Bakı sakinləri ərzağa 6 milyarddan çox pul xərcləyib

  04 Noyabr 2017    Oxunub : 514
Bakı sakinləri ərzağa 6 milyarddan çox pul xərcləyib

2017-ci ilin yanvar-sentyabr aylarında Bakı şəhərində pərakəndə ticarət dövriyyəsinin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,7% artaraq 13 mlrd. 378,1 mln. manat olub.

Bakı Şəhər Statistika İdarəsindən AzVision.az-a verilən məlumata görə, ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2,6% artaraq 6 mlrd. 96,2 mln. manata, qeyri-ərzaq məhsullarının həcmi isə 3,4% artaraq 7 mlrd. 281,9 mln. manata çatıb.

İstehlak məhsullarının 19,3%-i hüquqi şəxs statuslu müəssisələrdə, 67,8%-i fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 12,9%-i isə paytaxtın məhsul bazarlarında satılıb.

Cari ilin yanvar-sentyabr aylarında elektron qaydada pərakəndə ticarət şəbəkəsində 32,7 mln. manatlıq və ya 2016-cı ilin eyni dövrünə nisbətən müqayisəli qiymətlərlə 3,6 dəfə çox istehlak məhsulları satılıb. Elektron şəbəkə vasitəsi ilə əhalinin sifariş verdiyi istehlak məhsullarının 97,8%-i hüquqi şəxslərdən, 2,2%-i isə fərdi sahibkarlardan alınıb. Satışın bu növü vasitəsilə əsasən qeyri-ərzaq məhsullar realizə olunub.

AzVision.az

Teqlər: Statistika   Bakı   Ərzaq