“Cəza siyasətinin humanistləşdirilməsi müsbət qiymətləndirilməlidir”

“Cəza siyasətinin humanistləşdirilməsi müsbət qiymətləndirilməlidir”
  11 Noyabr 2017    Oxunub:1277
“Hüquq sisteminin fəaliyyətinin müasir və mütərəqqi prinsiplər əsasında təkmilləşdirilməsindən bəhs edərkən Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 2017-ci il 10 fevral tarixli Sərəncamını xüsusi qeyd etmək lazımdır”.
AzVision.az xəbər verir ki, bunu Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev bildirib. Onun sözlərinə görə, dövlət başçısının imzaladığı bu Sərəncam vətəndaşların hüquq və azadlıqlarının müdafiəsi və təmin olunmasının ədalət mühakiməsinin əsas məqsədlərindən biri olduğunu bəyan edərək, dövlətimizin demokratik dəyərlərə daimi sadiqliyini bir daha təsdiq edir:

“Həmin Sərəncamın icrasının təmin olunması ilə əlaqədar “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun layihəsi hazırlanaraq müzakirəyə təqdim edilib, Qanun layihəsi Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə göndərilib və ətraflı təhlil olunub. Təqdim olunan Qanun layihəsində cəza siyasətinin humanistləşdirilməsi məqsədilə bir sıra cinayətlərin dekriminallaşdırılması, cinayətlərin sanksiyalarına azadlıqdan məhrumetməyə alternativ azadlığın məhdudlaşdırılması cəza növünün əlavə olunması, törədilən əməlin ictimai təhlükəliliyi maddi ziyanla bağlı olan hallarda vurulmuş ziyan tamamilə ödənildikdə həbslə əlaqədar olmayan qətimkan tədbirlərinin tətbiqi və azadlıqdan məhrumetməyə alternativ cəzaların təyin olunmasının əsaslarının müəyyənləşdirilməsi işlərinin aparılması müsbət qiymətləndirilməlidir”.

O, qeyd edib ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin əsas məqsədi Konstitusiyanın aliliyini təmin etmək, hər kəsin əsas hüquq və azadlıqlarını müdafiə etməkdir:

“Məhkəməmiz Konstitusiyanın və qanunların ona verdiyi səlahiyyətlər çərçivəsində qəbul etdiyi qərarlarla bu məqsədləri həyata keçirir və ölkəmizin milli hüquq sisteminin inkişafına öz töhfəsini verir. Fəaliyyətə başladığı dövrdən Konstitusiya Məhkəməsi üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlməyə çalışıb, insan hüquqlarının və azadlıqlarının daha səmərəli həyata keçirilməsinə imkan verən qərarları ilə qısa müddətdə ictimaiyyətin etimadını qazanıb”.

AzVision.az


Teqlər: Konstitusiya-Məhkəməsi   Fərhad-Abdullayev  





Xəbər lenti