Azərbaycanla Afrika İttifaqı arasında əməkdaşlıq müzakirə olunub

Azərbaycanla Afrika İttifaqı arasında əməkdaşlıq müzakirə olunub
  10 Noyabr 2017    Oxunub:1207
Xarici işlər naziri Elmar Məmmədyarov Efiopiyaya səfəri çərçivəsində Afrika İttifaqının Sülh və Təhlükəsizlik məsələləri üzrə komissarı Smail Şərqi ilə görüşüb.
XİN-dən AzVision.az-a verilən məlumata görə, görüş zamanı Azərbaycanın Afrika İttifaqı yanında müşahidəçi statusu qismində təşkilatla əlaqələrinin genişləndiyi və yüksək səviyyəli qarşılıqlı səfərlərin olduğu bildirilib.

Elmar Məmmədyarov Azərbaycanın 2012-2013-cü illərdə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü olan zaman Afrika qitəsində sülh və təhlükəsizlik problemlərinə xüsusi diqqət yetirdiyini nəzərə çatdırıb. O, Azərbaycanın regional və beynəlxalq səviyyədə sülh və təhlükəsizliyin təmin olunmasına verdiyi töhfələrindən danışıb.

Azərbaycanın ikitərəfli və çoxtərəfli əsasda Afrika dövlətləri ilə əlaqələrin inkişafına əhəmiyyət verdiyini deyən nazir qitə dövlətləri ilə Azərbaycan arasında Cənub-Cənub əməkdaşlığı kontekstində siyasi, iqtisadi, humanitar, elm-təhsil və digər sahələrdə əməkdaşlıq üçün geniş imkanların olduğunu bildirib.

Smail Şərqi səfərin Afrika İttifaqı ilə Azərbaycan arasında dialoqun və əməkdaşlığın inkişafına mühüm töhfə verdiyini qeyd edib.

Görüş əsnasında Afrika İttifaqı ilə Azərbaycan arasında dialoq və məsləhətləşmələrin davam etdirilməsi, nümayəndə heyətlərinin səfərlərinin həyata keçirilməsi və qarşılıqlı maraq doğuran sahələrdə təcrübə mübadiləsinin aparılmasının əhəmiyyəti vurğulanıb.



AzVision.az


Teqlər: Azərbaycan   Afrika   Elmar-Məmmədyarov  





Xəbər lenti