“Azərbaycanın təcrübəsini öyrənmək istəyirik” – Fələstinin Bakıdakı səfiri (MÜSAHİBƏ+VİDEO)

“Azərbaycanın təcrübəsini öyrənmək istəyirik” – Fələstinin Bakıdakı səfiri (MÜSAHİBƏ+VİDEO)
  11 Noyabr 2017    Oxunub:8833
AzVision.az Fələstinin Bakıdakı səfiri Nasir Əbdül Kərim ilə müsahibəni təqdim edir:
- Cənab Səfir, Azərbaycanla Fələstin arasında diplomatik əlaqələr nə zamandan yaranıb?

- Bildiyimiz kimi, əslində Fələstin-Azərbaycan əlaqələri əsrlərdən bəri mövcuddur. Rəsmi olaraq isə ölkələrimiz arasında diplomatik əlaqələr 1991-ci ildən, Azərbaycan müstəqilliyini qazanandan bu günə kimi davam edir. Tarixi təxminən 25 ildir.

- Əlaqələrin hazırkı vəziyyətini necə qiymətləndirirsiniz?

- Azərbaycan və Fələstin əlaqələri güclüdür, möhkəmdir. Bu əlaqələr səfirlik fəaliyyətə başlayandan bəri günü-gündən güclənir. Bu, göz önündədir və bizi sevindirir. Azərbaycan Beynəlxalq dairələrdə Fələstinə daim dəstək nümayiş etdirir.

Qeyd etmək istərdim ki, Bakı son bir neçə il ərzində bir çox konfranslara, o cümlədən Fələstin probleminə həsr olunmuş konfranslara ev sahibliyi edib. Bir neçə ay bundan öncə Birləşmiş Millətlər Təşkilatının təşəbbüsü ilə Bakıda Müqəddəs Qüds şəhərinə aid bir konfrans təşkil olundu. Qüds şəhərinin infrastrukturunun daha da yaxşılaşdırılması üçün ölkəniz öz dəstəyini göstərdi, bütün məsələlərin həlli istiqamətində həmrəylik nümayiş etdirdi.

Fələstin və Azərbaycan arasında bir çox sahələrdə önəmli müqavilələr və sazişlər imzalanıb. Ölkələr arasında dövlət rəsmiləri səviyyəsində qarşılıqlı səfər mübadiləsi mövcuddur.

- Hazırda Qəzza zolağında vəziyyət necədir?

- Ümumilikdə Fələstindəki vəziyyət heç də yaxşı deyil, torpaqlarımız işğal altındadır. Müharibə hələ də davam edir. İrqi-ayrı seçkilik rejimi mövcuddur. Fələstin xalqının gündəlik üzləşdiyi problemlər var. Xüsusilə, Qəzza zolağında humanitar vəziyyət heç də ürəkaçan deyil. BMT-nin hesablamalarına görə, 2020-ci ildə Qəzza zolağında vəziyyət daha da pisləşəcək.

Fələstində hər şeyə - təbii resurslara, hətta içməli su resurslarına da işğalçı qüvvələr nəzarət edir. İçməli suyun yalnız 20 faizi fələstinlilərin təminatı üçün ayrılır. Elə bu, orada olan vəziyyətinnə qədər acınacaqlı olduğunu deməyə kifayət edir. Yüzlərlə belə misal çəkmək olar.

- Bəs, dünya ictimaiyyəti Fələstindəki bu cür vəziyyət barədə nə düşünür? Ümumiyyətlə, problemin həllini nədə görürsünüz, hansı addımlar atılmalıdır?

- Bildiyiniz kimi, Fələstin probleminə aid çoxlu qərarlar qəbul olunub. 100-ə qədər qanun və qətnamələr var. Qətnamələrdə İsrail tərəfinin Fələstin torpaqlarından geri çəkilməsi qeyd olunsa da, qarşı tərəf buna məhəl qoymur. İşğal olunmuş Fələstin ərazilərində qeyri-qanuni yaşayış məskənlərinin inşasını davam etdirir. Bu, bölgədə gərginlik yaradır.

