“Dəbdəbəli qəbirlərin kimə xeyri var?” - Millət vəkili

  11 Noyabr 2017    Oxunub : 2356
“Dəbdəbəli qəbirlərin kimə xeyri var?” - Millət vəkili

“Naxçıvanda qəbirüstü işlərin təsviri ilə bağlı qərarın qəbul edilməsi yaxşı haldır. Bu istiqamətdə atılmış addımı yüksək qiymətləndirirəm”.

Bunu AzVision.az-a Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin üzvü, millət vəkili Nizami Cəfərov deyib.

Deputat bildirib ki, bununla bağlı hər zaman müzakirələr olub və məzarlıqlarda müəyyən qayda-qanun yaradılması dəstəklənib:

“Məzarlıqlarda müyyən standartların olması vacibdir. Buna həm maddi, həm də mənəvi ehtiyac var. Bu daha çox cəmiyyətin özündən gəlməlidir. Bütün icra orqanları da bunu təşviq etməlidirlər. Bizim İctimai birliklər və dini qurumlar komitəsində dəfələrlə məsələ qaldırmışıq, təkliflər vermişik. Düşünürəm ki, bundan ötrü parlamentdə geniş müzakirələr açmağa o qədər də ehtiyac yoxdur. Amma millət vəkillərimiz, ziyalılarımız bu məsələyə münasibət bildirə bilərlər. Bu, çox vacib məsələdir. Naxçıvanda yeni qaydaların tətbiq edilməsi digər rayon və şəhərlərə də təsir edəcək”.

Komitə üzvü hesab edir ki, məzarlıqlarda həddindən artıq dəbdəbə yolverilməzdir. “Həddindən artıq dəbdəbənin mənası yoxdur. Bunun kimə xeyri var ki?! Əvəzində daha yaxşı işlər görmək olar. Kiminsə maddi imkanı varsa, məsələn, kəndinə su çəkdirə bilər, məktəbə kömək edər və ya yaşıllıq saldıra bilər. Bu istiqamətdə işlərin genişləndirilməsini təqdir edirəm”.

Qeyd edək ki, Naxçıvanda qəbirüstü işlərin təsviri ilə bağlı qərar qəbul edilib. Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2017-ci il 8 noyabr tarixli 115 nömrəli qərarı ilə yeni qaydalar təsdiq edilib. Belə ki, bundan sonra qəbirüstü abidələrin uzunluğu 2.20sm, eni isə 1.20 sm, başdaşı hündürlüyü 60 sm, eni 80 sm olacaq.

Anar Kəlbiyev
AzVision.az

Teqlər: Nizami-Cəfərov