“Redaksiyaya qonaq gələndə xəcalət çəkirdik” - 91 yaşlı radionun korifeyləri

“Redaksiyaya qonaq gələndə xəcalət çəkirdik” - 91 yaşlı radionun korifeyləri
  06 Noyabr 2017    Oxunub:10296
Bu gün Azərbaycan Dövlət Radiosunun yarandığı gündür. 1926-cı ilin 6 noyabrında Bakının küçələri və meydanlarında qurulmuş reproduktorlardan ilk dəfə “Danışır Bakı!” ifadəsi ətrafa yayılıb. Radioya təkcə Bakıda deyil, ətraf yaşayış məntəqələrində də qulaq asa biliblər. Bu hadisə Azərbaycan xalqının siyasi və mədəni həyatında böyük bir yenilik olub.
Peşə bayramını qeyd edən korifey radio aparıcıları xatirələrini AzVision.az- la bölüşüblər.



İlk həmsöhbətimiz xalq artisti, diktor Sabir Ələsgərovdur. O, radioya gəldiyi günləri belə xatırlayır:

“1962-ci ildə Azərbaycan radiosunda müsabiqə keçirilirdi. Orada birinci yeri tutub, qalib gəldim. Amma sədr rəhmətlik Seymur Əliyev məni qəbul etmədi. Çünki peşəm rus dili müəllimi idi. Rus dili müəllimlərini paytaxtda işə götürmürdülər ki, rayonlarda bu fənn üzrə kadr çatışmır. Deyirdilər, gedin rayonda işləyin. Ancaq bəxtim gətirdi, radioda qala bildim. O zaman radionun xəbərlər redaksiyasında Valid Sənani, Hacı Hacıyev çalışırdı. Məni ştatdan kənar müxbir kimi işə götürdülər. İkinci dəfə müsabiqə olanda mən yenə qalib gəldim. Onda sədr Ənvər Əlibəyli idi. Bu dəfə məni diktor kimi işə qəbul etdilər. Radioda Aydın Qaradağlı, Fatma Cabbarova, Züleyxa Hacıyeva, Gültəkin Cabbarlı, Ramiz Mustafayev, Sabutay Quliyev kimi insanların məktəbini keçmişik.



Yadımdadır ki, ilk dəfə radioya çıxanda bir az həyəcanlandım. Mikrafonu açdım, gördüm səsim titrəyir, dərhal bağladım. Özümə gələndən sonra başladım: “Danışır Bakı...”. Bizi başa salmışdılar ki, səhv edəndə həmin cümlələri təkrar edin. Radioda 7 il işlədim. Sonra səsimə, avazıma görə məni televiziyaya apardılar. 1972-ci ildən 1996-cı ilə qədər Azərbaycan televiziyasında çalışmışam”.

Azərbaycan Radiosunun «Ədəbiyyat və İncəsənət» redaksiyasının rəhbəri, əməkdar incəsənət xadimi Şəfəq Əlixanlı radioda həm də həyat yoldaşı, nasir, dramaturq, tərcüməçi Vaqif Əlixanlı ilə tanış olub:

“10-cu sinfi bitirəndən radioda çalışıram. Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsini bitirmişəm. Ancaq orta məktəbi bitirəndən sonra həm də radio ilə əməkdaşlıq etməyə başladım. O zaman radioda ədəbi dram verilişləri baş redaksiyasının baş redaktoru Mailə Muradxanlı idi və gənclərə çox böyük qayğı göstərirdi. Onun sevgisi, qayğısı bir çox insanı radioya bağladı. Onlardan biri də mən oldum. Elə həmin vaxtlarda radioda “Sabahınız xeyir” verlişi açıldı. Verilişdə qonaqları qarşılamaq üçün söz mənə verildi. Bu verilişdə nəğməli qonaqları qarşılaya- qarşılaya heç özüm də bilmədim ki, qırx il haradan gəlib getdi.



Ailə həyatı qurmağım radioya təsadüf edir. “Bulaq” verlişini yaradanlardan olan Vaqif Əlixanlı incəsənət şöbəsinin müdiri idi. Eyni redaksiyada çalışırdıq. Tale yollarımız orada birləşdi. 40 ildir ki, birgəyik. İndi ilə müqayisədə Azərbaycan radisou yarananda çətin günlərini yaşayırdı. Redaksiyaya qonaq gələndə xəcalət çəkirdik. İstər radio binasının zahiri görkəmi, istərsə də avadanlıq baxımından sıxıntılarımız vardı.

Soyuq studiyalarda oturub canlı yayım edirdik. Yayda isə istidən nəfər ala bilmirdik. Ancaq işimizi sevirdik, məsuliyyətlə yanaşırdıq. Tamaşaçı ağlına belə gətirməzdi ki, biz nələrdən keçib, proqramı ərsəyə gətiririk. Biz lentlərlə işləyirdik. 40 dəqiqə və ya bir saat həcmi olan lentin hər biri bizim üçün qızıl dəyərində idi.

Bir də görürdün ki, həmin lent kiminsə əlindən yerə düşüb, parça- parça olurdu. Bu, dövlət əhəmiyyətli verilişin və ya Yeni il şənliyinin müəyyən bir bölümü ola bilərdi. Həmin lentləri yenidən yığmaq igidlik idi. İşimiz o dərəcədə çətin idi. Bizim peşəkar köhnə operatorlarımız, radionu, televiziyanı bilən həmkarlarımız elə qəşəng çıxış yolu tapırdılar ki...Lentin əvvəlini kəsib birtəhər efirə başlayırdılar, sonra ardınca lentləri birləşdirib efirə verirdilər. Dinləyici bilmirdi ki, veriliş hansı əsəbin, çətinliyin bahasına efirə gedib. İndi yadıma düşəndə gülürəm. O vaxt həyəcan keçirirdim. Radionun, televiziyanın tələbkarlığı çox idi. Qısa pauza belə efirə getsəydi, həmin şəxs dərhal işdən çıxarılırdı. Sözün tələffüzündə problem olanda töhmət verilirdi.



Rəsul Rza, Zeynəb Xanlarova, Rəşid Bebudov, Şövkət Ələkbərova qonaqlarımız olub. Zeynəb Xanlarovanın, Şövkət Ələkbərovanın evinə gedib, səs yazmışıq” .

Şahanə Rəhimli


Teqlər: Radio  





Xəbər lenti