Sülh Platforması: "30 illik münaqişəni dayandırmaq lazımdır" (FOTOLAR)

Sülh Platforması: "30 illik münaqişəni dayandırmaq lazımdır" (FOTOLAR)
  01 Noyabr 2017    Oxunub:4551
Oktyabrn 31-də Tbilisidə Ermənistan-Azərbaycan Vətəndaş Sülh Platformasının təşkilatçılığı ilə "Dağlıq Qarabağ probleminin sülh yolu ilə həlli və vətəndaş cəmiyyətinin yeni missiyası" mövzusunda beynəlxalq konfrans keçirilib.
Platformadan AzVision.az-a verilən məlumata görə, 14 ölkənin, o cümlədən ABŞ, Fransa, Çexiya, Belarus, Türkiyə, Rusiya, Gürcüstan, Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti institutlarının 100-dən çox təmsilçisi, beynəlxalq təşkilatların, müxtəlif konfessiyaların, siyasətçilərin, diplomatların, elm və din xadimlərinin təmsilçilərinin qatıldığı tədbirdə "Ermənistan-Azərbaycan Vətəndaş Sülh Platforması" çərçivəsində görüləcək işlərdən, vətəndaş cəmiyyəti insititutlarının birbaşa iştirakı ilə danışıqların effektivliyinin artırılmasında və münaqişənin həllində vətəndaş cəmiyyətinin rolu müzakirə olunub.



Qafqaz Beynəlxalq Geostrateji və geotarixi araşdırmalar mərkəzinin sədri (Gürcüstan) Quram Marxuliya vətəndaş cəmiyyəti institutlarının başladığı bu təşəbbüsün hər iki dövlət rəsmiləri tərəfindən dəstəklənəcəyinə ümid etdiyini bildirib.



BDU-nun professoru, tarix elmləri doktoru Kamil Səlimov bildirib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin başlanmasından 30 il keçməsinə baxmayaraq, problemin həlli istiqamətində real addımlar atılmayıb. O, problemin həlli, danışıqların effektinin artırlması istiqamətində təklif irəli sürərək deyib ki, danışıqlar prosesinə ATƏT-in Minsk Qrupunun ictimai müşahidəçisi qismində "Ermənistan-Azərbaycan Vətəndaş Sülh Platforması" da qoşulsun: "Bu münaqişə tarixində ilk dəfədir ki, qarşıdurma tərəflərinin vətəndaş cəmiyyəti nümayəndələri təşkilatlanmış formada konkret təkliflə meydana çıxır. Bu üç ölkə, Minsk Qrupunun daimi həmsədrləri ABŞ, Fransa və Rusiya münaqişənin həllində məsuldurlar. Amma təəssüf ki, MQ həmsədrlərinin özlərinin münasibətlərinin nizamlanmasına ehtiyac var. Vətəndaş cəmiyyətinin iştirakı olmadan heç bir sülh prosesi daimi və uzund müddətli ola bilməz".



Erməni nümayəndəsi, ictimai fəal, tarixçi-araşdırmaçı Artur Ağacanov münaqişənin həllində platformanın ümidverici və effektiv mexanizmə çevrilməsi üçün böyük potensialın olduğunu bildirib.



BAMF sədri Umud Mirzəyev Dağlıq Qarabağ problemindən əziyyət çəkənlərdən biridir. Buna baxmayaraq, sülh tərəfdarıdır və beynəlxalq ictimaiyyəti bu məsələnin həllində yardımçı olmağa çağırıb.



"Dünən Ermənistan Azərbaycan Vətəndaş Sülh Platforması Azərbaycan və Ermənistan prezidentlərinə, ATƏT Minsk Qrupu həmdsərlərinə, roma Papası Fransiskə, bütün ermənilərin katolikosu Qaregin və Qafqazın şeyxi Allahşükür Paşazadəyə müraciət edib. Mən inanıram ki, onlar Platformanın bu nəcib təşəbbüsünü dəstəkləyəcək və münaqişənin həllində köməklərini əsirgəməyəcəklər. 30 illik münaqişəni dayandırmaq və dayanıqlı sülhə nail olmaq lazımdır".