Bəzi beynəlxalq qüvvələr isə susur, qarşı tərəfə təzyiq göstərilmir. Bundan başqa, “ikili standartlar” da mövcuddur. Məsələn, əksər hallarda BMT qətnamələrinin tez bir zamanda icra eləməsinin şahidi oluruq. Qətnamə çəkilən imzanın mürəkkəbi qurumamış icra edilir. Fələstin və bu kimi problemlərə gəldikdə isə vəziyyət dəyişir.



Lakin, qeyd etməliyəm ki, Beynəlxalq İctimaiyyətin ümumi rəyi Fələstinin xeyirinədir. Deməliyəm ki, Fələstin probleminin həlli bütövlükdə Orta Şərqdə sülh və əmin-amanlığın bərpasına yol açacaq. Məhz bu baxımdan Fələstin probleminin həlli vacibdir.

- Fələstin-İsrail məsələsində Azərbaycan dövləti hansı mövqedən çıxış edir?

- Azərbaycan hər zaman Fələstinin yanındadır. Fələstin məsələsi ilə bağlı tutduğu mövqeyə sadiqdir. Ölkələrimiz arasındakı əlaqələrin kökləri qədimlərə dayanır. Mərhum liderlər Yasir Ərəfat və Heydər Əliyevin təməlini qoyduğu dostluq əlaqələri bu gün də davam etdirilir. Hazırda ölkələrimiz arasında bir çox sahələrdə, mədəniyyət, təhsil sahələrində əməkdaşlıq mövcuddur. Azərbaycanda çoxlu sayda Fələstinli tələbələr təhsil alır. Təəssüf ki, Fələstindəki hazırkı vəziyyət əlaqələrin inkişafına mane olur. Ümid edirəm ki, Fələstin dövləti müstəqillik əldə etdikdən sonra gənc və müstəqil Azərbaycanın təcrübəsindən yararlanacaq. İnanıram ki, Azərbaycan bizimlə öz təcrübəsini bölüşəcək.

- Azərbaycan Respublikası Şərqi Qüdsü Fələstinin paytaxtı olaraq tanıyır. Buna olan münasibətiniz?..

- Şərqi Qüds məsələsində Azərbaycan mövqeyi birmənalıdır, Fələstinin mövqeyi ilə tam üst-üstə düşür. Yəni, Azərbaycan tərəfi Fələstin probleminin Beynəlxalq qanunvericiliyə uyğun olaraq həllinin tərəfdarıdır.

- Ölkəniz Ermənistan-Azərbaycan problemində hansı mövqedən çıxış edir?

- Fələstin dövləti Azərbaycanın Dağlıq Qarabağ münaqişəsinin həlli yönündə apardığı uzaqgörən siyasətini dəstəkləyir. İşğal altında olan bir xalq və dövlət kimi Dağlıq Qarabağ regionunda baş verənləri biz çox yaxşı dərk edirik. Fələstin Azərbaycan dövlətinin ərazi bütövlüyünün bərpası və işğalçı qüvvələrin Dağlıq Qarabağdan çəkilməsini nəzərdə tutan qətnamələrin qəbul olunmasının tərəfdarıdır.

Azərbaycanın gündən-günə güclənir, inkişaf edir. Bu, özlüyündə Azərbaycanın münaqişənin beynəlxalq qanunvericilik çərçivəsində həllinə nail olacağından xəbər verir.

- Dost ölkə kimi Fələstinin bu münaqişənin həlli üçün nə edib?

- Fələstin dövlətinin təsiri çox azdır. Fələstin özü bütövlükdə işğal altında olduğuna görə, hər hansı bir məsələyə təsir etmə gücü az və məhduddur. Lakin müxtəlif konfranslarda, beynəlxalq tədbirlərdə bir dost, qardaş dövlət kimi Azərbaycanın yanında olduğumuzu nümayiş etdirməyə çalışırıq. Dağlıq Qarabağ münaqişəsinin sülh və danışıqlar yolu ilə həll olunmasını tam dəstəkləyirik.

Rəna Tağıyeva
AzVision.az





Teqlər: #Fələstin   #Səfir   #Müsahibə  





Xəbər lenti