Milli Məclisdə büdcə müzakirələri - Nələrdən danışıldı?

  07 Noyabr 2017    Oxunub : 549
Milli Məclisdə büdcə müzakirələri - Nələrdən danışıldı?

Noyabrın 7-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq, Təbii ehtiyatlar, energetika və ekologiya, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, Aqrar siyasət, İctimai birliklər və dini qurumlar komitələrinin birgə iclasında “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsi haqqında” layihəsi müzakirə edilib.

Milli Məclisin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, iclasda Milli Məclis Sədrinin birinci müavini, parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov, Vergilər Nazirliyinin, Gömrük Komitəsinin və digər müvafiq nazirliklərin nümayəndələri iştirak ediblər.

İclası açan Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri, deputat Ziyad Səmədzadə qanun layihəsinin əhəmiyyətini qeyd edib. Bildirib ki, 2018-ci ilin dövlət büdcəsi miqyasına görə ən geniş müzakirə olunacaq məsələdir. Komitə sədri ölkəmizdə iqtisadiyyatın inkişafı istiqamətində atılan mühüm addımlardan danışdı, 2017-ci ildə Azərbaycanda iqtisadiyyat sahəsində baş vermiş mühüm hadisələri yada salıb.

Ölkə başçısının Azərbaycan Sənaye Korporasiyası Açıq Səhmdar Cəmiyyətinin (ASK) yaradılması barədə Fərmanından danışan Ziyad Səmədzadə bildirib ki, ASK ölkə iqtisadiyyatının diversifikasiyası üçün cəsarətli addımdır. Azərbaycan Sənaye Korporasiyası təkrar emal sahəsinin inkişafında yeni mərhələ olacaq, ölkəmizdə sənayenin dinamik inkişafının təmin olunmasına kömək edəcək.

Büdcə layihəsi barədə məlumat verən maliyyə naziri Samir Şərifov bildirib ki, 2017-ci ildə Azərbaycan makroiqtisadi sabitliyin təmin edilməsi və əhalinin milli valyutaya inamının bərpası prosesinin ilk mərhələsinin yekunu üzrə məqsədlərə çatıb.

Nazir qeyd edib ki, bu, dövlət başçısının rəhbərliyi ilə həyata keçirilən siyasi və iqtisadi tədbirlər sayəsində mümkün olub. Dövlət və icmal büdcə layihələri qlobal və milli iqtisadiyyatda gözləntilər nəzərə alınmaqla hazırlanıb.

Samir Şərifov vurğulayıb ki, 2018-ci ilin dövlət büdcəsinin gəlirləri 20,127 milyard manat proqnozlaşdırılır. Bu, ÜDM-in 29 faizi həcmində olmaqla 2017-ci ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 3,361 milyard manat və ya 20 faiz, ötən ilin faktiki icra göstəricisi ilə müqayisədə 2,621 milyard manat və ya 15 faiz çoxdur. Dövlət büdcəsinin gəlirləri üzrə proqnozun 7,907 milyard manatı və ya 39,3 faizi Vergilər Nazirliyinin xətti ilə daxilolmaların, 9,216 milyard manatı və ya 45,8 faizi Dövlət Neft Fondundan transfertin, 2,43 milyard manatı və ya 12,1 faizi Dövlət Gömrük Komitəsinin xətti ilə daxilolmaların, 574 milyon manatı və ya 2,8 faizi isə digər gəlirlərin payına düşür. Azərbaycanın 2018-ci il dövlət büdcəsinin layihəsində dövlət borcuna xidmətlə bağlı 2,263 mlrd. manat həcmində vəsaitin ayrılması nəzərdə tutulur ki, bu da 2017-ci ilin analoji proqnozu ilə müqayisədə 37,8% çoxdur.
Bu artımın da 72%-i (442 mln. manat) Azərbaycan Beynəlxalq Bankının (ABB) sağlamlaşdırılması prosesi çərçivəsində dövlətin üzərinə keçmiş xarici kreditorlar qarışındakı öhdəliklərin icrasına yönəldilmiş xərclərdir.

Nazirin sözlərinə görə, gələn il xarici maliyyə institutlarından cəlb ediləcək 1 mlrd. 362 mln. manat kreditlər hesabına bir sıra infrastruktur və sosial dayanıqlı layihələrin maliyyələşdirilməsi davam etdiriləcək.

Bundan başqa, Azərbaycan Respublikası Neft Fondunun (ARDNF) vəsaiti hesabına bir sıra investisiya layihələrinin maliyyələşdirilməsi üçün 2 mlrd. 771 mln. manat vəsait nəzərdə tutulub.

