Azərbaycanın dövlət rəmzlərinin təşəkkül və inkişaf tarixindən

  06 Noyabr 2017    Oxunub : 1094
Azərbaycanın dövlət rəmzlərinin təşəkkül və inkişaf tarixindən

İstənilən dövlətin mövcudluğunu onun çoxəsrlik dövlətçilik və tarixi-mədəni dəyərlərini təcəssüm etdirən dövlət rəmzləri olmadan təsəvvür etmək mümkün deyil. Bu zənginliyi özündə əks etdirən rəmzlər sistemi hər zaman mövcud olub və tarixi inkişaf mərhələsi keçib. Dövlət rəmzlərinin formalaşmasının tarixinin öyrənilməsi dövlətçilik tarixinin, mədəniyyətin və ideologiyanın inkişaf tarixi haqqında daha dolğun məlumat almağa kömək edir.

Dövlət Bayrağı Muzeyindən AzVision.az-a daxil olan məlumatı təqdim edirik:

- Hələ qədim zamanlardan hökmdarların, qəbilə başçılarının hakimiyyətini bildirən şəxsi nişanları mövcud olmuşdur. Hökmdarlara məxsus belə nişanlar (veksilloid, ştandart) bəzək və emblemlərlə bəzədilmiş, adətən taxta və ya metal sapdan ibarət olmaqla müasir bayraqların ilkin təkamül forması hesab edilirdi və yarandığı gündən hərbi xarakter daşıyaraq döyüşçülərin toplanış yerini, mövqeyini bildirirdi.

Tarixə məlum olan ipək parçadan hazırlanmış ilk bayraq qədim Çində qaldırılıb. Çində Çjou sülaləsinin əsasını qoyan imperator Çjou e.ə XII əsrdə qoşunun önündə onun saraya gəlişini xəbər verən ağ bayrağın aparılması əmrini verib. İpəkdən olan bayrağı əldə gəzdirmək veksilloiddən daha rahat olmaqla yanaşı, həm də uzaq məsafədən daha yaxşı görünürdü.

Azərbaycan ərazisində yaranmış ilk dövlətlərin rəmzlərinin formalaşması və inkişafı tarixi prosesi getmişdir. Azərbaycanda ilkin bayraqların (ştandartlar) meydana gəlməsi bizim eradan əvvəlki əsrlərə aiddir. Hökmdarların hakimiyyətinin rəmzi mənasını daşıyan, ağ sapa taxılmış və heyvan təsvirləri ilə bəzədilmiş tunc dövrünə (e.ə. IV-II minilliklər) aid ilk bürünc ştandartlar Azərbaycanda arxeoloji tapıntılar zamanı ŞəmkirŞəki rayonlarında tapılmışdır. Tədricən belə ştandartlar sap və parça hissədən ibarət olan bayraqlarla əvəz olundu.
Zəngin dövlətçilik tarixinə malik olan Azərbaycanda orta əsrlərdə bayraq müxtəlif adlarla sancaq, tuğ, buncuq, ələm kimi tanınmışdır. Bu anlayışlara Kitabi Dədə Qorqud dastanında da rast gəlinir. Bunlar Oğuz tayfalarının müqəddəs simvolları sayılırıdı və döyüşçülər həmin rəmzləri öndə daşıyırdılar.

Tarixin müxtəlif dövrlərində Azərbaycan ərazisində Qaraqoyunlu, Ağqoyunlu, Səfəvilər kimi qüdrətli dövlətlərin hər birinin müstəqillik rəmzi olan bayraqları, gerbləri, möhürləri, pul vahidləri olmuşdur. Tarixi mənbələrdə Qaraqoyunlular dövlətinin hakimiyyət rəmzləri sayılan rəngarəng bayraqlarının olması haqqında maraqlı məlumatlar verilir. Digər dövlətlərdə olduğu kimi, Qaraqoyunlularda da bayraq güc və qələbə rəmzi hesab edilirdi. İ.H.Uzunçarşılının qənaətinə görə, Topqapı Sarayında xəzinə kitabxanasında saxlanılan və 1428-ci ildə ispan kartoqrafı J.Villadestes tərəfindən perqament üzərində çəkilmiş xəritədə Qaraqoyunluların bayrağı sarı fonun ortasında qırmızı dördkünc formada təsvir edilmişdir. Bundan əlavə, Topqapı Sarayında Ağqoyunlu dövlətinin ağac sapa taxılmış ağ parçadan ibarət olan bayrağı da aşkar edilmişdir. Uzunsov üçbucaqlı ağ parça üzərində qızılı hərflər ilə “Sultan Həsən Bahadur” sözləri yazılmış, mərkəzdə Uzun Həsənin tuğrasının təsviri, kənarlarında isə Qurandan ayələr verilmişdir.
XVI əsrin əvvəllərində Azərbaycanın dövlətçiliyinin təkamülündə Səfəvilər dövləti böyük tarixi rol oynamışdır. Zəngin dövlətçilik ənənələrini təcəssüm etdirən bayraqlar haqqında məlumat verən XV-XVI əsr Təbriz miniatürləri tarixi bir mənbə kimi böyük əhəmiyyətə malikdir. XVI əsr Təbriz miniatürlərində Səfəvilər dövlətinə aid bayraqlar əlvan rəngli, üçbucaq formada olmaqla, Qurandan olan ayələrlə bəzədilib.



