ATƏT-in iclasında girovlarla bağlı məsələ qaldırılıb

  06 Noyabr 2017    Oxunub : 1410
ATƏT-in iclasında girovlarla bağlı məsələ qaldırılıb

Noyabrın 6-da Avstriyanın paytaxtı Vyana şəhərində ATƏT-in “Dezinformasiya, nifrət və radikalizmin qarşısının alınmasında medianın rolu” mövzusunda növbəti iclası keçirilib.

Tədbirdə ATƏT üzvü olan 57 ölkənin nümayəndələri – səfirlər, diplomatlar, beynəlxalq təşkilatların rəhbərləri, habelə hüquq müdafiəçiləri və ictimai-siyasi fəallar iştirak ediblər.Tədbirdə yaxından iştirak edən Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun rəhbəri Əhməd Şahidov məruzə ilə çıxış edib, Cənubi Qafqazdakı movcud münaqişə və konfliktlərin aradan qaldırılmasında mətbuatın əhəmiyyətindən danışıb.

Ə. Şahidov açıqlaması zamanı Dağlıq Qarabağ münaqişəsi barədə söz açan hüquq müdafiəçisi Ermənistanın işğalçı siyasəti barədə məlumat verib və erməni mətbuatının bu işğala dəstək verdiyini bildirib. 2014-cü ilin İyul ayında öz dədə-baba torpaqlarını ziyarət etmək üçün Kəlbəcər rayonuna səfər edən mülki şəxslər Dilqəm Əsgərov və Şahbaz Quliyevin məsələsini qaldıran ADİHİ rəhbəri 4 ildir ki, həmin şəxslərin erməni girovluğunda saxlanıldığını və Ermənistan mətbuatının buna haqq qazandıran təbliğat apardığını da deyib: "Biz hamımız anlayırıq ki, azad mətbuatın və medianın rolu dünyada sülh, barış və sabitliyin bərqərar olmasına xidmət etməkdir. Təəssüflər olsun ki, ATƏT coğrafiyasındakı bəzi ölkələrin mətbuatı müharibə təbliğatı aparır, yalnış informasiyalar istehsal edir və nifrət toxumlarının dərinləşməsinə xidmət edir. Mən konkret nümunələr üzərində danışmaq istəyirəm.



Bizim təşkilat artıq 4 ildir ki, Ermənistan mətbuatının monitorinqini həyata keçirir. Erməni mətbuatı bölgədə gərginliyin saxlanılması istiqamətində təliğat aparır və yalan informasiyalar yayır. Konkret olaraq, bir məsələ barədə məlumat vermək istəyirəm. Gördüyünüz bu şəxslər azərbaycanlı mülki vətəndaşlar Dilqəm Əsgərov və Şahbaz Quliyevdir. Onlar 2014-cü ilin İyul ayında öz doğmalarının məzarlarını ziyarət edərkən erməni silahlı birlışmələri tərəfindən oğurlanaraq, girov götürülüblər. Onlar üzərində saxta məhkəmə prosesi keçirilib və birinə 22 il, digərinə isə ömürlük həbs cəsası verilib. Bu, məsələnin birinci tərəfidir. Məsələnin ikinci tərəfi isə erməni mətuatının bu hadisəyə reaksiyasıdır. Təəssüflər olsun ki, bugün Ermənistanda bütün mətbuat orqanları - Sarkisyan hakimiyyətinin nəzarətində olan və özünü müstəqil media adlandıran mətbuat orqanları da bu məsələyə qərəzli yanaşırlar. Bu fotolara diqqətlə baxın. İki mülki şəxsin məhkəməyə gətirlmə formasına diqqət yetirin. Biz bu fotoları erməni xəbər saytlarından götürmüşük. Ermənistan mətbuatı bu iki mülki, yaşlı insanı terrorçu kimi qələmə verir və yalnış məlumatlar istehsal edərək bütün dünyanı aldatmağa çalışır."

Daha sonra özü ilə bağlı erməni mətbuatında yayılan məlumatlara diqqət çəkən hüquq müdafiəçisi Əhməd Şahidov Ermənnistan mediasının yalan, iftira və şantaj metodikasından istifadə etdiyini deyib: "Mən digər məsələyə də sizlərin diqqətini çəkmək istəyirəm. Mən bir hüquq müdafiəçisi kimi, artıq 4 ildir ki, bu mülki şəxslərin hüquqlarının müdafiəsi ilə məşğulam. Bu müddət ərzində Ermənistan mətbuatında mənim əleyhimə dəfələrlə böhtan və yalan dolu yazılar dərc edilib. Erməni mətbuatı məni "terrorçuların vəkili" kimi təqdim edir. Düşünürəm ki, bu kimi tendensiyalar pislənməlidir. Əgər biz regionda sülhə və sabitliyə nail olmaq istəyiriksə, mətbuatın azad, qərəzsiz və vicdanlı olmasına çalışmalıyıq".



Hafiz Əhmədov
AzVision.az

Foto


Teqlər: ATƏT