Məmmədyarov Afrika İttifaqı Komissiyasının sədri ilə görüşüb

  09 Noyabr 2017    Oxunub : 350
Məmmədyarov Afrika İttifaqı Komissiyasının sədri ilə görüşüb

Xarici işlər naziri Elmar Məmmədyarov Efiopiyaya səfəri çərçivəsində Afrika İttifaqı Komissiyasının sədri Musa Faki Mahamat ilə görüşüb.

AzVision.az-ın XİN-nin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, görüşdə Azərbaycan və Afrika İttifaqı arasında əməkdaşlığın inkişaf etdirilməsi yollarına dair fikir mübadiləsi aparılıb.

Afrika İttifaqı yanında müşahidəçi statusunda Azərbaycanın son illər ərzində təşkilatla əlaqələrinin genişlənməsi, qarşılıqlı səfər mübadilələrinin həyata keçirilməsi məmnuniyyətlə qeyd olunub.

Elmar Məmmədyarov Azərbaycan və Afrika İttifaqı ölkələri arasında iqtisadi, təhsil, səhiyyə, informasiya texnologiyaları və humanitar sahələrdə əməkdaşlığın dərinləşdirilməsi üçün geniş potensialın mövcud olduğunu diqqətə çatdırıb. O, əlavə edib ki, SSRİ dövründə Azərbaycanda təhsil almış Afrikadan olan gənclər bu gün qitə ilə Azərbaycan arasında dostluq körpüsü rolu oynayırlar.

Nazir Azərbaycanın 2012-2013-cü illərdə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü, 2017-2019-cu illər üzrə isə BMT-nin İqtisadi və Sosial Şurasının (ECOSOC) üzvü kimi Afrika qitəsinin problemlərinə xüsusi diqqət ayırdığını vurğulayıb. O, həmçinin Azərbaycan ilə YUNESKO arasında fəaliyyət göstərən Etimad Fondu vasitəsilə Keniya, Tanzaniya, Uqanda və Liberiyada qızların təhsili üzrə layihələrin uğurla həyata keçirildiyini qeyd edərək Afrika İttifaqı Komissiyasının sözügedən layihələrə tərəfdaş qismində cəlb edilməsinin vacibliyi bildirib.
ASAN xidmət konsepsiyası haqqında danışan Elmar Məmmədyarov Azərbaycanın bu uğurlu təcrübəni Afrika qitəsi ölkələri ilə bölüşməyə hazır olduğunu və ASAN xidmətin Afrika İttifaqında təqdimatının keçirildiyini qeyd edib.

Azərbaycanın kosmik, informasiya və kommunikasiya texnologiyaları sahəsində əldə etdiyi nailiyyətlərindən danışan nazir, Afrika İttifaqı ölkələrinin Azərbaycanın süni peyklərinin imkanlarından yararlana biləcəyini nəzərə çatdırıb.

Ölkəmizin Ermənistanın hərbi təcavüzü və bir milyondan artıq qaçqın və məcburi köşkün problemi ilə üzləşməsinə baxmayaraq, effektiv idarəçilik, sosial-iqtisadi və insan kapitalının inkişafı baxımdan əldə etdiyi nailiyyətlərindən danışan Elmar Məmmədyarov dayanıqlı inkişafın təməli kimi insan resurslarının inkişafı məqsədilə paytaxt Bakının “Expo2025” namizəd şəhər olduğunu bildirib.

Musa Faki Mahamat Azərbaycanın Afrika İttifaqı ilə əməkdaşlığın inkişaf etdirilməsinə verdiyi əhəmiyyətin, qitə üzrə humanitar layihələri dəstəkləməsinin və beynəlxalq təşkilatların Afrika üzrə layihələrinə cəlb olunmasının yüksək qiymətləndirildiyini diqqətə çatdırıb. O, Afrika İttifaqının da Azərbaycan ilə əməkdaşlıqda maraqlı olduğunu vurğulayıb və bu səfərin ikitərəfli əlaqələrin daha da inkişafına təkan verəcəyinə əminliyini ifadə edib.

Görüş əsnasında qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

AzVision.az

Teqlər: XİN   Məmmədyarov