“Prokurorluq haqqında” qanun dəyişdi

“Prokurorluq haqqında” qanun dəyişdi
  17 Noyabr 2017    Oxunub:4302
Milli Məclisin bu gün keçirilən iclasında “Prokurorluq haqqında” qanuna dəyişiklik layihəsi müzakirəyə çıxarılıb.
AzVision.az-ın məlumatına görə, qanunun 44-cü maddəsinə edilən dəyişiklikdə bildirilir ki, Azərbaycan Konstitusiyasına müvafiq olaraq dövlət hakimiyyəti hakimiyyətlərin bölünməsi prinsipi əsasında təşkil edilir.

Qanunvericilik hakimiyyətini Milli Məclis həyata keçirir, icra hakimiyyəti Azərbaycan prezidentinə məxsusdur, məhkəmə hakimiyyətini isə Azərbaycan məhkəmələri həyata keçirir. Azərbaycan Prokurorluğu məhkəmə hakimiyyəti sisteminə daxil olmaqla, vahid mərkəzləşdirilmiş orqandır. Konstitusiya bu orqanın qanunvericilik və İcra hakimiyyəti orqanlarından hər hansı asılılığını istisna edir. Bundan əlavə, "Prokurorluq haqqında" qanunun 43-cü və 44-cü maddələrinin mətnində söhbət nəzarətdən deyil, məlumatlandırmadan gedir. Avropa Şurasının "Korrupsiyaya qarşı dövlətlər qrupu" (GRECO) "Prokurorluq haqqında qanunun bu müddəalarını nəzərə alaraq belə bir dəyişikliyi təklif edir.Dəyişikliyin əsas məqsədi qanunvericiliyin təkmilləşdirilməsindən ibarətdir.

Bundan başqa “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” qanuna təklif olunan dəyişiklik layihəsi Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirə olunub.
Bu qanuna əsasən, prokurorluq işçilərinin peşəkarlıq səviyyəsinin tutduğu vəzifəyə uyğun olub-olmamasını müəyyən etmək məqsədi ilə kadrların düzgün seçilməsində, yerləşdirilməsində və tərbiyə edilməsində, peşə hazırlığının və məsuliyyət hissinin artırılmasında, habelə xidməti intizamın gücləndirilməsində mühüm vasitə olan attestasiya keçirilir.

Prokurorluq işçilərinin attestasiyası zamanı onların xidməti fəaliyyətinin qiymətləndirilməsinin nəticələri nəzərə alınır. Prokurorluq işçilərinin fəaliyyətinin qiymətləndirilməsi "Dövlət qulluğu haqqında" qanunla ilə müəyyən edilən qaydada həyata keçirilir. Prokurorluq işçilərinin attestasiyasının keçirilməsi qaydası Azərbaycanın baş prokuroru tərəfindən müəyyən edilir.

Hərbi prokurorluğun işçilərinin attestasiyası hərbi xidmət keçmənin xüsusiyyətləri nəzərə alınmaqla prokurorluq orqanlarının kadrları üçün müəyyən edilmiş ümumi tələblərə uyğun həyata keçirilir. Attestasiya olunan prokurorluq işçisinə onun xidməti fəaliyyətinə bilavasitə aid olmayan sualların verilməsi, habelə onun siyasi baxışlarına və etiqadına görə qiymətləndirilməsi yolverilməzdir.

Attestasiyanın nəticələri (qiymət və tövsiyələr), habelə attestasiya zamanı verilən suallar və cavablar 1 nüsxədə tərtib edilən, sədr, katib və attestasiya komissiyasının səsvermədə iştirak etmiş digər üzvləri tərəfindən imzalanan attestasiya vərəqəsinə yazılır. Dəyişikliyə əsasən, qaydaya yeni-14.6 bəndi əlavə edilir. Prokurorluq işçilərinin işlədiyi müddətdə nəzəri biliklərinin və peşə hazırlığının vaxtaşırı qiymətləndirilməsi yalnız bu qanunun 14.1-ci maddəsində müəyyən edilən hallarda həyata keçirilir. Bu məqsədlə hər hansı digər vaxtaşırı qiymətləndirmə üsulları (imtahan və sair) tətbiq edilə bilməz. Dəyişikliklər layihəsi səsverməyə çıxarılaraq qəbul edilib.

Elvin Abdulqədirov
AzVision.az


Teqlər: Prokurorluq   Milli-Məclis   Qanun  





Xəbər lenti