İran məsələsi: ABŞ-la Avropa arasında ziddiyyət yaranıb

  12 Noyabr 2017    Oxunub : 930
İran məsələsi: ABŞ-la Avropa arasında ziddiyyət yaranıb

İran ilə əldə olunan razılaşma Avropa diplomatiyasının ən böyük uğurlarından biridir və heç bir tərəf bu razılaşmanı təkzib edə bilməz.

Bu sözləri Avropa İttifaqının (Aİ) təhlükəsizlik və beynəlxalq məsələlər üzrə komissarı Federika Moqerini deyib.

Səmərqənddə BMT-nin himayəsi altında Mərkəzi Asiyanın təhlükəsizliyi və dayanıqlı inkişafı məsələlərinə həsr edilən beynəlxalq konfransda İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif ilə görüşən F.Moqerini bildirib ki, İran 5+1 formatında aparılan danışıqların nəticəsində əldə olunan razılaşmaya həmişə sadiq qalıb.

Aİ nümayəndəsi vurğulayıb ki, tərəflər Hərtərəfli Birgə Fəaliyyət Planı hazırlayaraq BMT-yə təqdim ediblər və qurum bu planı təsdiqləyib. Planda nəzərdə tutulan işlər İran tərəfindən yerinə yetirilib.

İranın xarici işlər naziri ilə görüşdən sonra jurnalistlərin suallarını cavablandıran F.Moqerini qeyd edib ki, Aİ razılaşmanı pozmaq və İrana qarşı sanksiyaları bərpa etmək fikrində deyil.

Xatırladaq ki, 2015-ci ilin iyununda İran ilə ABŞAvropa dövlətləri arasında nüvə proqramının məhdudlaşdırılması haqqında razılıq əldə olunub və İrana qarşı tətbiq edilmiş iqtisadi sanksiyalar aradan qaldırılıb. Lakin ABŞ-ın yeni prezidenti bu razılaşmanı düzgün hesab etməyərək, birtərəfli qaydada razılaşmadan çıxmaq barədə bəyanatlar verib.

İran mətbuatı yazır ki, bu məsələdə ABŞ ilə Aİ-nin maraqları üst-üstə düşmür. Hansı tərəfin geri çəkiləcəyini isə zaman göstərəcək. (AzərTAc)

AzVision.az

Teqlər: İran   ABŞ   Avropa