Azərbaycanda vərəmə yoluxanların sayı açıqlandı

Azərbaycanda vərəmə yoluxanların sayı açıqlandı
  10 Noyabr 2017    Oxunub:1749
Kişilər arasında daha çox 24 yaşdan 44 yaşadək olanlar vərəm xəstəliyinə yoluxurlar.AzVision.az xəbər verir ki, bunu Elmi-Tədqiqat Ağ Ciyər Xəstəlikləri İnstitutunun direktor müavini İradə Axundova deyib.
Onun sözlərinə görə, vərəm saç və dırnaqdan başqa hər bir orqanı zədələyə bilir: “Dırnaq və saçda olan müəyyən hüceyrələr vərəm mikroblarının yayılmasına mane olur. Hər bir orqanın vərəmi olduğu halda vərəm üzrə mütəxəssis olmayan həkimlər bunu başa düşə bilmirlər və şəxsi başqa xəstəlik üzrə müalicə edirlər”.

İ.Axundova qeyd edib ki, dünyada hesablanmış və effektiv müalicə almış xəstələrin sayı artır: “Vərəm və İİV-in daha çox Asiya və Afrika ölkələrində yayılır. Azərbaycan o ölkələrdəndir ki, vərəm infeksiyası aktuallığını saxlamaqdadır. Lakin bu problemin həlli üzərində iş aparılır. Vərəm diaqnozu qoymaq çox asandır. Saat yarımın içində vərəm mikrobunu tapıb dərmanlara həssaslıq testini edirik. Bu bizə imkan verir ki, lazım olan adekvat müalicəni edək. Vərəm xəstəliyinin müalicəsi formasından asılı olaraq minumum 6 ay, davamlı vərəm infeksiyası hallarında isə maksimum 24 ayadək davam edə bilər. Müalicə kursunu keçəndə şəxs vərəmdən tam azad olur”.

İ.Axundova bildirib ki, son 5 ildə Azərbaycanda vərəmlə xəstələnmə sayı azalıb: “Yeni xəstələrin sayı 2016-ci ildə (xəstələnmə) hər 100 000 əhaliyə 3,8-dir. Ölkədə indi 7 mindən aşağı vərəm xəstəsi qeydiyyatdadır. Onların 3 mindən bir qədər artığı yeni xəstədir. Onların içərisində 29,9-u ağciyər vərəmi, 9-u insan ağciyərdən kənar vərəmi olan xəstələrdir. Ölüm sayı 2015-ci ildə 1 000 000 nəfərə 4,1 idisə, 2016-ci ildə bu rəqəm 3,8-dir. Müalicə nəticələri də qalxıb. Həssas xəstələr arasında ilkin xəstələrin sağalma faizi 83, təkrar xəstələrin sağalma faizi 73-dür. Ümumilikdə son 5 ildə ölkədə vərəm xəstəliyinin dinamikasında müsbət dəyişikliklər qeydə alınıb. 2010-cu ildə 100 000 nəfərə 53,5 xəstəlik var idisə (hər 100 000 əhali arasında ümumi vərəm xəstələrin sayı), 2016-ci ildə bu 100 000 nəfərə 38,9-dək azalıb”.

İnstutun direktor müavini uşaqlar və yeniyetmələr arasında vərəmlə xəstələnmə göstəricisinin hər il azaldığını deyib: “Vərəmli xəstələr arasında 4 faizi 0-14 yaş arasında olan uşaq və yeniyetmələrdir. Dünyada isə hər il 10 faiz uşaq və yeniyetmə vərəm xəstəliyinə yoluxur”.

Aytən Zəhra
AzVision.az


Teqlər: Vərəm  





Xəbər lenti