AZAL yeni təyyarələr alacaq - 1,9 milyardlıq saziş

  12 Noyabr 2017    Oxunub : 2480
AZAL yeni təyyarələr alacaq - 1,9 milyardlıq saziş

“Azərbaycan Hava Yolları” (AZAL) QSC və “Boeing” Korporasiyası noyabrın 12-də beş ədəd “B787-8 Dreamliner” və iki ədəd “B747-8F” (və ya B777F) təyyarələrinin alınması barədə razılığa gəliblər.

"Azərbaycan Hava Yolları" QSC-nin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, təyyarələrin alınması ilə bağlı sazişi "Azərbaycan Hava Yolları" QSC-nin prezidenti Cahangir Əsgərov və “Boeing Commercial Airplanes”ın prezidenti və baş icraçı direktoru Kevin Makalister imzalayıblar. Dünyanın ən böyük “Dubai Airshow 2017” beynəlxalq aerokosmik sərgisi çərçivəsində imzalanmış sazişin dəyəri 1,9 milyard dollar həcmində qiymətləndirilir. Təyyarələrin gətirilməsi 2019-2020-ci illərə planlaşdırılır.

“Azərbaycan Hava Yolları” QSC-nin prezidenti Cahangir Əsgərov bildirib ki, əlavə “787 Dreamliner” təyyarələrini sifariş vermək qərarı aviaşirkətin imkanlarını əhəmiyyətli dərəcədə genişləndirəcək. O deyib: “Yeni təyyarələrin alınması bizə uçuşların coğrafiyasını genişləndirməyə və artan sərnişin axınının öhdəsindən gəlməyə kömək edəcək. Biz müasir sərnişin təyyarələrinin tədarükü, istismarı və xidməti sahələrində Azərbaycanın etibarlı tərəfdaşı olan “Boeing” korporasiya ilə əməkdaşlığın genişlənməsindən məmnunuq”.

AZAL-ın “Dreamliner” təyyarələrinə dəyişməz etimadını yüksək qiymətləndirdiklərini deyən “Boeing Commercial Airplanes”ın prezidenti və baş icraçı direktoru Kevin Makalister bildirib ki, yeni “787 Dreamliner” təyyarələrinin ən yüksək səviyyədə səmərəliliyi və rahatlığı təmin etməsi aviaşirkətin təyyarə parkının modernləşdirilməsi üzrə planlarına uyğundur. Bu, yeni marşrutlar açmağa kömək edəcək və qarşıdakı illər ərzində onların uzunmüddətli uğurunu təmin edəcək.

“Azərbaycan Hava Yolları” QSC MDB ölkələrinin aviasiya icmasının liderlərindən biridir. Aviaşirkətin ümumi marşrut şəbəkəsi 25 ölkədə 40 istiqamətdən ibarətdir. 2016-cı ildə “Azərbaycan Hava Yolları” 2 milyondan çox sərnişin daşıyıb.

AZAL ən yeni təyyarə parklarından birinə sahibdir. Aviaşirkət "Boeing" korporasiyası ilə böyük əməkdaşlıq tarixinə malikdir və hazırda "Boeing 787 Dreamliner", "Boeing 767" və "Boeing 757" təyyarələrini istismar edir. Gələn ildən etibarən Azərbaycanın milli aviadaşıyıcısının hava gəmiləri parkına müasir “Boeing-737 MAX” təyyarələri əlavə olunacaq.

"Azərbaycan Hava Yolları", həmçinin “Airbus 340”, “Airbus 320”, “Airbus 319” və “Embraer 190” təyyarələrini uğurlu istismarını davam etdirir.

AzVision.az

Teqlər: AZAL