Tarixi mənbələrdə də Səfəvilər dövlətinə aid bayraqlar haqqında müəyyən məlumatlar qeyd olunub. Belə ki, “Cahanarayi Şah İsmayıl” əsərinə (XVI əsr) istinad edən tədqiqatçı M.Abbaslı bildirir ki, Şah İsmayıl Bağdada özünün ay-ulduzlu bayraqları altında yaxınlaşmışdır. Ehtimal olunur ki, bu elementlərin təsvirləri I Şah İsmayılın qoşunlarının bayraqlarında olmuşdur. “Tarix-i aləmara-yi Şah İsmayıl” əsərində də Şah İsmayılın bayrağı haqqında məlumat verilir. Mənbədə bildirilir ki, Şah İsmayılın bayrağı çox iri olub, ağ qumaşdan hazırlanmış, üzərində “Quran-i Kərim”in 61-ci (“Səf”) surəsinin 13-cü ayəsində qeyd olunmuş “nəsrun-minəllahi və fəthun qərib” (“Allahdan kömək və yaxın bir zəfər vardır”) və onun qısaca forması olan “nəsrun-minəllahi” (“Allahdan kömək”) ifadəsi öz əksini tapmışdır.

XVIII əsrdə inşa edilmiş Şəki Xan Sarayı nadir memarlıq abidəsi olmaqla yanaşı həm də, dövlətçilik tariximizin öyrənilməsində böyük tarixi əhəmiyyətə malikdir. Sarayın divar rəsmlərində təsvir olunan döyüş və ov səhnələrindəki 28 növ bayraq müxtəlif forma və rəngləri ilə seçilirlər.

XVIII əsrin 40-cı illərində Azərbaycan ərazisində ilk müstəqil xanlıqlar yaranmışdır və onların hər birinin dövlət rəmzləri mövcud olmuşdur. Dövlət rəmzləri sırasında əhəmiyyətinə görə seçilən bayraqlar XVIII əsrin II yarısında mövcud olmuş Azərbaycan xanlıqlarında da geniş yayılmışdır. Azərbaycan xanlıqlarının bayraqları XVI-XVIII əsrlərə aid edilən gözəl şərq parçalarından tikilmiş, müxtəlif ornament və Qurandan olan ayələrlə bəzədilmişdir. Bu bayraqlarda Allahdan kömək və yaxın qələbə, Mərhəmətli Allahın adı ilə, Məhəmməd Allahın elçisidir, Məhəmməd möminləri müjdələ kimi ifadələr tez–tez təkrarlanır.

Dövlət bayraqları ilə yanaşı xanlıqların hökmdarlarının şəxsi bayraqlarını da qeyd etmək lazımdır. Azərbaycan xanlarının da öz hakimiyyət rəmzi olan ştandartları mövcud olmuşdur. Bunlara misal olaraq İrəvan xanı Hüseynqulu, Gəncə xanı Cavad xanın, Şəki xanı Səlim xanın ştandartlarını göstərmək olar. XIX əsrin əvvəllərindən başlayaraq Azərbaycan xanlıqları Çar Rusiyası tərəfindən işğal edilməyə başlandı. İranla Rusiya arasında bağlanmış müqavilələr (1813, 1828) əsasında Azərbaycanın şimal hissəsi Rusiyaya, cənub hissəsi isə İrana ilhaq edildi. Döyüşlər zamanı Rusiyaya aparılan qənimətlər arasında xanlıqların bayraqları da var idi. Bunların arasında Gəncə, Bakı, Şəki, İrəvan, Naxçıvan,Təbriz, Xoy xanlıqlarının bayraqlarını qeyd etmək olar. Həmin bayraqlar 1888-ci ildə Qafqaz Hərbi Tarix Muzeyinə verilmiş, 1924-cü ildə isə buradan bəzi bayraqlar Milli Azərbaycan Tarixi Muzeyinə təhvil verilmişdir.



