Azərbaycanda pensiyalarla bağlı xüsusi komissiya yaradılacaq

Azərbaycanda pensiyalarla bağlı xüsusi komissiya yaradılacaq
  08 Noyabr 2017    Oxunub:3094
“Azərbaycanda 1992-ci ilədək staja görə pensiyaların hesablanması ilə bağlı xüsusi hökumət komissiyası yaradılacaq”.

AzVision.az-ın məlumatına görə, bunu 2018-ci il üzrə Azərbaycanın dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov deyib.
Nazir qeyd edib ki, artıq pensiyaların maliyyələşdirilməsində dəqiq bölgü prinsipi mövcuddur:

“Pensiyaların 1992-ci ilədək olan stajlar üzrə formalaşma öhdəlikləri, o cümlədən dövlət qulluqçuları, hərbi qulluqçular və bu kateqoriyaya aid olan şəxslərin pensiyalarına verilən əlavələr dövlət büdcəsinin öhdəlikləri hesab edilib. Hazırda biz Maliyyə Nazirliyi ilə birlikdə 1 milyon 3330 min nəfər pensiyaçının hər birinin pensiya işini araşdırırıq. Yaxın zamanlarda Nazirlər Kabinetinin xüsusi qərarı ilə hökumət komissiyası yaradılacaq. Nəzərdə tuturuq ki, 6 ay ərzində 1 milyon 330 min pensiyaçının hər birinin işinə baxaq. Hər bir pensiya işində 1992-ci ilədək nə qədər staj varsa tapılacaq və bu stajlar üzrə ödənişlər hesablanacaq”.

S.Müslümov bildirib ki, 1992-ci ilin əvvəlindən başlayaraq 2016-cı ilədək hər bir il staj üçün 4,16 manat verilir: “1992-ci ilədək dövrdə sosial sığorta sistemi olmayıb, lakin hökumət həmin dövr üçün pensiya verməyi bir öhdəlik kimi üzərinə götürüb. Komissiya işini bitirdikdə tam məbləğ ortaya çıxacaq. Bu borc dövlət büdcəsinin borcu olduğu üçün belə qərara gəldik ki, xüsusi komissiya yaradılsın. Düşünürük ki, 6 ay ərzində prosesi yerinə yetirmək olar. Bundan sonra hər ilin büdcəsində dəqiq yazılacaq ki, dövlət büdcəsinin öhdəlikləri nə qədərdir və nəyin hesabına formalaşır”.

Elvin Abdulqədirov
AzVision.az


Teqlər: Səlim-Müslümov   Pensiya  





Xəbər lenti