Cenevrədə Azərbaycanla bağlı konfrans keçirilib

Cenevrədə Azərbaycanla bağlı konfrans keçirilib
  09 Noyabr 2017    Oxunub:1370
7 noyabr 2017-ci il tarixində Birləşmiş Millətlər Təşkilatının (BMT) Cenevrə Bölməsində "Mədəniyyətlərarası dialoq yolu ilə münaqişələrin qarşısının alınması - Azərbaycanın nümunəsi" mövzusunda Azərbaycanın Cenevrədəki Daimi Nümayəndəliyi, Avropa Azərbaycan Cəmiyyəti Fondunun (TEAS) Fransa Bölməsi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə konfrans keçirilib.
XİN-dən AzVision.az-a verilən xəbərə görə, hər il ənənəvi olaraq, İsveçrə Konfederasiyasının dəstəyi ilə BMT-nin Bölməsi, Beynəlxalq və İnkişaf Araşdırmaları üzrə Məzun İnstitutu ilə əməkdaşlıqda sülhün təşviqinə həsr edilən 50-dən artıq konfrans, dəyirmi masa, seminar və digər silsilə tədbirlərdən ibarət Cenevrə Sülh Həftəsi təşkil edilir. Həmin təşəbbüs çərçivəsində təşkil edilən konfransda Dövlət Komitəsinin beynəlxalq əlaqələr şöbəsinin rəhbəri Nicat Məmmədli, Avropa Azərbaycan Cəmiyyəti Fondunun direktoru Lionel Zetter (Böyük Britaniya), iqamətgahı Cenevrədə yerləşən Parlamentlərarası İttifaqının nümayəndəsi səfir Anda Filip (Rumıniya), Sapyenza Universitetinin professoru Daniel Pomyer Vinçelli (İtaliya) və İnsan Hüquqlarının İnkişafı və Qlobal Dialoq üzrə Cenevrə Mərkəzinin icraçı direktoru, eyni zamanda BMT-nin xüsusi məruzəçisi İdriss Cazairi (Əlcəzair) əsas məruzəçilər qismində çıxış edib.

Tədbirdə zorakılıq, ekstremizm və ksenofobiyaya qarşı mübarizədə beynəlxalq dialoq və multikulturalizmin rolu müzakirə olundu, bu xüsusda Azərbaycanda multikulturalizm və tolerantlıq ənənələri, həmçinin mədəniyyətlər və dinlərarası dialoqun bütün səviyyələrdə təşviqinə ölkəmizin verdiyi töhfəsi təqdim edildi. Müasir dünyada dini və etnik zəmində baş verən münaqişələrin artan xətlə inkişaf etdiyi halda, natiqlər Şərqlə Qərbin kəsişməsində yerləşən Azərbaycanın tolerantlıq və multikulturalizm nümunəsi olduğunu qeyd ediblər.

Həmçinin, Konfransda nümayiş etdirilmiş “Azərbaycan - tolerantlıq məkanı” adlı sənədli film tədbir iştirakçılar tərəfindən böyük maraq və rəğbətlə qarşılanıb.

Tədbirə qatılmış 70-dən artıq beynəlxalq təşkilatın nümayəndələri, səfirlər, diplomatlar, QHT nümayəndələri və tədqiqatçıların çoxsaylı sualları əsasında müzakirələr Konfransın ardınca təşkil edilmiş milli mətbəximizin nümunələrindən ibarət ziyafət zamanı davam edib.

AzVision.az


Teqlər: BMT   Cenevrə   Azərbaycan  





Xəbər lenti