Hüquqi islahatların yeni mərhələsi: Cəzalar yüngülləşdirildi

Hüquqi islahatların yeni mərhələsi: Cəzalar yüngülləşdirildi
  08 Noyabr 2017    Oxunub:9396
Cinayət qanunvericiliyinin humanistləşdirilməsini nəzərdə tutan qanun layihəsi Azərbaycan Respublikasının Prezidenti tərəfindən imzalanıb.
Azərbaycan Respublikasının Prezidenti tərəfindən 2017-ci il fevralın 10-da “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Sərəncam imzalanıb. İmzalanan Sərəncam cinayət-hüquq siyasətinin liberallaşdırılması istiqamətində həyata keçiriləcək hüquqi islahatların yeni mərhələsinin başlanğıcını qoyub.

Proqram xarakteri daşıyan Sərəncamda verilmiş tapşırıq və tövsiyələrin yerinə yetirilməsini təmin etmək məqsədilə Cinayət Məcəlləsinə kompleks dəyişiklikləri əhatə edən qanun layihəsi hazırlanıb. Həmin Qanun layihəsi artıq Azərbaycan Respublikası Prezidenti tərəfindən imzalanaraq qüvvəyə minib.

Əhatəliliyinə, konseptuallığına və tənzimləmə sahəsinə görə Qanun son dövrlərdə hazırlanan ən geniş dəyişikliklər paketi hesab edilə bilər. Belə ki, burada Cinayət Məcəlləsinə ümumilikdə 300-ə yaxın dəyişiklik edilib.

Sərəncamda verilən tapşırıqlara müvafiq olaraq dəyişiklikləri konseptual olaraq aşağıdakı istiqamətlərdə qruplaşdırmaq mümkündür:

Birinci istiqamət - cinayətlərin dekriminallaşdırılması – dekriminallaşdırma iki istiqamətdə həyata keçirilmişdir:

- bütövlükdə 15 cinayət Məcəllədən çıxarılmışdır. Bunlar daha çox mülkiyyət və iqtisadi fəaliyyət sahəsində olan cinayətlər, habelə ehtiyatsızlıqdan törədilən cinayətlərdir.

- bununla yanaşı 3 cinayət əməlinə görə məsuliyyət yaradan hədd 5 dəfə artırılmaqla dekriminallaşdırılmışdır. Bu mülkiyyət əleyhinə olan cinayətlərdir, burada cinayət məsuliyyəti yaradan hədd 100 manatdan 500 manatadək artırılmışdır. Lakin bu əməllərin Cinayət Məcəlləsindən çıxarılması bu cür əməlləri törədənlərin cəzasız qalacağı demək deyildir. Həmin əməllər İnzibati Xətalar Məcəlləsinə daxil edilmişdir və buradakı normalar da təkmilləşdirilmişdir. Həmçinin bir sıra ictimai təhlükəli əməllərə görə hədd dəyişdirilməmişdir (məsələn, təkrar, yaşayış sahəsinə daxil olmaqla, saxlanc yerlərinə daxil olmaqla törədilən cinayətlər).

Sərəncamda verilmiş tapşırıqlara müvafiq olaraq ikinci konseptual istiqamət – azadlıqdan məhrum etmə cəzasının tətbiq edilməsi hallarının azaldılmasıdır.

Aparılmış təhlillər göstərmişdir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsində mövcud olan cinayət tərkiblərinin 60%-nin sanksiyasında azadlıqdan məhrum etmə alternativsiz olaraq yeganə cəza növü kimi nəzərdə tutulur. Bu tərkiblərin təqribən 40%-ni böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlər təşkil edir. Sanksiyalarda alternativ cəzaların olmaması son nəticədə azadlıqdan məhrum edilmiş şəxslərin sayının artmasına səbəb olurdu.

Yeni müəyyən edilmiş azadlığın məhdudlaşdırılması cəzasının məhz bu problemin aradan qaldırılmasında mühüm vasitə olacaqdır. Azadlıqdan məhrum etmə cəzasının tətbiqi hallarının azaldıması və sanksiyalara alternativ cəzaların daxil edilməsi məqsədilə Cinayət Məcəlləsinə yeni növ cəza daxil edilmişdir. Bu, məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarət olan azadlığın məhdudlaşdırılması cəzasıdır. Bu cəzanın mühüm xüsusiyyəti böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş şəxsin ailənin və cəmiyyətin islah edici təsirindən istifadə edərək islah edilməsinə şərait yaradılmasından ibarətdir.

