“Əlövsət Əliyev mühacir alveri ilə məşğul olur” – Diaspor rəhbəri

  12 Noyabr 2017    Oxunub : 1110
“Əlövsət Əliyev mühacir alveri ilə məşğul olur” – Diaspor rəhbəri

"Müxalifətin aksiyalarında iştirak edənlərin çoxu Avropada oturum almaq üçün müraciət edənlərdir"

Dünya Azərbaycanlıları Assambleyası Təşəbbüs Qrupunun rəhbəri, Alman-Azərbaycan Mədəniyyət Evinin icraçı direktoru Rəşad Quliyevin AzVision.az-a müsahibəsi:

- Bəziləri iddia edir ki, Almaniyada Azərbaycan diasporu mövcud deyil. Bu, nə dərəcədə doğrudur

-Xaricdə yaşayan azərbaycanlılaları diaspora adlandırmağı düzgün hesab etmirəm. Bəzi dostlarımız bunun tam dərinliyinə varmadan, özləri də bilmədən bu ifadədən istifadə edirlər. Diasporanın mənası daha çox dövləti olmayan xaricdə icma quran toplumlara aiddir. Almaniyada diasporanın var olub-olmamasına gəlincə isə bu, fərdi yanaşmadır. Kimsə diasporanın olduğunu, kimsə olmadığını iddia edə bilər. Ancaq bunu iddia edən şəxsin özündən soruşmaq lazımdır, yoxdursa o zaman sən nəyi gözləyirsən? Bu haqda Əlövsət Əliyev adında özünü siyasi mühacir hesab edən şəxsin müsahibəsində oxumuşdum. Daha doğrusu, mənə bu müsahibəni göndərmişdilər. Bunu deyən şəxsin öz qardaşı Dünya Azərbaycanlıları Konqresinə rəhbərlik edir. Özü də 12 ilə yaxındır. Deməli, bu adam qardaşının on iki illik fəaliyyətinə qiymət vermiş olur. Başqa yanaşma ilə götürsək, diasporanın var olub-olmamasına bələd olmaq üçün gərək özün bu prosesin içində olasan. Bunu iddia edən şəxs ölkəmizin bayrağının dalğalandığı və müstəqil Azərbaycanın rəsmi təmsilçiliyi qarşısında aksiya keçirib, erməni diasporasının əlinə müəyyən arqument verir. İndi bu adam diasporanın olmamasından gileylənir. Sizcə gülünc deyilmi?

Bir məsələni deyim ki, Dünya Azərbaycanlıları Assambleyası yarandığı gündən bu günədək fəallığı ilə seçilib. Biz heç bir rəsmi qurumun dəstəyi olmadan öz imkanlarımız hesabına bir çox uğurlu işlər görmüşük. Fəaliyyətimizlə bağlı mütəmadi olaraq mətbuatı və ictimaiyyəti məlumatlandırmışıq, bunları görməmək ya gündəlik mətbuatı izləməməkdəndir, ya da qərəzli olmaqdan irəli gəir.

Dünyanın onlarla ölkəsində tədbirlər keçirmişik. Yalnız Almaniyada olanları qeyd edim: Almaniyada bu ilin fevral ayında Dünya Azərbaycanlıları Köln Forumunu keçirdik. Müxtəlif, konfrans, toplantılarımız oldu. Bu yaxınlarda “AZE Nakhchivan” futbol klubumuz quruldu. Müxtəlif beynəlxlaq qurumlarla, alman ictimai qurumları ilə tanıtımlar həyata keçiririk, təkcə bir il yarımda onlarla səs salacaq işlər görmüşük və 31 dekabrda dünya azərbaycanlıları gecəsini keçirəcəyik. Bunlar haqqında məlumatlar, həm sosial şəbəkələrdə, həm də mətbuatda gedir . Digər tərəfdən Almaniya elə bir yerdir ki, burada keçirilən tədbirlərdən bir çoxlarının xəbəri olur. Xəbərlər ağızdan-ağıza, dildən-dilə gəzir. Bunları bilməmək, eşitməmək mümkün deyil. Ona görə hesab edirəm ki, bu cür münasibət qərəzlilikdən irəli gəlir.

-Bir müddət əvvəl müxalif siyasi partiyaların mühacir biznesi gündəmə gəlmişdi. Bu haqda nə deyə bilərsiniz?

-Qeyd edim ki, Avropaya, Kanadaya, Amerikaya siyasi mühacir adı altında gedənlərin təxminən 99 faizi heç bir problemlə üzləşməmiş şəxslərdir. Mən onlara status almış şəxslər deyirəm. Bütün siyasi partiyalarda, iqtidar partiyasını çıxmaq şərti ilə bu “biznes”lə məşğul olanlar var. Acınacaqlıdır ki, bu işlə məşğul olanlaın çoxu Avropadakı miqrasiya qanunlarından xəbərsizdir.

-Almaniyanın Frankfurt şəhərində Müsavat Partiyasının Avropa Koordinasiya Mərkəzi yaradılıb. Sizcə, bu hansı məqsədə xidmət edir?

