330-dan çox uşaq dövlət təminatında yaşayır

  06 Noyabr 2017    Oxunub : 320
330-dan çox uşaq dövlət təminatında yaşayır

Hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında (ƏƏSMN) Dövlət Sosial Müdafiə Fondunun sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisələrində 330-dan çox uşaq daimi dövlət təminatında yaşayır. Heydər Əliyev Fondunun dəstəyi ilə müasir tələblərə uyğun şəraitin yaradıldığı həmin müəssisələrdə hər bir uşağa fərdi qaydada yanaşılmaqla, onların dərk etmə, sosial və emosional bacarıqlarının inkişafı üçün sosial reabilitasiya yönümlü işlər də aparılır.

Nazirlikdən AzVision.az-a verilən məlumata görə, bu fikir 20 Noyabr - Ümumdünya Uşaq Hüquqları günü ilə əlaqədar ölkəmizdə keçirilən uşaq hüquqları aylığı çərçivəsində ƏƏSMN-nin Sağlamlıq imkanları məhdud uşaqlar üçün 2 saylı sosial xidmət müəssisəsində təşkil edilmiş dəyirmi masada diqqətə çatdırılıb. “Sağlamlıq imkanları məhdud uşaqların sosial reabilitasiyası və cəmiyyətə inteqrasiyası” mövzusuna həsr olunan tədbirdə ƏƏSMN yanında Dövlət Sosial Müdafiə Fondunun, Fərdi İnkişaf Mərkəzinin “Etika Akademiyası”nın nümayəndələri, müəssisədəki bir çox uşaqların valideynləri iştirak edib.

Dəyirmi masada Azərbaycanda uşaqların fiziki və mənəvi inkişafı ilə bağlı aparılan fəal və məqsədyönlü dövlət siyasətindən bəhs olunub. Sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsinin gücləndirilməsi yönündə həyata keçirilən tədbirlər, bu uşaqların sağlamlıqlarının bərpası, onların sosial reabilitasiyası sahəsində görülən işlər diqqətə çatdırılıb. Qeyd olunub ki, bu ilin 10 ayında ƏƏSMN-nin Uşaq Bərpa Mərkəzində və Xüsusi Qayğıya Ehtiyacı olan Uşaqların Dövlət Reabilitasiya Müəssisəsində 3 min nəfərə qədər uşaq bərpa müalicəsi xidmətləri ilə təmin edilib. Nazirliyin sosial sifarişləri əsasında icra olunan sosial xidmət layihələri çərçivəsində isə 4046 nəfər uşağa reabilitasiya yönümlü sosial xidmətlər göstərilir.

Sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisələrində, o cümlədən 153 nəfər uşağın yaşadığı 2 saylı sosial xidmət müəssisəsində aparılan işlər, eyni zamanda, həmin uşaqların sosial reabilitasiyasına yönəlib. Müəssisədə uşaqlarda özünü idarə etmək üçün ilkin bacarıqların formalaşdırılması, davranış və ünsiyyət problemlərinin aradan qaldırılmasına köməklik göstərilməsi üçün sınanmış reabilitasiya metodları tətbiq olunur.

Tədbirdə sağlamlıq imkanları məhdud uşaqların sosial reabilitasiyası, onların inteqrasiya imkanlarına yiyələnmələri üçün tətbiq olunan sosial reabilitasiya üsulları müzakirə olunub. Mütəxəssislər tərəfindən burada çalışan sosial xidmət işçilərinə sağlamlıq imkanları məhdud uşaqlarla iş sahəsində bilik və təcrübələrinin artırılması üçün maarifləndirici məlumatlar, eləcə də valideynlərə belə uşaqlarla davranışla bağlı müvafiq tövsiyələr verilib. Tədbir iştirakçıları sosial xidmət müəsissəsində uşaqlarla aparılan sosial reabilitasiya işləri ilə tanış olub, müəssisədə ad günü olan 3 nəfər uşaqla görüşərək, onlara hədiyyələr təqdim ediblər.

AzVision.az

Teqlər: ƏƏSMN