"Bizim əməkdaşlığımız dostluq əsasında qurulub" – İlham Əliyev

  01 Noyabr 2017    Oxunub : 558
"Bizim əməkdaşlığımız dostluq əsasında qurulub" – İlham Əliyev

"Üçtərəfli əməkdaşlıq formatının regional təhlükəsizlik üçün böyük əhəmiyyəti var. Bizim uğurlu əməkdaşlığımız regionda sabitliyin və təhlükəsizliyin təmin edilməsində mühüm rol oynayır".

AzVision.az xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Tehranda Azərbaycan, İran və Rusiya dövlət başçılarının üçtərəfli Zirvə görüşündə deyib.

Ölkə başçısı qeyd edib ki, Azərbaycan dünyada Rusiya və İranla quru sərhədinin olduğu və bu coğrafi yerləşmənin bizə bütün sahələrdə uğurlu əməkdaşlıq etməyə imkan verdiyi yeganə ölkədir. Keçən il əldə edilmiş razılaşmaların artıq həyatda öz əksini tapdığını deyən Prezident İlham Əliyev ölkələrimiz arasında iqtisadi əlaqələrin inkişaf etdiyini, bu il Azərbaycan ilə Rusiya arasında ticarət dövriyyəsinin 60 faizdən çox, İranla isə 30 faizdən çox artdığını diqqətə çatdırıb.

Azərbaycanın öz dəmir yolu infrastrukturunu təkmilləşdirdiyini və İran sərhədinə qədər dəmir yolu inşa etdiyini deyən dövlət başçısı hazırda "Şimal-Cənub" nəqliyyat dəhlizinin Azərbaycan hissəsinin istismara tam hazır olduğunu vurğulayıb, Astara-Rəşt dəmir yolunun çəkilməsinin maliyyələşdirilməsi ilə bağlı razılaşma əldə edildiyini, ölkələrimizin dünya enerji təhlükəsizliyinə töhfə verdiyini bildirib. "Bizim əməkdaşlığımız təbiidir, səmimidir, dostluq və qarşılıqlı hörmət əsasında qurulub", - deyən dövlət başçısı bu əlaqələrin həm xalqlarımız, həm də region üçün böyük əhəmiyyət daşıdığını diqqətə çatdırıb.

AzVision.az

Teqlər: İlham-Əliyev