-Əvvəlcə onu deyim ki, Müsavatın partiya olaraq xaricdə təmsilçilik yaratması beynəlxalq qanunlara və Azərbaycan Respublikası “siyasi partiyalar haqqında” qanuna ziddir. O partiyanın fəalları Avropada ictimai təşkilat halında təşkilatlanıblar. Adlarında Müsavat olsa da, bu partiyanın Almaniya və ya Avropa şöbəsi olaraq qəbul olunmur. Ən azından Almaniya qanunverciliyinə əsaslanaraq bunu deyirəm. Kim hansı fəaliyyətlə məşğul olursa-olsun şəxs olaraq mənim bir istəyim var. Bu fəaliyyət yaşadığın ölkəyə zərər verməməli, irqi, dini mili ayrı seçkiliyə gətirib çıxarmamalıdır. Digər tərəfdən mənə görə ölkə xaricində siyasi fəaliyyət ola bilməz və olmamalıdır.

- Müxalifətin mitinqləri mühacir biznesinin tərkib hissəsidirmi?

- Ölkəmizdə hansısa problemə görə aksiya keçirməyin heç bir faydası yoxdur. Diqqət edin, bu cür aksiyalarda iştirak edənlərin çoxu Avropada oturum almaq üçün müraciət edənlərdir. Təşkilatçılar insanları aksiyalara müxtəlif vədlərlə çıxarırlar. “Çıx, şəkil çəkdir və məhkəməyə təqdim et, oturum almağına kömək edəcək” fikri ilə insanları inandırılır. Məlumatsız insanlar bu cür vədlərə inanaraq aksiyaya gedirlər. Digər tərəfdən bu aksiyalar partiyaların bir-birilərinə güc nümayişindən başqa bir şey deyil.

- Özünü siyasi mühacir kimi təqdim edən Əlövsət Əliyev sizə qarşı hansı səbəbdən qərəzli mövqe nümayiş etdirir?

-Bizim aktiv fəaliyyətimiz, ölkə prezidentinin və dövlətçiliyimizin yanında olmağımız bəzi şəxsləri, o cümlədən Əlövsət Əliyevi ciddi narahat edir. Məhz buna görədir ki, burdakı bəzi şəxslər bizə qarşı hücuma keçib. Əslində, mən burada qeyri-adilik görmürəm. Bakıda yaşayarkən hər cür imtiyazlarla təmin olunub, ruhunda və düşüncəsində ölkəmizə qarşı separatçı olan şəxsin ölkədən çıxdıqdan sonra fərqli davranmasında təəccüblü bir şey yoxdur. Eyni şeyləri Əlikram Hümbətov da etmişdi. Həbsdə olarkən əfv olunması üçün yalvaranlar ölkədən çıxdıqdan sonar "cəsarətləndilər".

Digər tərəfdən bu sualın ən yaxşı cavabı Əlövsət Əliyevin özündədir. İnsan başqası haqqında fikir bildirərəkən özünə aynada baxmağı bacarmalıdır. Üzərində separatçı damğası olan, insan alveri, insan qaçamalçılığında ittiham olunan və Daxili İşlər Nazirliyinin rəhbərliyində təmsil olunan şəxsin ailəsini yüksək maliyyə qarşılığında ölkədən qaçıran bir insan ədalətdən danışır və məni nədəsə ittiham edir. Uzun illər Azərbaycanda sənəd alveri, oturum alveri ilə məşğul olan adam indi verdiyi müsahibədə məni ittiham edir. Almaniyaya gəldiyi hələ ilk aylarda “Legat” hüquq mərkəzi yaradıb, guya inteqrasiyaya ehtiyacı olanlara dəstək vermək həvəsinə düşmüşdü. Halbuki, yaşadığı ölkənin dilini bilməyən şəxs başqalarının inteqrasiyasına necə dəstək verə bilər? İndi də bəzi mətbu orqanlara çıxıb yalan danışır. Guya daşınmaz əmlakla məşğul olurmuş. Avropada yaşayan çoxları bilir ki, Əlövsət Əliyevin işi burada sırf sənəd alveri olub. Çox maraqlıdır ki, insan qaçaqmalçılığında ittiham olunan şəxsə hansı əsaslarla alman dövləti oturum haqqı verib? Bunun kimi adamlar az deyil. Üzərində separatçı damğası olan, ömrü sənəd alverində keçmiş, hətta hazırda Avropada da bu işlə məşğul olan adam məni ittiham edir. Burada deyilir: “Oğru elə bağırdı ki….”

Məni hökumətə işləməkdə ittiham edən şəxsin yaxın çevrəsinə baxaq, o zaman kimin necə və kimə xidmət etdiyi aydın görünəcək.

Əlövsət Əliyəvin mənə bu cür münasibətinin bir səbəbi də var. Bu adam elə düşünürdü ki, mən kiməsə dəstək olmaqla bu adamın sənəd və oturum "biznesi"nə mane olacağam. Belə deyək, əsas narahatçılığı bəlkə də buna görə idi.

Elvin Abdulqədirov
AzVision.az

Teqlər: Diaspor   Almaniya