Nazir bildirib ki, publik hüquqi şəxslərin fəaliyyətinin tənzimlənməsi üçün dövlət dəstəyi olaraq 111 mln. manat maliyyə yardımı ayrılacaq. Dövlət tərəfindən maliyyə yardımı, ianə və dotasiyalar şəklində bələdiyyələrə, qeyri-dövlət təşkilatlarına, dini qurum və icmalara, siyasi partiyalara və kütləvi informasiya vasitələrinin inkişafına, Gənclər Fonduna, Bilik Fonduna, Elmin İnkişafı Fonduna müvafiq məbləğlərdə vəsait ayrılması nəzərdə tutulub.

Sonra çıxış edən iqtisadiyyat nazirinin müavini Sevinc Həsənova diqqətə çatdırıb ki, gələn il ÜDM-in 1,5 faiz, növbəti illərdə isə 3,5 faiz artacağı proqnozlaşdırılır.

Nazir müavini bildirib ki, 2018-ci ildə tədiyyə balansı üzrə müsbət saldonun 1,4 milyard dollar olacağını gözlənilir. Gələn il qeyri-neft sektorunda 2,9 faiz, növbəti illərdə isə orta hesabla 3 faizdən yuxarı artım proqnozlaşdırılır. Gələn il hasilatın azalması nəticəsində neft sektorunun 1 faiz azalacağı, “Şahdəniz-2” layihəsinin işə düşməsi ilə isə qaz hasilatının artması gözlənilir. Növbəti illərdə orta hesabla neft-qaz sektorunun 5 faizə yaxın artacağı proqnozlaşdırılır.

S.Həsənova qeyd edib ki, Azəri-Çıraq-Günəşli yataqları üzrə yeni müqavilənin imzalanması ölkə iqtisadiyyatının inkişafına təkan verəcək.

Sonra iclasda büdcə layihəsi ilə bağlı Hesablama Palatasının rəyi dinlənilib. Palatanın sədri Vüqar Gülməmmədov bildirib ki, 2018-ci il dövlət büdcəsinin tərtibi zamanı gəlir və xərclərin tam şəffaflığı qorunub. Növbəti ilin büdcə layihəsində ötən illərdə olduğu kimi, dövlət başçısı tərəfindən prioritet hesab edilmiş müdafiə və sosial sahələrə diqqət davam etdirilib. 2018-ci ilin dövlət büdcəsinin gəlirləri 20,1 milyard, xərcləri isə 20,9 milyard manat məbləğində müəyyən edilmiş, həmçinin mərkəzləşdirilmiş və yerli gəlirlərə aid edilən daxilolmalar göstərilib.

Vüqar Gülməmmədov diqqətə çatdırıb ki, 2018-ci ilin dövlət büdcəsi layihəsi “Büdcə sistemi haqqında” Qanunun tələblərinə uyğun olaraq hazırlanmış, tələb olunan bütün istiqamətlərdəki xərclər öz əksini tapıb.

İclasda çıxış edən Azərbaycan Respublikasının Dövlət Neft Fondunun (ARDNF) icraçı direktoru Şahmar Mövsümov bildirib ki, son illər maliyyə bazarlarına neftin qiymətinin kəskin azalması müşahidə edilir və nəticə etibarı ilə Azərbaycanın neft və qaz gəlirlərinin azalması artıq faktdır. Amma Dövlət Neft Fondunun yaradılması ilə bağlı uzaqgörən siyasət artıq özünü qabarıq büruzə verir. Bildiyiniz kimi, bu gəlirlərin azalması şəraitində ARDNF-in dövlət büdcəsinə ayırmaları tam və vaxtında icra edilir, bu da ölkədə makroiqtisadi və fiskal sabitliyin, dayanıqlığın təmin edilməsinə töhfəsini verir.

2018-ci ildə bir barel neftin qiymətinin orta hesabla 45 dollardan götürüldüyünü deyən Fond rəhbəri qeyd etdi ki, bu hesablamalarla gələn il ARDNF-in gəlirləri 10,7 mlrd. manat olacaq. Bunun əsas gəlir mənbəyi dövlətin payına düşən mənfəət karbohidrogenlərinin satışından proqnozlaşdırılır. ARDNF-in gələn il xərclərinin yuxarı həddinin 12 mlrd. manat olacağı gözlənilir.

Sonra büdcə layihəsi ilə bağlı müzakirələr aparılıb, rəy və təkliflər səsləndirilib. Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov, İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov, deputatlardan Vahid Əhmədov, Aydın Hüseynov, Zahid Oruc, Əli Məsimli çıxış edərək 2018-ci il dövlət büdcəsi layihəsi barədə fikirlərini bildiriblər.

Sonra çıxış edən maliyyə naziri Samir Şərifov suallara və deyilən fikirlərə cavab verib, iclasda səslənən təkliflərə bir daha baxılacağını deyib.

Müzakirələrdən sonra büdcə layihəsi parlamentin plenar iclasında baxılmağa tövsiyə olunub.

AzVision.az

Teqlər: Milli-Məclis   Büdcə