Deputat aprel şəhidləri ilə bağlı məsələ qaldırdı

Deputat aprel şəhidləri ilə bağlı məsələ qaldırdı
  17 Noyabr 2017    Oxunub:1618
“Qarabağla, aprel döyüşlərində şəhid olmuş hərbçilərlə bağlı, rayonlarda böyük bannerlər qoyulub və həmin məsələlər orada öz əksini tapıb. Bir neçə televiziyada da bu istiqamətdə müəyyən işlər həyata keçirilir. Bu, elə də böyük bir maliyyə deyil ki, televiziyalar bunu həyata keçirə bilməsinlər. Bununla əlaqədar televiziyalara müəyyən maliyyə yardımı ayrılmalıdır”.
AzVision.az-ın xəbərinə görə, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında parlamentin Gənclər və idman komitəsinin sədri Fuad Muradov deyib. Onun sözlərinə görə, bu, ən vacib məsələlərdən biridir:

“Ermənilər bu gün hər bir istiqamətdən istifadə edirlər ki, Azərbaycana qara yaxsınlar. Aprel döyüşləri ilə bağlı onların xüsusi nəzəriyyəsi də var. Onu müxtəlif beynəlxalq təşkilatlarda qaldırmaq istəyirlər. Onlara layiqli cavablar verilir. Biz də ölkə daxilində bu məsələyə çox ciddi yanaşmalıyıq. Aprel döyüşləri Azərbaycan ordusunun, cəmiyyətinin gücünü, ölkə başçısının siyasi iradəsini göstərdi.

Mən düşünürəm ki, televiziyalara çox böyük diqqət ayrılmalıdır. İnanıram ki, yeni yaradılan qurum - Reklam Agentliyi bu məsələyə öz töhfəsini verəcək. Bu gün gənc nəsil böyüyür. Onlar bilməlidir ki, bizim belə qəhrəmanlarımız var. Təbii ki, bunu ruh yüksəkliyi ilə göstərmək lazımdır”.

Elvin Abdulqədirov
AzVision.az


Teqlər: Milli-Məclis   Aprel-döyüşü  





Xəbər lenti