Fransa mətbuatı "Metsamor" təhlükəsindən yazdı

Fransa mətbuatı "Metsamor" təhlükəsindən yazdı
  05 Noyabr 2017    Oxunub:2557
Fransanın “Lö Mond Diplomatik” saytında dərc edilmiş “Metsamor - gələcək Çernobıl. Bələdçi ilə gəzinti” adlı məqalədə Ermənistanın Metsamor Atom Elektrik Stansiyasının (AES) çox təhlükəli vəziyyətdə olduğu qeyd edilir.
Metsamorda olan fransalı fotojurnalist dünyada ən təhlükəli stansiya kimi tanınan Metsamorda hətta bu gün sızıntı proseslərinin olduğunu bildirir.

2015-ci ildə istismar müddəti 2026-cı ilə qədər uzadılan Metsamorla bağlı Rusiya Elmlər Akademiyasının Fizika İnstitutunun ekspertlərinin rəylərinə əsasən məlumat verilir ki, mövcud stansiyanın 500 metrliyində böyük təhlükə yaradan seysmik aktivlik mövcuddur.

Məqalədə stansiyanın reaktorlarının istismar müddətini çoxdan baş vurduğu bildirilir və zəlzələyə qarşı aparılan möhkəmləndirmə işlərinin gülünc vəziyyətdə olduğu şəkillərdən aydın görünür. Hətta möhkəmləndirmə işlərinə baxmayaraq, bəzi deşiklər və rezin yamaqlar jurnalistlərin gözündən yayınmayıb.

Yazıda bildirilir ki, Radioaktiv Tullantıların İdarə Edilməsi üzrə Fransa Milli Agentliyinin erməni mənşəli direktoru Jerald Uzunyan Metsamora baş çəkib və Ermənistan Nüvə Tədqiqatları İnstitutunun direktoru Vahram Petrosyana narahatlığın lüzumsuz olduğunu bildirərək, buxar sirkulyasiyası ilə bağlı təmirlərin qorxulu olmadığını və gündəlik təmir işlərinin bir hissəsi olduğunu deyib. Sanki təhlükədən yox, adi bir işdən danışıb.

Əlbəttə, Uzunyanın təhlükənin miqyasında çox öz qatı lobbi məqsədlərini ortaya qoyması aydın görünür.

Stansiyanın dispetçer mərkəzindəki aparatların köhnə olduğu və heç bir tələbə cavab vermədiyi jurnalistlər tərəfindən qeyd edilir.

Metsamorun Sovet İttifaqı dövründə çox seysmik məkanda tikildiyini yazan jurnalistlərə deyiblər ki, 1988-ci il zəlzələsi zamanı stansiyada hətta bir dənə də olsun pəncərə şüşəsi sınmayıb. “Halbuki həmin zəlzələ nəticəsində stansiyanın 70 kilometrliyində yerləşən Spitak şəhəri tamamilə dağılıb və 25 min insan həlak olub”, - deyə yazan jurnalistlərin kinayəsi aydın hiss olunur.

Stansiya işçiləri üçün yaxınlıqda tikilmiş qəsəbədə də vəziyyətin yaxşı olmadığı bildirilir. Qəsəbənin meri şəhər üçün büdcənin çox məhdud olduğunu diqqətə çatdırıb. Qeyd edib ki, uzun illərdir gecəyarısı işçilər qaranlıqda evlərinə qayıdırlar. Bu məsələnin dəfələrlə qaldırılmasına baxmayaraq, problem hələ də həll olunmayıb, çünki ölkədə böyük maliyyə problemi var. Belə bir təhlükəli stansiya ilə bağlı maliyyə çətinliyinin nəticəsinin necə ağır olacağı hamıya bəllidir.

Fransalı jurnalistlər, həmçinin qəsəbədə yaşayan sakinlərlə görüşüblər. Məlum olub ki, ailələrdə əlil uşaqlar çoxdur və bütün bunlar stansiyada təhlükəsizlik qaydalarına riayət olunmamasının nəticəsidir.

Erməni qadın Tsovinar Harutunyan ərinin stansiyada işlədiyini və orada baş verən gündəlik qəzaların təhlükəli olduğunu bildirib. O, övladının buna görə əlil olduğunu vurğulayıb.

Qəza baş verərsə stansiya işçilərinə xidmət göstərən yeganə poliklinikada vəziyyətin acınacaqlı olduğu göstərilir. Tibb işçiləri binanın tavanının damdığını, divarların kif bağladığını deyiblər. Adının açıqlanmasını istəməyən tibb bacısı bu poliklinikada daxili xəstəliklərlə qeydiyyata düşənlərin digər tibb müəssisələrindən daha çox olduğunu vurğulayıb.

Hətta qəza hallarında əhaliyə paylanacaq təcili dərman preparatlarının stansiyanın daxilində saxlanıldığı bildirilib. Yazıda qeyd olunur ki, qəza baş verdiyi halda onlardan necə istifadə etmək olar? Ancaq daha bir sual yaranır: Stansiyada dərman preparatları həqiqətən varmı? Burada yaşayan əhali işsizlikdən də şikayətlənib.

Məqalədə 2015-ci ildə elektrik enerjisi tarifinin qaldırılmasının əhali arasında böyük narazılığa səbəb olmasından söz açılır.

Jurnalistlər Metsamor stansiyasındakı təhlükəli vəziyyəti şəkillərlə vizual göstərirlər.

Qeyd edək ki, Azərbaycanın beynəlxalq təşkilatlardakı, xüsusilə də Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin üzvləri Metsamor təhlükəsini dəfələrlə qaldırmalarına, hətta onunla bağlı AŞPA-da məruzə hazırlamalarına baxmayaraq, hələ də bu təhlükə insan hüquqlarına böyük önəm verdiklərini deyən avropalı siyasətçilərin etinasız yanaşmasının qurbanı olaraq qalır. Maraqlı sual doğur, görəsən Avropada insan hüquqları ilə doğrudanmı maraqlanırlar? Əgər maraqlanırlarsa, minlərlə insanın həyatına təhlükə olan Metsamor AES niyə onların diqqətini cəlb etmir?

Bu sualların yeganə cavabı yenə də Avropanın ikili standartlarla fəaliyyət göstərməsi, insan hüquqları terminindən yalnız siyasi məqsədlər üçün lazım olanda istifadə edilməsidir.

Ancaq yeni potensial Çernobıl faciəsi olan Metsamor AES-in təkcə region üçün deyil, elə Avropa üçün də böyük problemlər yaratması istisna deyil.




Teqlər: Fransa   Metsamor  





Xəbər lenti