinə çatacağıq".

Türkiyə və Azərbaycanın bütün sahələrdə bir-birinə lazımı dəstəyi verəcəyini vurğulayan Ərdoğan bildirib ki turizm və mədəniyyət, təhsil sahəsində atdığımız, atacağımız addımlar da mühümdür: "Ötən gün Nazirlər Kabinetinin iclasında qərara aldıq ki, Naxçıvanda illik 120 milyon dollarlıq mal idxal edək. Bununla Naxçıvanın inkişafına töhfə verəcəyik. Yəni, Naxçıvan sən yalnız deyilsən qardaş demənin addımını atmışıq".

Türkiyə prezidenti iki ölkə arasında siyasi, iqtisadi, hərbi, mədəni və digər sahələrdə həmrəyliyin güclənərək davam etdiyini deyib.

Elvin Abdulqədirov
AzVision.az



Teqlər: Türkiyə   Azərbaycan   İlham-Əliyev  





Xəbər lenti