Səyyar “ASAN xidmət” Qax, Şəmkir, Ələtdə

Səyyar “ASAN xidmət” Qax, Şəmkir, Ələtdə
  10 Noyabr 2017    Oxunub:1610
Səyyar ASAN xidmət 10-24 noyabr tarixlərində Qax şəhəri və Qaradağ rayonunun Ələt qəsəbəsində, 10 noyabr-9 dekabr tarixində Şəmkir şəhərində vətəndaşlara səyyar formada xidmət göstərəcək.
Bu barədə AzVision.az-a Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İnformasiya təminatı şöbəsindən məlumat verilib. Bununla yanaşı, səyyar avtobuslar 23 oktyabr-11 noyabr Ağsu rayonu, 27 oktyabr-25 noyabr Qusar, Yevlax və Biləsuvar şəhərləri, 28 oktyabr-11 noyabr H.Z.Tağıyev qəsəbəsində, 30 oktyabr-28 noyabr Salyan şəhərində vətəndaşların xidmətində olacaq.

Səyyar şəkildə göstərilən xidmətləri Ədliyyə, Daxili İşlər, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirlikləri və Əmlak Məsələləri Dövlət Komitəsi təqdim edir.

Bu xidmətlərə notariat fəaliyyəti, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı, şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi, ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi, sürücülük vəsiqələrinin dəyişdirilməsi, əmək pensiyalarının təyin edilməsi, mənzillər üzərində mülkiyyət hüquqlarının ilkin və təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi, daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışların verilməsi, fərdi yaşayış evləri üzərində mülkiyyət hüquqlarının təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi daxildir.

Qeyd edək ki, Səyyar "ASAN xidmət"in həyata keçirilməsinin əsas məqsədləri dövlət xidmətlərinin vətəndaşlara daha rahat, yeni və innovativ üsullarla təqdim edilməsi, vətəndaşlar üçün əlçatanlığın təmin edilməsi və vətəndaş məmnunluğuna nail olunmasıdır.

AzVision.az




Teqlər: Səyyar-ASAN-Xidmət  





Xəbər lenti