Nazir kollegiya iclası keçirdi: “Hələ də nöqsanlara yol verilir”

  06 Noyabr 2017    Oxunub : 825
Nazir kollegiya iclası keçirdi: “Hələ də nöqsanlara yol verilir”

Vergilər Nazirliyində vətəndaş müraciətlərinə baxılması və vergi proqnozlarının icra vəziyyəti ilə bağlı kollegiya iclası keçirilib.

Nazirliyin mətbuat xidmətindən AzVision.az-a verilən xəbərə görə, iclasda çıxış edən kollegiyanın sədri, nazir Fazil Məmmədov müraciətlərə baxılması zamanı qanunvericiliyin bütün tələblərinə ciddi əməl olunmasını hesabına vətəndaş məmnunluğunun səviyyəsinin yüksəldilməsi, habelə son kollegiya iclasında qəbul edilmiş “2017-ci ilin son 4 ayı üçün dövlət büdcəsinin proqnoz gəlirlərinin icrası üzrə Tədbirlər Planı”nın icra vəziyyəti barədə danışıb, büdcə gəlirlərinin təmin edilməsi istiqamətində daha intensiv və səmərəli iş aparılmasının zəruri olduğunu diqqətə çatdırıb.

Nazir bildirilib ki, vətəndaş müraciətlərinə həssaslıqla yanaşılması, onlara vaxtında və obyektiv baxılaraq cavablandırılması həmişə diqqət mərkəzində saxlanılır, hər ay bu barədə ona hesabat verilir. Bununla belə, müraciətlərə baxılmasında hələ də nöqsanlara yol verilir. Bəzi hallarda vergi orqanları müraciətləri dərindən və hərtərəfli araşdırmır, son nəticədə vətəndaşlar yuxarı dövlət instansiyalarına üz tutmalı olur. Nazir, xüsusilə vergi məsələləri ilə bağlı Prezidentə və Birinci Vitse-Prezidentə ünvanlanmış və aidiyyəti üzrə baxılmaq üçün Vergilər Nazirliyinə daxil olmuş vətəndaş müraciətlərinə baxılmasına ciddi nəzarət edilməsinin vacibliyini diqqətə çatdıraraq, bu məqsədlə bir neçə gün öncə ayrıca əmr imzalandığını bildirib.

Həmin əmrə əsasən, müraciətlərin hərtərəfli araşdırılması habelə vətəndaş məmnunluğunun səviyyəsinin yüksəldilməsi məqsədilə nazirliyin aparatında müraciətlər müsbət həllini tapmadıqda ərizəçiləri və yaxud onların səlahiyyətli nümayəndələrini nazirin birinci müavini və yaxud müvafiq sahəni kurasiya edən nazir müavinləri qəbul etməli, qaldırılan məsələlər bir daha araşdırılmalı və yalnız bundan sonra ərizəçilərə onların müraciətlərinə baxılmasının nəticələri barədə cavab verilməlidir. Vergilər naziri aidiyyatı strukturlara sözügedən əmrdən irəli gələn məsələlərə ciddi əməl etməyi tapşırıb.

F.Məmmədov vətəndaş müraciətlərinin araşdırılması zamanı nöqsana yol vermiş vergi orqanı əməkdaşlarının intizam məsuliyyətinə cəlb edilməsi ilə bağlı Daxili təhlükəsizlik Departamentinin, nöqsanların yaranmasına səbəb olan halların aradan qaldırılması ilə bağlı isə nazirliyin bütün struktur vahidlərinin və bölmələrinin rəhbərlərinə konkret tapşırıqlar verib.

Kollegiyanın qərarı ilə vergi orqanlarına daxil olmuş vətəndaş müraciətlərinə baxılması zamanı vətəndaş məmnunluğunun səviyyəsinin yüksəldilməsi, vergi ödəyicilərinin narazılıqlarına səbəb olan halların və vergi oranlarına daxil olan ərizə və şikayətləri doğuran səbəblərin aradan qaldırılması istiqamətində əlavə və təsirli tədbirlər görülməsi üçün müvafiq tapşırıqlar müəyyən edilib. Bununla yanaşı, Vergilər Nazirliyinin strukturlarının koordinasiyalı fəaliyyətinə nəzarətin gücləndirilməsi, müvafiq struktur vahidlərinə büdcə proqnozları ilə bağlı mövcud potensialın təhlil edilməsi və nəticələri barədə təkliflərin hazırlanması, habelə xarici investisiyalı şirkətlərlə vergi inzibatçılığının təkmilləşdirilməsi məqsədilə struktur dəyişikliyi ilə bağlı təkliflərin verilməsi tapşırılıb.

AzVision.az

Teqlər: Fazil-Məmmədov