Azərbaycan xalqı əsrlər boyu tarixi yaddaşında dövlətçilik ənənələrini daim qoruyub saxlamışdır. XX əsrin əvvəllərində milli dövlətçiliyin bərpası çox böyük bir hadisə olaraq Azərbaycan xalqının tarixinə qızıl hərflərlə yazılmışdır. 1918-ci ildə Azərbaycan öz müstəqilliyini elan edəndən sonra dövlətçiliyimizin atributları yenidən bərpa olunmağa başlanmışdır. Azərbaycan Demokratik Respublikasının həyata keçirdiyi ilk mühüm tədbirlərdən biri 1918-ci il iyun ayının 21-də üzərində ağ rəngli aypara və səkkizguşəli ulduz təsvirləri olan qırmızı rəngli Dövlət bayrağı haqqında qərar verməsidir. Azərbaycanın üçrəngli Dövlət bayrağı isə 1918-ci il noyabrın 9-da Azərbaycan Demokratik Respublikası Hökumətinin iclasında qəbul edilmişdi.

“Azərbaycan” qəzetinin 1918-ci il noyabr ayının 11-dəki nömrəsində bayrağın qəbulu belə qeyd edilmişdi: “Hökumət tərəfindən üç rəngdən ibarət Azərbaycan bayrağının layihəsi qəbul olunub. Mavi, qırmızı, yaşıl rənglərdən ibarət bayrağın qırmızı rənginin fonunda aypara və şəkkizguşəli ulduz təsvir ediləcəkdir”. Bayraqdakı rənglərin mənasına gəldikdə, mavi rəng – türkçülüyü, qırmızı – müasirliyi, qərb demokratiyasını, yaşıl –islam ideologiyasını ifadə edir.

Tarixçilərin bildirdiklərinə görə, Xalq Cümhuriyyəti tərəfindən üçrəngli bayraq dövlət bayrağı kimi qəbul olunanda orada rənglərin nəyi ehtiva etdiyi göstərilsə də, aypara və səkkizguşəli ulduzun mənaları açıqlanmayıb. Bayrağın üzərindəki aypara və səkkizguşəli ulduzun mənaları barədə müxtəlif fikirlər mövcuddur. Aypara bir vaxtlar Bizans imperiyasının paytaxtı Konstantinopolun gerbi olub. Türklər 1453-cü ildə həmin şəhəri aldıqdan sonra bu gerb Osmanlı İmperiyası tərəfindən islam dininin bir rəmzi kimi qəbul edilib və bütün müsəlman aləmində həmrəylik, hürriyyət, yardım mənasını daşıyır. Səkkizguşəli ulduzun mənasına gəlincə bu, “Azərbaycan” sözünün əski əlifbada yazılışı ilə bağlıdır. Belə ki, əski əlifbada “Azərbaycan” sözü səkkiz hərflə yazılır.

Azərbaycan Demokratik Respublikası dövründə digər rəmzlərlə ( gerb və himn) bağlı layihələr hazırlansa da, lakin onların qanunvericilk səviyyəsində təsdiqi və qəbulu mümkün olmamışdır. Belə ki, 1920-ci il yanvarın 30-da Azərbaycan Demokratik Respublikası Hökuməti tərəfindən milli himnin, dövlət gerbinin və möhürün təsvirlərinin hazırlanması ilə bağlı müsabiqə elan edilmişdir. Müsabiqənin müddəti 1920-ci il may ayının 1-də başa çatmalı idi. Müsabiqə Azərbaycan Demokratik Respublikasının rəmzlərinin, orden və medallarının, poçt markalarının ilk nümunələrinin yaradılmasına təkan verdi. Lakin, 1920-ci il aprel ayının 28-də Azərbaycan Demokratik Respublikasının süqutu Azərbaycanın milli rəmzlərinin qəbul edilməsinə imkan vermədi.

1920-ci ildə aprel işğalı nəticəsində Azərbaycanda sovet hakimiyyəti quruldu və milli dövlətçiliyimizi tərənnüm edən bütün rəmzlər sovet rəmzləri ilə əvəz olundu. Azərbaycan SSR-in bütün bayraqlarında qırmızı rəngdən istifadə olunmuşdur. O zaman qırmızı rəng Sovet xalqının sosializm və kommunizm yaratmaq uğrunda apardığı qəhrəmanlıq mübarizəsi simvolu hesab edilirdi. Bayraq üzərində olan oraq və çəkicin mənasına gəldikdə isə bu fəhlə və kəndli sinfinin ayrılmaz ittifaqını ifadə edirdi. Oraq və çəkic proletar dövlətin emblemi sayılırdı.

Sovet dövründə Azərbaycanda dövlət bayraqlarının dəfələrlə dəyişdirilməsinin səbəbi əlifba dəyişiklikləri ilə əlaqədar olaraq bayrağın üzərindəki yazıların da dəyişikliyə məruz qalması idi. Azərbaycan Sovet Sosialist Respublikasının ilk bayrağı 1920-1921-ci illərdə qəbul edilmişdi.
Azərbaycan SSR-in ən son bayrağı 1952-1991-ci illərə aiddir.



