Silahlı Qüvvələr haqqında qanun plenar iclasa tövsiyə olunub

  16 Noyabr 2017    Oxunub : 365
Silahlı Qüvvələr haqqında qanun plenar iclasa tövsiyə olunub

Milli Məclisin müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin iclası keçirilib.

AzVision.az xəbər verir ki, Milli Məclis sədrinin birinci müavini, komitənin sədri Ziyafət Əsgərov iclası açaraq gündəlik barədə məlumat verib.

İclasda “Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında” qanun layihəsi barədə müzakirələr aparılıb. Bildirilib ki, bu qanun Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 18-ci bəndinə uyğun olaraq Azərbaycan Respublikası Silahlı Qüvvələrinin təyinatı, idarə olunması və hərbi quruculuğu məsələlərini tənzimləyir, habelə Silahlı Qüvvələrin əsas vəzifələrini və fəaliyyətinin hüquqi əsaslarını müəyyən edir. Silahlı Qüvvələrin fəaliyyətinin hüquqi əsasını Azərbaycan Respublikasının Konstitusiyası, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr, bu qanun və Silahlı Qüvvələrin fəaliyyətini tənzimləyən digər normativ hüquqi aktlar təşkil edir. Azərbaycan Ordusunun və başqa silahlı birləşmələrin fəaliyyətinin hüquqi əsasları Azərbaycan Respublikasının müvafiq qanunları ilə müəyyən edilir.

Bundan başqa, iclasda “1999-cu il 28 dekabr tarixində Vaşinqton şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti və Amerika Birləşmiş Ştatları Hökuməti arasında kütləvi qırğın silahlarının yayılmasının qarşısının alınması və müdafiə sahəsində tədbirlər haqqında Saziş”in növbəti yeddi il müddətinə uzadılması barədə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə Amerika Birləşmiş Ştatlarının Azərbaycan Respublikasındakı səfirliyi arasında notalar mübadiləsi formasında bağlanılmış Sazişin təsdiq edilməsi haqqında, “2005-ci il martın 30-da Varşava şəhərində imzalanmış Azərbaycan Respublikası Hökuməti və Polşa Respublikası Hökuməti arasında müdafiə sahəsində əməkdaşlıq haqqında Sazişdə dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Hökuməti ilə Polşa Respublikası Hökuməti arasında” Protokolun təsdiq edilməsi haqqında, Azərbaycan Respublikasının 1994-cü il 23 sentyabr tarixli 885 nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin İntizam nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında, Azərbaycan Respublikasının 1994-cü il 23 sentyabr tarixli 886 nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və qarovul xidmətləri nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında, Azərbaycan Respublikasının 1994-cü il 23 sentyabr tarixli 887 nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili xidmət nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında məsələlər müzakirə olunub.

Deputatlar gündəlikdəki məsələlər barədə fikir və təkliflərini səsləndiriblər.

Sonra müzakirə olunan bütün məsələlər Milli Məclisin plenar iclasına tövsiyə olunub.

AzVision.az

Teqlər: Milli-Məclis