Paytaxt məktəblərində fənn müsabiqələri keçirilib

  11 Noyabr 2017    Oxunub : 687
Paytaxt məktəblərində fənn müsabiqələri keçirilib

Bakı şəhəri üzrə ümumi təhsil məktəblərinin VI və VII sinif şagirdləri arasında fənn müsabiqələrinin birinci mərhələsi keçirilib.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən AzVision.az-a verilən məlumata görə, fizika, kimya, biologiya, riyaziyyat və informatika fənləri üzrə keçirilən fənn müsabiqələrinin ilk mərhələsinə Bakı şəhəri üzrə 8623 şagird qatılıb. Onlardan 3654 nəfəri riyaziyyat, 1036 nəfəri kimya, 1303 nəfəri fizika, 1628 nəfəri biologiya, 1002 nəfəri isə informatika fənni üzrə müsabiqədə iştirak edib.

Müsabiqədə VI sinif şagirdləri riyaziyyat fənni, VII sinif şagirdləri digər fənlər üzrə biliklərini nümayiş etdiriblər. Fənn müsabiqələrinin ilk mərhələsi paytaxt üzrə 9 mərkəzdə (18, 26, 114, 138, 139, 211, 220, 271, 276 nömrəli tam orta məktəblər) təşkil edilib.

Fənn müsabiqələrinin ilkin mərhələsində şagirdlərə fənlər üzrə müsabiqə tarixinədək keçdikləri məktəb proqramına uyğun tapşırıqlarla yanaşı, məntiqi təfəkkürü, analiz qabiliyyətini və qeyri-standart düşünməni tələb edən suallar təqdim edilib. 50 sualın cavablandırılması üçün şagirdlərə 2 saat vaxt verilib.

İki mərhələdən ibarət olan fənn müsabiqələrinin II mərhələsinin dekabr ayında keçirilməsi planlaşdırılır.

Qeyd edək ki, fənn müsabiqələrinin keçirilməsində əsas məqsəd istedadlı uşaqların aşkar edilməsi, şagirdlər arasında sağlam rəqabət mühitinin yaradılması, aşağı sinif şagirdlərinin müxtəlif fənlərə olan marağının artırılması və onlarla məqsədyönlü işlərin aparılmasıdır.

AzVision.az

Teqlər: BŞTİ