Sovet hakimiyyəti zamanı Azərbaycan özünün dövlət atributlarını Sovet Rusiyasının atributlarına uyğunlaşdırmışdı. Azərbaycan SSR-in Dövlət gerblərinin üzərində adətən oraq və çəkic, beşguşəli ulduz, sünbül çələngi ilə əhatə olunmuş aypara təsvir edilmiş və “bütün ölkələrin proletarları birləşin” şüarı yazılmışdı. Dövlət gerbinin dəfələrlə dəyişdirilməsi bayraqlardakı dəyişikliklərə səbəb olan amillərlə bağlı idi. Azərbaycan SSR-in ən son gerbi 1978-ci ilə aid olmaqla Sovet İttifaqının süqutunadək dövlət gerbi statusu daşımışdır. Dövlət bayrağı və gerbi ilə yanaşı, 1945 və 1978-ci illərdə Azərbaycan SSR-in Dövlət himni də qəbul edilmişdir.

XX əsrin 80-ci illərində üçrəngli bayrağımız Azərbaycan xalqının milli azadlıq hərəkatının rəmzinə çevrildi. 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən sessiyada üçrəngli bayraq Naxçıvan Muxtar Respublikasının Dövlət bayrağı olaraq təsdiq edilib. 1991-ci il fevralın 5-də Azərbaycan Respublikasının Ali Soveti “Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında” Qanun qəbul edərək onu Dövlət bayrağı elan etdi və üçrəngli bayrağımıza Azərbaycan Respublikasının Dövlət bayrağı statusu verildi.

1992-ci il mayın 27-də parlament "Azərbaycan Respublikasının Dövlət himni haqqında" Qanun qəbul etdi. Qanuna əsasən, 1919-cu ildə bəstəkar Üzeyir Hacıbəyov və şair Əhməd Cavad tərəfindən tərtib edilmiş "Azərbaycan marşı" Azərbaycanın Dövlət himni kimi təsdiq edildi. Azərbaycan Respublikasının Ali Soveti 1993-cü il yanvarın 19-da qəbul etdiyi Konstitusiya Qanunu ilə 1919-1920-ci illərdə hazırlanmış dövlət gerbi layihələrindən birini müəyyən dəyişikliklərlə Azərbaycan Respublikasının dövlət gerbi kimi təsdiq etmişdi. Dövlət rəmzlərimizin Azərbaycan Respublikasının Konstitusiyasının 2 maddəsində (23 və 75) təsbit olunması onların qanunvericilik səviyyəsində təsdiq olunduğunu göstərir.



Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrdə dövlət quruculuğu siyasətində tarixi işlərlə yanaşı, milli dövlətçilik atributlarının tam formalaşdırılması, onların bütün vətəndaşlar, xüsusən gənclər arasında təbliği və öyrənilməsi işində tarixi zəmin yarandı. 1998-ci il 13 mart tarixli “Azərbaycan Respublikasının dövlət atributlarının təbliği işinin gücləndirilməsi haqqında” Sərəncamın imzalanması dövlət rəmzlərinin daha geniş miqyasda təbliğini təmin edərək, eyni zamanda cəmiyyətin vətənpərvərlik ruhunda formalaşmasına, dövlət rəmzlərinə hörmət və ehtiram hisslərinin gücləndirilməsinə xüsusi təkan vermiş oldu.

Heydər Əliyev tərəfindən dövlətçilik sahəsində görülən işlər bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən inkişaf etdirilməkdədir. 2004-cü il 8 iyun tarixli “Azərbaycan Respublikasının Dövlət bayrağının istifadəsi qaydaları haqqında” Azərbaycan Respublikasının Qanununun qəbul edilməsi dövlət rəmzlərinin qanunvericilik bazasının təkmilləşdirilməsi istiqamətində görülmüş mühüm tədbirlərdən biridir.

2007-ci il noyabr ayının 17-də Prezident İlham Əliyev tərəfindən “Bakıda Dövlət Bayrağı Meydanının yaradılması” və 2009-cu il noyabrın 17-də “Azərbaycan Respublikasının Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında” olan Sərəncamlar dövlət başçısının və Azərbaycan xalqının Dövlət bayrağına olan dərin ehtiramın və yüksək dəyərin bariz nümunəsidir. Ölkə başçısının imzaladığı bu sərəncamlar Dövlət bayrağının dövlət rəmzləri sırasında tutduğu əhəmiyyətli yeri və rolunu, xalqımızın qədim tarixini, mədəniyyətini, milli-mənəvi dəyərlərini dünya ictimaiyyətinə təbliğ etmək naminə gördüyü uğurlu siyasətin ifadəsidir.

AzVision.az

Teqlər: #9Noyabr   #Bayraq-günü