“ASAN Xidmət bizi təəccübləndirib” – Avstriyanın Bakıdakı səfiri (MÜSAHİBƏ+VİDEO)

  10 Noyabr 2017    Oxunub : 1209
“ASAN Xidmət bizi təəccübləndirib” – Avstriyanın Bakıdakı səfiri (MÜSAHİBƏ+VİDEO)

Avstriyanın Azərbaycandakı səfiri Aksel Vex (Axel Wech) AzVision.az-a eksklüziv müsahibə verib.

- Cənab səfir, Azərbaycan və Avstriya arasındakı ikitərəfli əlaqələrin mövcud səviyyəsini necə qiymətləndirirsiniz?


- Əlaqələrin səviyyəsindən məmnunam. Biz demək olar ki, bütün sahələrdə biri-birimizi dəstəkləyirik. BMT, Avropa Birliyi-Azərbaycan əməkdaşlığı çərçivəsində sıx əməkdaşlığımız var.

- Bundan sonra Avstriya Azərbaycanla hansı sahələrdə münasibətləri inkişaf etdirmək niyyətindədir?

- Biz “Nabucco” layihəsinin inkişafında çox maraqlı idik, təəssüf ki, uğursuz oldu... Tikinti sahəsində sıx əməkdaşlığımız var. Avstriya şirkətləri Xalça Muzeyi və hava limanının yeni terminalının inşasında böyük rol oynayıblar. Dəmir yolları sahəsində də potensial var. Azərbaycan Şimal-Cənub, Şərq-Qərb əlaqələrində kommunikasiya və enerji dəhlizi hesab olunur. Ümumiyyətlə, Azərbaycan iqtisadiyyatını diversifikasiya edir, digər biznes modelləri üçün imkanlar yaradır. Prezident İlham Əliyev bu sahəyə hər zaman diqqət ayırır.

Bundan başqa, Azərbaycan Dəmir Yolları ilə əməkdaşlıqdan məmnunuq. Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə verilməsi neftdən asılılığın azaldılmasında müstəsna rol oynayacaq. Kənd təsərrüfatı sahəsində əməkdaşlığı daha da genişləndirmək niyyətindəyik.

Üçüncü böyük sahə isə turizm sahəsidir. Bu sahədə Bakı Turizm Universiteti və Krems Ali Peşə İnstitutu artıq on ildir əməkdaşlıq edirlər.



- Avstriya ölkəmizə nə qədər sərmayə qoyub?

- 2015 və 2016-cı illərdə iqtisadi göstəricilərdə ciddi düşüş qeydə alınıb. Buna baxmayaraq, 2017-ci ilin göstəricilərində müsbət dəyişikliklər var. Çox təəssüf, ki Azərbaycandan Avstriyaya ixracatın 99%-ni neft və neft məhsulları təşkil edir. Əminəm ki, gələcək illərdə bura gələn şirkətlərin sayı daha da çoxalacaq.

- Bəs, yüksək texnologiyalar sahəsində Avstriya Azərbaycanla birgə əməkdaşlıq planlaşdırırmı?

- Start-uplar sahəsində son zamanlar bir çox uğurlara imza atmışıq. Bu, bizim üçün çox vacibdir. İl yarım bundan əvvəl avstriyalı mütəxəssislər dövlətin informasiya texnologiyaları sektoru ilə yaxından tanış olub. “Asan Xidmət”in işi bizi yaxşı mənada təəccübləndirib. ASAN-ın işi həqiqətən də təqdirəlayiqdir. ASAN-ın təcrübəsindən ayrı-ayrı şirkətlər vasitəsilə yararlanırıq.

- Cənab səfir, Avstriya, 2017-ci ildən ATƏT-ə sədrlik edir. Və ATƏT ərazisindəki münaqişələrlə mübarizə onun prioritetlərindən biridir. Avstriya Qarabağ münaqişəsilə əlaqədar hansı təşəbbüsləri irəli sürmək fikrindədir?

- ATƏT sədri bir növ vasitəçi kimi çıxış edir. Hər iki tərəf quruma inanmalıdır, çünki biz bu və ya digər tərəfə üstünlük verə bilmərik. Dağlıq Qarabağ münaqişəsinin həlli üçün təşəbbüsü Minsk qrupu və həmsədrlər göstərməlidir. Biz prezidentlərin və xarici işlər nazirlərinin görüşlərinin təşkilində heç zaman səylərimizi əsirgəməmişik. Avstirya Minsk qrupunun və Anjey Kasprşikin səylərini dəstəkləyir. Masa üzərində bir çox təkliflər var, münaqişənin həlli üçün onlar qəbul edilməlidir. Ancaq heç kimi onları qəbul etməyə məcbur etmək olmaz.

- Bakı-Tbilisi-Qars dəmir yolunun işə düşməsinin Avropa üçün önəmi nədir?

- Birincisi, “İpək Yolu 2.0” Çin və Avropa arasında dəmir yolu məsafəsini qısaldacaq. Avropaya gedən bir neçə yol var. Onlardan biri Xəzər dənizindən keçir. Bu mənada dəmiryol xətti çox vacibdir. Hər şeydən əvvəl, regional inkişaf, Türkiyə, Azərbaycan və Gürcüstan arasında nəqliyyat əlaqələrinin inkişafı baxımından vacibdir. Ələtdəki liman çox gözəl inşa edilib.

İkinci və çox vacib məqam, Şimal-Cənub marşrutu üzrə Sankt-PeterburqMoskvadan gələn yol Bakıdan keçərək, Bəndər Abbasa qədər uzanacaq. Bu yolla İran, Pakistan və Hindistan arasında dəmiryolu xətti açıla bilər. Bunlar, əlbəttə ki, uzunmüddətli layihələrdir. Əminəm ki, bu layihə vacib nəqliyyat qovşağı rolunu oynayacaq.



Adil Şamıyev
Zaur Bəndəliyev
AzVision.az

Teqlər: #Avstriya   #Aksel-Vex