Beləliklə 152 cinayətin sanksiyasına azadlıqdan məhrum etməyə alternativ azadlığın məhdudlaşdırılması və sair cəmiyyətdən təcrid etmə ilə bağlı olmayan cəzalar daxil edilib.

Azadlıqdan məhrum etmə cəzasının daha çox tətbiq edilməsini bəzən şərtləndirən hallardan biri də cəmiyyətdən təcrid etmə ilə bağlı olmayan cəzaların icrasının təmin edilməsindəki çətinliklər olmuşdur. Bu çətinliklərin aradan qaldırılması məqsədilə həm institusional vasitələrdən, həm də müasir texnoloji vasitələrdən istifadə edilməsi nəzərdə tutulub.

Belə ki, Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 7 noyabr tarixli Fərmanı ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyində baş idarə səlahiyyətli Probasiya Xidməti yaradılmış, onun təşkil edilməsi üçün Nazirliyə əlavə olaraq 65 ştat vahidi verilmiş və fəaliyyətinin təmin edilməsi üçün Nazirlər Kabinetinə müvafiq tapşırıq verilib.

Probasiya terminin latıncadan tərcüməsi sınaq deməkdir və bu institut əksər qərb ölkələrinin İsveç, ABŞ, Finlandiya, Latviya, Böyük Britaniya, Danimarka, Estoniya və digər ölkələrin cinayət mühakimə sistemlərinin mühüm tərkib hissəsidir.

Yeni yaradılmış Probasiya xidməti azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəzalara (ictimai işlər, islah işləri, azadlığın məhdudlaşdırılması və s) məhkum edilmiş, habelə şərti məhkum edilmiş və ya cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş şəxslərə nəzarət edilməsi sahəsində ixtisaslaşmış orqan olacaqdır. Məhz bu sahədə ixtisaslaşmış qurumun yaradılması qeyd edilən cəzaların effektiv icrasını təmin etmək, işin təşkilini keyfiyyətcə yeni səviyyəyə qaldırmaq, məhkumların islah edilməsi, sosial adaptasiya və reabilitasiyasına yönəlmiş kompleks sosial-hüquqi xarakterli tədbirlər sistemini tətbiq etmək, bu fəaliyyətdə müasir informasiya-kommunikasiya texnologiyalarının nailiyyətlərindən daha çox istifadə etməyə imkan verəcəkdir.

Az əvvəl qeyd etdiyimiz müasir texnoloji vasitələrdən istifadə edilməsi ilə bağlı yenilik isə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxslərə elektron qolbaqlar və monitorinq sisteminin köməyi ilə nəzarət edilməsi olacaqdır. Yəni sadə şəkildə izah etsək şəxsin yerdəyişmələri bu vasitələrlə izlənəcək və yaşayış yerini və ya ərazini tərk etməsi dərhal qeydə alınacaqdır.

Elektron nəzarət vasitələrinin tətbiqi sahəsində Avropa ölkələrində aparılmış tədqiqatlar göstərir ki, belə vasitələrin tətbiq edildiyi məhkumların 91% cəzanın çəkilməsi şərtlərini pozmur, 94% isə yenidən cinayət törədilməsindən çəkinir. Elektron nəzarət vasitələrindən həmçinin şərti məhkum etmə və ya cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə institutlarının tətbiqi zamanı istifadə edilə biləcəkdir.

Bunadan əlavə, Qanun layihəsinə əsasən Cinayət Məcəlləsində nəzərdə tutulmuş sanksiyalar təftiş edilərək 36 cinayətə görə müəyyən edilmiş azadlıqdan məhrum etmə cəzasının hədləri azaldılmışdır. Nəticədə 18 cinayət əməli az ağır cinayət kateqoriyasından böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına, 4 cinayət əməli isə ağır cinayətdən az ağır cinayətlər kateqoriyasına keçirilmişdir. 13 sanksiyalarda azadlıqdan məhrum etmənin azaldılması kateqoriya dəyişikliyinə səbəb olmayıb.

Azadlıqdan məhrum etmə cəzasının tətbiqi hallarının azaldılması məqsədilə həyata keçirilən növbəti islahat – narkotik vasitələrin və ya psixotrop maddələrin qanunsuz istehlakı sahəsindədir. Bu sahədə bir çox xarici dövlətlərin cinayət qanunvericiliyi təhlil edilmişdir. Beynəlxalq praktikada bu bəlaya qarşı mübarizədə bir çox yollar vardır narkotik vasitələrin istehlakının tam leqallaşdırılmasından tutmuş bu əməllərə görə ən sərt cəzaların tətbiqinədək.

