DYP-dən sürücülərə son xəbərdarlıq: Bir gün qaldı

DYP-dən sürücülərə son xəbərdarlıq: Bir gün qaldı
  14 Noyabr 2017    Oxunub:3097
Noyabrın 15-də Azərbaycanda avtomobillərin arxa yan şüşələrinə sənaye üsulu ilə jalüz və pərdələrin istifadəsinə verilən icazə müddəti başa çatacaq. Sabahdan etibarən sürücülərin həmin avadanlıqlardan istifadəsi məhdudlaşdırılacaq.
Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Vaqif Əsədov AzVision.az-a bildirib ki, noyabrın 16-dan etibarən yol polisi qanunla quraşdırılması qadağan edilmiş pərdə, plyonka və jalüzlərdən istifadə edən avtomobil sahibləri və sürücülərə qarşı reydlərə başlayacaq.

Qurum rəsmisi qeyd edib ki, “Yol hərəkəti haqqında" Qanunun tələbinə əsasən, qaydalara riayət etməyən sürücülər inzibati qaydada məsuliyyətə cəlb ediləcək: ““May ayının 1-dən noyabrın 15-dək isti hava şəraiti ilə əlaqədar avtomobilin şüşələrinə pərdə, plyonka və jalüzlərin çəkilərək idarə edilməsinə icazə verilmişdi. Noyabrın 15-də həmin müddət bitir və bu müddətdən sonra avtomobili pərdə, plyonka, jalüz və digər görmə qabiliyyətini zəiflədən vasitələrlə idarə edən sürücülər məsuliyyətə cəlb ediləcəklər. “Yol hərəkəti haqqında" Qanunun bu tələbini pozan sürücülər 150 manat məbləğində cərimə ediləcəklər”.

Qeyd edək ki, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi sədrinin 15 aprel 2013-cü il tarixli əmri ilə «Yerüstü nəqliyyat vasitələrin təhlükəsizlik şüşəsi, ümumi texniki şərtlər» dövlət standartına dəyişiklik edilib. Əmrə əsasən, Azərbaycanda iqlim şəraiti nəzərə alınaraq hər il mayın 1-dən noyabrın 15-dək avtomobillərdə arxa yan şüşələrdə sənaye üsulu ilə
hazırlanmış jalüz pərdələrin istifadəsinə icazə verilir.

Anar Kəlbiyev
AzVision.az


Teqlər: DYP   Sürücü  





Xəbər lenti