“Bayraq yürüşü”ndən möhtəşəm görüntülər - FOTOLAR

  08 Noyabr 2017    Oxunub : 7527
“Bayraq yürüşü”ndən möhtəşəm görüntülər - FOTOLAR

Bu gün Təhsil Nazirliyi Müdafiə Nazirliyi və “ASAN xidmət”lə birgə Tərtər rayonunda 9 noyabr-Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü münasibəti ilə “Bayraq yürüşü” keçirib.

AzVision.az xəbər verir ki, yürüşün keçirilməsində əsas məqsəd milli atributlarımızın təbliği, gənclər arasında vətənpərvərlik hissinin və milli-mənəvi dəyərlərin aşılanmasıdır. Yürüşdə Təhsil və Müdafiə nazirliklərinin rəhbər şəxsləri, millət vəkilləri, “ASAN xidmət”in əməkdaşları, hərbçilər, tanınmış ziyalılar, idmançılar, müəllim və şagirdlər, QHT və KİV nümayəndələri iştirak edib. Yürüşdən əvvəl iştirakçılar Tərtər rayonunun mərkəzi meydanında ulu öndərin xatirəsinə ucaldılmış abidənin önünə gül dəstələri qoyublar.



Yürüş hərbi orkestrin ifasında Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Yürüşdən sonra keçirilən tədbirdə çıxış edən təhsil nazirinin müavini Firudin Qurbanov Azərbaycan dövlətinin və istiqlalının müqəddəs rəmzlərindən olan bayrağın milli kimliyimizin simvolu olduğunu vurğulayıb. Firudin Qurbanov hər bir azərbaycanlının qürur yeri olan dövlət bayrağının tarixindən söz açıb və Təhsil Nazirliyinin təşəbbüsü ilə ənənəvi olaraq keçirilən “Bayraq yürüşü”nün gənclərin milli dəyərlərə ehtiram, milli ideallara bağlılıq ruhunda tərbiyə olunması baxımından əhəmiyyətini diqqətə çatdırıb. Nazir müavini qeyd edib ki, varlığımızı və gücümüzü dünyaya tanıdan bayrağımızın işğal altında olan ərazilərimizdə dalğalanacağı gün uzaqda deyil və ölkə Prezidentinin rəhbərliyi altında buna nail olacağıq.



Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov çıxış edərək bildirib ki, Dövlət Bayrağı Gününün qeyd olunması dövlətçilik tariximizin əlamətdar hadisəsidir. Son illər ölkəmizin artan nüfuzunu diqqətə çatdıran icra başçısı mötəbər idman yarışlarında, mədəni tədbirlərdə dövlət bayrağımızın zirvələrə yüksəldiyini vurğulayıb.



M.Məmmədov hərbçilərimizin ötən ilin aprel döyüşlərində göstərdiyi şücaətdən söz açıb. İcra başçısı vurğulayıb ki, bu gün də ordumuz torpaqlarımızı işğaldan azad etməyə hazırdır. Digər çıxış edənlərdə bayraq günün önəmindən danışıblar. Daha sonra əsgərlər döyüş hazırlığı səviyyəsini nümayiş etdiriblər, “ASAN Könüllüləri”n və şagirdlərin ifasında bayrağımıza həsr olunmuş şeir, mahnı və rəqslər ifa olunub.



2000 nəfərdən çox iştirakçının qatıldığı yürüşün sonunda iştirakçılar xatirə fotosu çəkdiriblər. Yürüşdən sonra təhsil nazirinin müavini Firudin Qurbanov Tərtər rayonu Qapanlı kənd tam orta məktəbinin şagird və müəllim kollektivi ilə görüşüb, onlarla söhbət edib və təhsil ocağına hədiyyələr təqdim olunub.



Anar Kəlbiyev
Foto: Elvin Abdulla

AzVision.az

Foto


Teqlər: TərTər   Bayraq-Yürüşü