"Sülh quruculuğu prosesində vətəndaş cəmiyyəti institutlarının və medianın rolu" ikinci panelin moderatoru Qafqazın Qovuşması təşkilatının sədri (Belçika) Mişel İvor tədbirin əhəmiyyətindən, bu günə kimi təmsil etdiyi təşkilatın fəaliyyətindən danışıb. O, Ermənistan Azərbaycan Vətəndaş Sülh Platformasının gələcək fəaliyyətində səylərin birləşdirilməsini qeyd edib.

A.Ağacanov, Beynəlxalq İnsan Haqları cəmiyyətinin baş katibi (Özbəkistan) Marat Zaxidov, Berlin Xəzər Araşdırmaları İnstitutunun rəhbəri (Almaniya) Matias Dornfeltt çıxış ediblər. Tədbirə qoşulan Bosniya və Herseqovina Parlamentinin üzvü Naidin Ahmedspahiç proseslə bağlı Avropa yanaşması haqqında danışaraq, geniş şərh verib.



Konfliktoloq Anastasiya Lavrinanın moderatoru olduğu "Dağlıq Qarabağ münaqişəsi Erməni və Azərbaycanlı qadınların gözü ilə" paneli böyük maraq kəsb edən müzakirələrlə yadda qalıb. "Dilarə Əliyeva adına Azərbaycan Qadın Hüquqlarının Müdafiəsi Cəmiyyətinin sədri Novella Cəfəroğlunun çıxışı böyük razılıqla qarşılanıb. O, əsgər analarının da bu prosesə qoşulmasını, münaqişənin həllində qadınların böyük töhvə verəcəyini bildirib. Ermənistan-Azərbaycan Vətəndaş Sülh Platformasının İdarə heyətinin üzvü Oksana Altunyan, Paris Universiteti Diplomatik və Strateji Araşdırmalar Mərkəzinin nümayəndəsi, Ermənistan-Azərbaycan Vətəndaş Sülh Platformasının İdarə heyətinin üzvü xanım Selin Şənocaq (Türkiyə), tarixçi Tatyana Krupa (Ukrayna) və mədəniyyətşünas Odelya Marcenko mövzu barədə fikirlərini bildiriblər.



Konfransın üçüncü və sonuncu paneli "Beynəlxalq təşkilatların və dini liderlərin sülh prosesinə verəcəyi töhfə" mövzusu ətrafında - Belarus Dövlət Universitetinin professoru, siyasi elmlər doktoru, Ermənistan-Azərbaycan Vətəndaş Sülh Platformasının İdarə heyətinin üzvü Sergey Simonovski (Belarus), politoloq, Cənubi Rusiya informasiya agentliyinin rəhbəri, Ermənistan-Azərbaycan Vətəndaş Sülh Platformasının İdarə heyətinin üzvü (Rusiya) Yevgeniy Mixaylov, Kaliforniyanın Bet El xristian mərkəzinin yepiskopu, Ermənistan-Azərbaycan Vətəndaş Sülh Platformasının İdarə heyətinin üzvü (ABŞ) Juan Carlos Mendez, Sarbon Universitetinin tarix üzrə elmlər doktoru, Ermənistan-Azərbaycan Vətəndaş Sülh Platformasının İdarə heyətinin üzvü Piere de Tregomain (Fransa) və YUNESKO-nun və YUNİTVİN-in assosiativ professoru, Ermənistan-Azərbaycan Vətəndaş Sülh Platformasının İdarə heyətinin üzvü (Azərbaycan) Rizvan Hüseynov mövzu ilə bağlı çıxış ediblər.

AzVision.az


Teqlər: Sülh-Platforması   Tbilisi   Qarabağ  





Xəbər lenti