Onlar zorakılığa məruz qalırlar - Çıxış yolu nədir?

Onlar zorakılığa məruz qalırlar - Çıxış yolu nədir?
  13 Noyabr 2017    Oxunub:1875
“Azərbaycan qanunvericiliyində məişət zorakılığından əziyyət çəkənlər üçün dövlət və qeyri-dövlət yardım mərkəzlərinin fəaliyyət göstərməsi ilə bağlı məsələlər qeyd edilib. Lakin bu gün Azərbaycanda məişət zorakılığı qurbanları üçün dövlət yardım mərkəzləri mövcud deyil”
Bunu AzVision.az-a Ailə, Qadın və Uşaq Məsələləri üzrə Dövlət Komitəsinin Hüquqi-Təminat şöbəsinin müdiri Taliyə İbrahimova deyib. Komitə rəsmisi bildirib ki, İnsan Alveri Qurbanları üçün Dövlət Yardım Mərkəzi olsa da, məişət zorakılığı qurbanları üçün mərkəz mövcud deyil.

“Belə mərkəzin yaradılmasına ehtiyac var. Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Aqiyyə Naxçıvanlının büdcə müzakirələri zamanı məişət zorakılığının qarşısının alınması barədə qaldırdığı məsələlər bu sahədə mövcud boşluqları ortaya çıxardı. İclasda qeyd edildi ki, yaxın gələcəkdə məişət zorakılığı qurbanları üçün mərkəzlərin yaradılması gözlənilir. Azərbaycanda 10-a yaxın qeyri-dövlət yardım mərkəzi fəaliyyət göstərir. Onlar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində qeydiyyatdan keçiblər. Lakin onların fəaliyyətində müəyyən çatışmazlıqlar var. Qeyri-dövlət yardım mərkəzlərinin göstərdiyi yardımlar məişət zorakılığı ilə bağlı müraciət edən zərərçəkəni tam olaraq qane edəcək vəziyyətdə deyil. Xüsusilə zərərçəkənə hüquqi yardımın göstərilməsi, məhkəmələrdə onların təmsil olunması, pulsuz hüquqi yardım məsələsi bu gün problemdir”.

T.İbrahimova bildirib ki, bu sahədə ən böyük çatışmazlıqlardan biri zorakılıq qurbanlarının sığınacaq məsələsi, həm də onların məşğulluq probleminin həlli ilə bağlıdır. “Evdən qovulmuş, zorakılığa məruz qalmış qadın uşaqla birgə komitəyə gəlib, iş və ya sığınacaq istəyir. Burada müəyyən qədər çatışmazlıqlar var. Bu baxımdan əgər dövlət yardım mərkəzi olarsa, qurumlar əlaqəli şəkildə şəxsin təminatlarını, sosial müdafiə ilə bağlı məsələlərini həll etmək imkanında olacaqlar və ehtiyacını qiymətləndirə biləcəklər. Məişət zorakılığı qurbanları ilə bağlı “qaynar xətt”in yaradılmasına ehtiyac var, bir çox ölkələrdə bu problem artıq həll olunub. Zorakılıq qurbanı onsuz da “102” xidmətinə müraciət edir. Ancaq onlar üçün xüsusu xəttin olması daha vacibdir. Əlavə olaraq onlara xüsusi yanaşma olmalıdır. Bu, adi pozuntu halı deyil. Ailədə baş verən hadisədir. Burada xüsusi mütəxəssislər olmalıdır ki, onları həm yönləndirə bilsinlər, həm də onlara lazımi psixoloji və s. məsləhlətləri vermək iqtidarında olsunlar. Çünki bu, ailədə, yaxın qohumlar arasında olan zorakılıqdır. Buna adi hüquq pozuntusu kimi baxmaq olmaz. Biz tərəfindəyik ki, dövlət “qaynar xətti” yaradılsın və ya 102 xidmətində sırf zorakılıq qurbanları ilə bağlı bir xətt də olsun”.

Şöbə müdiri vurğulayıb ki, məişət zəminində zorakılıq törədən şəxslərlə yerli icra hakimiyyəti orqanlarının tərbiyəvi, qabaqlayıcı iş aparması lazım olsa da, bu gün bunlar edilmir. “Məişət zorakılığı sahəsində mühakimə siyasəti daha çox hümanistləşdirilmiş siyasətdir. Məsələ ailə məsələsidir, bu baxımdan, zorakılıq törədən şəxsin təkrar bunu törətmək ehtimalı yüksəkdir. Bu baxımdan həmin şəxsin özü ilə icbarı qaydada profilaktik iş aparılmalıdır. Nazirlər Kabinetinin qərarına əsasən yerli icra hakimiyyəti orqanları zorakılıq törədən şəxslərlə tərbiyəvi qabaqlayıcı iş aparılmalıdır. Həmin şəxslərin icra hakimiyyətlərində qeydiyyatı aparılmalıdır. Bu iş ümumiyyətlə icra hakimiyyətlərində təşkil olunmayıb. Əsas çətinliklərdən biri də budur. Hesab edirik ki, bu məsələ Cinayət və İnzibati Xətalar Məcəllələrində öz əksini tapmalıdır və həmin şəxslər məcburi qaydada profilaktik işə yönləndirilməlidir”.

Qeyd edək ki, Milli Məclisdə büdcə müzakirələri zamanı Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri, deputat Aqiyyə Naxçıvanlı qadınlara qarşı məişət zorakılığı ilə bağlı narahatedici statistikanın bu sahədə fəaliyyətin gücləndirilməsini tələb etdiyini qeyd edib. “Lakin statistika ürəkaçan deyil. Yerlərdə davamlı fəaliyyət göstərmək imkanı olan krizis mərkəzlərinin yaradılmasına ehtiyac var. Məişət zorakılığının qarşısının alınmasında görülməli olan ən mühüm məsələ hüquq-mühafizə orqanları, yerli icra hakimiyyəti orqanlarında, psxioloq, sosial işçi statusunun yaradılmasıdır. Zorakılıq qurbanları üçün qaynar xətt yaradılmalıdır".

Aytən Zəhra
AzVision.az



Teqlər: Komitə  





Xəbər lenti