Layihədə təqdim edilən təklif beynəlxalq praktikada mövcud olan ən humanist variantlardan biridir. Layihəyə əsasən biz narkotik vasitələrin istifadəçilərini ilk növbədə narkomaniya xəstəliyinə düçar olmuş şəxs kimi qəbul edirik. Və müvafiq olaraq həmin şəxslərin müalicə edilməsi təmin edilir. Yəni Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətmiş, Satış məqsədi olmadan narkotik vasitə əldə etmə cinayəti törətmiş şəxs əməlində başqa cinayət tərkibi olmayan və narkomaniya xəstəliyinə düçar olmuş şəxs barəsində məhkəmə tərəfindən bu xəstəliklə əlaqədar stasionar qaydada tibbi xarakterli məcburi tədbirlər tətbiq edilir. Yəni dövlət həmin şəxslərin müalicə edilməsini öhdəsinə götürür. Həmin şəxsin tam sağalması nəticəsində tibbi xarakterli məcburi tədbirlər ləğv edildikdə, məhkəmə şəxsi cinayət məsuliyyətindən azad edir.

Yəni narkomaniya xəstəliyinə düçar olmuşdursa ona bu xəstəlikdən azad olmaq üçün şans, imkan verilir, bu imkan tam olaraq dövlət hesabına həyata keçirilir.

Lakin əgər şəxs tibbi xarakterli məcburi tədbirlərin tətbiqindən yayınarsa tibb müəssisəsinin müdiriyyətinin məlumatı əsasında cinayət məsuliyyətinə cəlb edilir.

Eyni zamanda qeyd edilməlidir ki, bu imkan şəxsə yalnız bir dəfə verilir və təkrar həmin cinayətin törədilməsi zamanı bu normalar tətbiq eilməyəcəkdir.

Sərəncamda verilən növbəti istiqamət – ictimai təhlükəliliyi maddi ziyanın vurulması ilə əlaqədar olan cinayətlərlə bağlı liberallaşdırmadır. Bu məqsədlə Qanun layihəsində mülkiyyət əleyhinə və iqtisadi fəaliyyət sahəsində törədilən 35 cinayətə münasibətdə qanunvericilik liberallaşdırılmışdır. Yeni normalara əsasən bu kateqoriyadan olan 10 cinayəti cinayətləri törətmiş şəxslər vurulmuş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilirlər. 25 cinayətə görə daha böyük məbləğdə (xeyli və külli miqdarda) ziyan vurmuş və ya qeyri-qanuni gəlir əldə etmiş şəxslər isə dəymiş ziyanı tamamilə ödədikdə və bundan əlavə cinayət nəticəsində vurulmuş ziyanın bir misli (bəzi cinayətlərə görə iki misli) miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilirlər.

Eyni zamanda Cinayət Məcəlləsində nəzərdə tutulmuş zərərçəkmiş şəxslə barışma institutu daha da təkmilləşdirilmiş, 14 cinayət üçün zərərçəkmiş şəxslə barışmaqla və ziyanın ödənilməsi şərti ilə cinayət məsuliyyətindən azad etmə imkanı müəyyən olunub.

Həmçinin qanun layihəsində cinayət qanunvericiliyinin təkmilləşdirilməsi istiqamətində də bir çox mühüm dəyişikliklər edilmişdir. Konstitusiya Məhkəməsi Plenumunun 10-dan çox qərarında qeyd edilmiş və qanunvericiliyin təkmilləşdirilməsi tövsiyə edilmiş məsələlər layihədə əksini tapmışdır. Bu məsələlərə təkrarlıq, residiv, xuliqanlıq, cinayətin ilk dəfə törədilməsi, xüsusi və hərbi rütbədən məhrum etmə, əlavə cəzaların təyini və digər məsələlərdir.

Bundan əlavə Sərəncamla verilmiş tapşırıqların icrası çərçivəsində Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə və Cəzaların İcrası Məcəlləsinə də dəyişikliklərin edilməsini nəzərdə tutan qanun layihələri Azərbaycan Respublikası Prezidentinin qanunvericilik təşəbbüsü qaydasında Milli Məclisə göndərilib.

AzVision.az




Teqlər: Cinayət-Məcəlləsi  





Xəbər lenti