Dövlət qurumlarındakı boş iş yerləri: Ən çox bu nazirlikdədir

Dövlət qurumlarındakı boş iş yerləri: Ən çox bu nazirlikdədir
  14 Noyabr 2017    Oxunub:2659
Dövlət qulluğuna qəbul üçün müsabiqəyə çıxarılması məqsədilə ən çox vakansiya Kənd Təsərrüfatı Nazirliyi (504 vakant vəzifə), Əmlak Məsələləri Dövlət Komitəsi (113 vakant vəzifə) və Dövlət Statistika Komitəsi (122 vakant vəzifə) tərəfindən təqdim olunub.
AzVision.az-ın məlumatına görə, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) icraçı direktoru Vəfadar Misirov dövlət qulluğuna qəbula dair keçirilən mətbuat konfransında deyib. Onun sözlərinə görə, dövlət orqanları tərəfindən müsabiqəyə ümumilikdə 990 vakant vəzifə təqdim olunub. İnzibati rəhbər vəzifələr üzrə (A növü) 176, inzibati icraçı vəzifələr üzrə (B növü) isə 814 vakant vəzifə təqdim olunub.

İcraçı direktor əlavə edib ki, Mərkəz tərəfindən noyabrın 18-də inzibati rəhbər (idarəetmə) vəzifələr olan AA, AB və AC, dekabrın 17-də inzibati icraçı vəzifələr olan BA və BB vəzifə qrupları üzrə test imtahanları keçiriləcək: “Test imtahanlarına qeydiyyat noyabrın 7-dən başlayıb və AA, AB və AC vəzifə qrupları üzrə noyabrın 17-də, BA və BB vəzifə qrupları üzrə isə dekabrın 6-da başa çatacaq. Bütün vəzifə qrupları üzrə test imtahanı proqramları hazırlanıb və Mərkəzin internet portalında yerləşdirilib”.

Eyni zamanda, mərkəz tərəfindən noyabrın 15, 22, 29 və dekabrın 2, 6 və 13-də dövlət qulluğuna qəbulla bağlı müsabiqənin test imtahanı mərhələsi üzrə sınaq imtahanları keçiriləcək.

O qeyd edib ki, dövlət orqanlarında müsabiqəyə çıxarılması nəzərdə tutulan vakant vəzifələrin siyahılarının dəqiqləşdirilməsi işləri davam etdirilir və müsabiqənin test imtahanı mərhələsindən müvəffəqiyyətlə keçərək sertifikat əldə edən şəxslər həmin vəzifələr üzrə müsahibələrdə də iştirak edə biləcəklər.

Aytən Zəhra
AzVision.az


Teqlər: Dövlət-Qulluğu  





Xəbər lenti