“Xəzər-2017” beynəlxalq təlimi başa çatıb

“Xəzər-2017” beynəlxalq təlimi başa çatıb
  04 Noyabr 2017    Oxunub:4530
Fövqəladə Hallar Nazirliyinin təşkilatçılığı və Xəzəryanı dövlətlərin müvafiq qurumlarının iştirakı ilə keçirilən və 2 gün davam etmiş “Xəzər-2017” beynəlxalq təliminə yekun vurulub.
AzVision.az nazirliyin saytına istinadən xəbər verir ki, Xəzər dənizinin Bakı şəhəri, Qaradağ rayonu istiqamətindəki cənub-qərb hissəsində keçirilmiş təlimə FHN-in Mərkəzi Aparatı və qurumları ilə yanaşı, Xüsusi Dövlət Mühafizə, Dövlət Təhlükəsizlik və Dövlət Sərhəd xidmətlərinin, Müdafiə, Daxili İşlər və Səhiyyə nazirliklərinin, Dövlət Dəniz Administrasiyasının, Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinin, Azərbaycan Dövlət Neft Şirkətinin və “BP” kompaniyasının “Briks Marin” subpodtar şirkətinin, Qaradağ rayon hərbiləşdirilməmiş mülki müdafiə qüvvələrinin şəxsi heyətləri, Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodu və "Bakı Gəmiqayırma Zavodu"nun əməkdaşları, həmçinin xüsusi texnika və avadanlıq cəlb edilib.

Təlimi Azərbaycan Respublikasının fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov, Dövlət Təhlükəsizlik Xidmətinin rəisi general-leytenant Mədət Quliyev, Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev, Dövlət Dəniz Administrasiyasının rəisi Qüdrət Qurbanov, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin sədri Rauf Vəliyev, Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinin direktoru Qəzənfər Əhmədov, Rusiya Federasiyasının mülki müdafiə, fövqəladə hallar və təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması üzrə nazirinin müavini Vladlen Aksenov, İranın daxili işlər nazirinin müavini, Böhranlı Vəziyyətlərin İdarə Edilməsi Təşkilatının sədri İsmayıl Nəcər, Qazaxıstan Daxili İşlər Nazirliyi nəzdində Fövqəladə Hallar üzrə Komitənin sədr müavini Marat Kuldikov, Türkmənistan Müdafiə Nazirliyinin Xilasetmə İşinin Təşkili Baş İdarəsinin rəisi Pənah İlyasov, xarici dövlətlərin ölkəmizdəki səfirliklərinin təmsilçiləri, Azərbaycan Respublikasının Müdafiə, Səhiyyə və Daxili İşlər nazirliklərinin, Azərbaycan Dövlət Neft Şirkətinin məsul şəxsləri izləyiblər.

“Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin və Xəzəryanı dövlətlərin xilasetmə xidmətlərinin fövqəladə hadisələr zamanı birgə fəaliyyəti” mövzusunda reallaşdırılan təlimdən əvvəl tədbirə cəlb edilmiş müvafiq xilasetmə texnika və avadanlıqlarına baxış keçirilib.

Sonra təlimlə bağlı yaradılan birləşmiş əməliyyat qərargahında müşavirə keçirilib.

Müşavirədə çıxış edən fövqəladə hallar naziri Kəmaləddin Heydərov bildirib ki, Bakıda ilk dəfə olaraq Azərbaycanın ev sahibliyi, Fövqəladə Hallar Nazirliyinin təşkilatçılığı və Rusiya, İran, Qazaxıstan, Türkmənistanın iştirakı ilə “Xəzər-2017” beynəlxalq təlimi keçirilir. Ən müasir texnika və avadanlıqların nümayiş olunması onu deməyə əsas verir ki, Azərbaycan dövləti hər zaman öz vətəndaşının təhlükəsizliyinin qorunmasına xüsusi əhəmiyyət verir. Baş verə biləcək fövqəladə halların vaxtında qarşısının alınması və baş vermiş hadisələrin nəticələrinin aradan qaldırılması isitiqamətində operativ tədbirlərin görülməsi məqsədilə bügün ölkəmiz dünyanın bir sıra dövlətləri ilə yaxından əməkdaşlıq edir. Xüsusilə vurğulanmışdır ki, Prezident İlham Əliyevin yeritdiyi uğurlu siyasət nəticəsində bugün Azərbaycan Xəzəryanı bütün dövlətlərlə sıx əməkdaşlıq və qarşılıqlı dostluq münasibətlərini uğurla inkişaf etdirir. Belə bir təlimin keçirilməsi də Azərbaycan dövlətinin Xəzər dənizində hər zaman sülh və əminamanlığa xüsusi əhəmiyyət verməsindən xəbər verir.

