AZAL “Rockwell” şirkəti ilə saziş imzaladı

  12 Noyabr 2017    Oxunub : 668
AZAL “Rockwell” şirkəti ilə saziş imzaladı

“Rockwell Collins International” şirkəti “Azərbaycan Hava Yolları”nın (AZAL) yeni “Boeing 737 MAX” təyyarələri üçün bort elektronikası, əyləncə sistemləri və kommunikasiya avadanlığının tədarükçüsü seçilibdir.

AZAL-ın mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, müvafiq saziş “Azərbaycan Hava Yolları” QSC-nin vitse-prezidenti Eldar Hacıyev və “Rockwell Collins International” şirkətinin Baş vitse prezidenti Kolin Mahoni tərəfindən ən böyük aerokosmik beynəlxalq sərgi “Dubai Airshow 2017” çərçivəsində imzalanıb.

Yeni avadanlıq sərnişinlərə bütün uçuş ərzində simsiz internetə giriş təqdim edəcək, həmçinin təyyarə göyərtəsində multimedia əyləncəsini yeni səviyyəyə qaldıracaq.

Xatırladaq ki, bu ilin aprel ayında Azərbaycanın "Silk Way Airlines" aviaşirkəti və Amerikanın "Boeing" Korporasiyası 10 “Boeing 737 MAX” sərnişin təyyarəsinin alınmasına dair müqavilə imzalayıblar. Milli aviadaşıyıcı "Azərbaycan Hava Yolları" sözügedən təyyarələrin operatoru olacaq. İlk iki yeni nəsil təyyarə Azərbaycana 2018-ci ilin sonunda, qalanları isə 2020-ci ilin sonuna kimi gətiriləcək.

Müqavilənin ümumi məbləği təxminən 1 milyard ABŞ dolları təşkil edir. Azərbaycanın mülki aviasiyası tarixində ilk dəfə olaraq hava gəmilərinin alınmasına dair sazişin maliyyələşdirilməsi dövlət zəmanətləri olmadan həyata keçiriləcək.

“737 MAX” təyyarələrinin modernləşdirilmiş seriyası CFM International istehsalı yeni LEAP-1B mühərrikləri ilə təchiz olunmuşdur ki, bu da ən yanacaq-səmərəli müasir təyyarələr ilə müqayisədə yanacaq sərfini 13 faiz azaltmağa imkan verir. Konstruksiyanın son təkmilləşdirməsi, o cümlədən yeni "Advanced Technology" vinqletin quraşdırılması müqaviməti azaldır ki, bu da “737 MAX” təyyarəsinin xüsusilə uzaq məsafələrə uçuşları zamanı istismar xarakteristikalarının daha da yaxşılaşmasına kömək edir.

AzVision.az

Teqlər: AZAL