“Xəzər-2017” beynəlxalq təlimini mühüm hadisə adlandıran nazir qeyd edib ki, bu gün beş ölkə arasında mövcud əməkdaşlığın yeni formatı yaranır. Sıx dostluq münasibətləri əsasında yaşayan Xəzəryanı dövlətlər arasındakı əlaqələr son illərdə daha da inkişaf etmiş və strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmişdir. Son vaxtlar regionda təbii və texnogen risklərin artdığını vurğulayan fövqəladə hallar naziri bildirmişdir: “Xəzər dənizini dostluq, sülh, təhlükəsizlik və əməkdaşlıq dənizi hesab edirik. Azərbaycan Xəzəryanı dövlətlərlə qarşılıqlı hörmətə və etimada əsaslanan ikitərəfli münasibətlərin inkişafına xüsusi diqqət yetirir. Xəzəryanı ölkələr arasında sıx dostluq münasibətləri və çoxvektorlu əməkdaşlıq bizim regionda sabitliyin, firavanlığın və təhlükəsizliyin rəhnidir. Odur ki, Xəzər dənizinin ekosisteminin qorunması bütün Xəzəryanı ölkələrin ümumi işidir. Bu baxımdan bugünkü təlim fəlakət risklərinin effektiv idarə olunması, mövcüd istiqamətlərdə fəaliyyətimizin gücləndirlilməsi və risklərə gətirib çıxaran halların birgə aradan qaldırılmasına mühüm zəmin hazırlayacaqdır”.

Fövqəladə Hallar Naziri təlimdə iştirak edən Xəzəryanı dövlətlərin müvafiq qurumlarının rəhbərlərinə və tədbirdə iştirak edən digər şəxslərə təşəkkürünü bildirib.

Nazirin çıxışından sonra təlimin rəhbəri, fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev beynəlxalq təlimə cəlb olunan qüvvə və texnikalar barədə məlumat verərək bildirmişdir ki, təlimə 1100 nəfər şəxsi heyət, 208 müxtəlif təyinatlı texnika, 2 təyyarə, 5 helikopter, 10 sürətli kater, 8 gəmi, 6 xüsusi təlim görmüş it cəlb edilib.

Beynəlxalq təlimə Azərbaycan Respublikasının müvafiq qurumlarından 1014 nəfər şəxsi heyət, 197 ədəd texnika və 5 xüsusi təlim görmüş it, Qazaxıstan Respublikasından 17 nəfər şəxsi heyət və 3 ədəd texnika, Türkmənistan tərəfindən 20 şəxsi heyət, 3 ədəd texnika və 1 xüsusi təlim görmüş it, Rusiya Federasiyasından 49 nəfər şəxsi heyət və 5 ədəd texnika cəlb olunub.

Birləşmiş əməliyyat qərargahının üzvü general-mayor Kamil Bağırov təlimin mövzusu və məqsədləri barədə məlumat verib.

Müşavirə zamanı Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzi ilə birbaşa videobağlantı yaradılmış, Mərkəzin rəisi polkovnik Adil Abdullayev baş vermiş şərti təbii fəlakətlər barədə məlumat verib. Müşavirə iştirakçıları, həmçinin “112” çevik reaksiya idarəsi ilə videoəlaqə yaradaraq vəziyyətlə tanış olublar.

Sonra təlimdə iştirak edən Xəzəryanı dövlətlərin şəxsi heyət rəhbərlərinin təlimdə iştiraklarına dair raportları dinlənilib.

Müşavirədə “Xəzər-2017” beynəlxalq təlimi ilə bağlı FHN tərəfindən hazırlanmış film də nümayiş olunub.

Müşavirədən sonra Xəzər dənizində təlimlərə başlanılmışdır. Təlim planına uyğun olaraq birinci mərhələdə fövqəladə hadisələrin başvermə təhlükəsi yarandıqda və ya baş verdikdə Rusiya, İran, Azərbaycan, Qazaxıstan və Türkmənistanın xilasetmə xidmətlərinin qüvvələrindən beynəlxalq xilasetmə birləşmələrin yaradılması, qüvvə və vasitələr arasında informasiya mübadiləsinin və qarşılıqlı fəaliyyətin, eyni zamanda dənizdə yerləşən neftçıxarma platformalarında və neftdaşıyan gəmilərdə baş verən qəzalar zamanı xəbərdarlığın təşkili, axtarış və qəza-xilasetmə işlərinin həyata keçirilməsi, ikinci mərhələdə isə neftlə çirklənmiş ərazilərin təmizlənməsi, qurğuların sualtı hissələrinə baxış və obyektlərin təhvil verilməsi əməliyyatları uğurla yerinə yetirilib.

Tədbirin sonunda təlimdə iştirak edən qüvvə və texnikaların paradı olub.

AzVision.az


Teqlər: FHN   Təlim  





Xəbər lenti