Qarabağa qanunsuz səfər diplomatik konfliktə səbəb oldu

Qarabağa qanunsuz səfər diplomatik konfliktə səbəb oldu
  17 Noyabr 2017    Oxunub:3971
Deputatların Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərinə qeyri-qanuni səfərləri Meksika-Azərbaycan münasibətlərinə zərər vurur.

AzVision.az xəbər verir ki, bunu Meksikanın nüfuzlu “Excelsior” qəzeti yazıb.
Qeyd olunur ki, Azərbaycanın Meksikadakı səfirliyi “Morena” Milli Dirçəliş Hərəkatı və Demokratik İnqilab Partiyası (PRD) partiyasından olan millət vəkilləri Marqarita Kuata, Karlos Hernandes Miron və Mariya Kristina Bravonun Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan ərazilərinə icazəsiz səfər etməklə səlahiyyətlərini aşdıqlarını hesab edir.

Deputatlar Dağlıq Qarabağ regionuna Azərbaycan hökumətinin icazəsi olmadan qeyri-qanuni səfər ediblər:

“Deputatlar 21-28 oktyabr tarixlərində Ermənistan-Meksika Dostluq Qrupunun səfəri çərçivəsində Ermənistanda olmalı idi, lakin burada olarkən Azərbaycan ərazisi olan və Ermənistan tərəfindən işğal edilmiş Dağlıq Qarabağ regionuna səfər ediblər və bu da Azərbaycan tərəfinin hiddətli reaksiyasına səbəb olub”.

Qəzet yazır ki, Azərbaycanın Meksikada səfirliyinin müvəqqəti işlər vəkili Məmməd Talıbov 25 oktyabr tarixində rəsmi məktubla müraciət edərək Deputatlar Palatasının sədri Xorxe Karlos Ramires Marindən bu səfərin araşdırılmasını tələb edib. O, bu provokativ və qəbuledilməz hərəkətin Meksika ilə Azərbaycan arasında dostluq və əməkdaşlıq münasibətləri ruhuna zidd olduğunu və onun məqsədinin şübhəsiz ki, həmin münasibətlərə zərər yetirmək olduğunu deyib.

Həmçinin nüfuzlu “Milenio” qəzeti yazır ki, solçu (müxalifətçi) deputatlar Azərbaycanla diplomatik konfliktə səbəb oldu: "Həmin səfər Ermənistan parlamentində Ermənistan-Meksika Dostluq Qrupunun həmsədri Karen Avakyanın təşəbbüsü ilə həyata keçirilib. Meksika tərəfindən qrupun həmsədri Morenalı Marqarita Kuatanın Ermənistanı dəstəkləyən bəyanatlar və Azərbaycan tərəfindən icazə olmadan bu ölkənin ərazisinə səfərləri millət vəkillərinin "persona non qrata" elan edilmələrinə gətirib çıxardı. Azərbaycan tərəfindən təqdim olunmuş məktubda qeyd olunur: “Adıçəkilən meksikalı millət vəkilləri tərəfindən bu provokativ və qəbuledilməz hərəkət Meksika ilə Azərbaycan arasında dostluq və əməkdaşlıq münasibətləri ruhuna ziddir və onun məqsədi şübhəsiz ki, həmin münasibətlərə zərər yetirməkdir”.

Deputatlar Palatasının Xarici Əlaqələr Komissiyasının sədri deputat Viktor Giorxana Azərbaycan tərəfinin məsələ ilə bağlı çox ciddi narahatlığını təsdiq edib və Deputatlar Palatasından həmin səfərin pislənilməsini tələb etdiyini deyib. Eyni zamanda, o, məsələnin həll olunacağını deyib və Deputatlar Palatası rəhbərliyinin sözügedən səfərin qeyri-rəsmi xarakter daşıdığını bildirdiyini vurğulayıb. O, deputatların “məsələnin incəliyindən xəbərdar olmalı olduqlarını deyərək bildirib: "Ermənistana səfər etdikdə digər ölkənin işğal olunmuş ərazisinə keçərkən bunun nə nəticələrə gətirib çıxara biləcəyi barədə düşünməli idilər".

Nüfuzlu “El Universal” qəzeti isə yazır ki, Meksika millət vəkilləri Azərbaycanın protestinə səbəb olub: "Federal deputatlar Marqarita Kuata (Morena), Karlos Hernandes Miron (Morena) və Mariya Kristina Bravo (PRD) 1992-ci ildən Ermənistanın hərbi işğalı altında olan Dağlıq Qarabağ regionuna Azərbaycan hökumətinin icazəsi olmadan qeyri-qanuni səfər ediblər. Bu səbəbdən Azərbaycanın Meksikada səfirliyinin müvəqqəti işlər vəkili Məmməd Talıbov Xarici Əlaqələr Katibliyinin (Xarici İşlər Nazirliyi) Avropa Baş İdarəsinin rəisi ilə görüş xahiş edib. Görüşdə o, “Azərbaycanın işğal olunmuş ərazilərinə Azərbaycan qanuncvericiliyi və Meksika Xarici Əlaqələr Katibliyinin rəsmi səhifəsində regiona səfərlə bağlı xəbərdarlıqlara məhəl qoymadan” səfərlə bağlı ciddi narahatlığını ifadə edib. Deputatlar 21-28 oktyabr tarixlərində Ermənistan parlamentində Ermənistan-Meksika Dostluq Qrupunun həmsədri Karen Avakyanın təşəbbüsü ilə Ermənistanda olub. Azərbaycan nümayəndəsi meksikalı deputatların münaqişədən xəbərli olmalı olduqlarını deyərək, bu kimi halların gələcəkdə qarşısının alınması üçün həmin qeyri-qanuni səfərin araşdırılması və Meksikanın Azərbaycan Respublikasının ərazi bütövlüyünə dəstəyini bir daha səsləndirilməsini xahiş edib.

Bununla bağlı Xarici Əlaqələr Katibliyi Deputatlar Palatasının sədri Karlos Ramirez Marinə göndərilən məktubda deyilir: “Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət BMT tərəfindən baxılıb. Bununla bağlı BMT TŞ 1993-cü ildə dörd qətnamə qəbul edib. Bu qətnamələrdə ilk növbədə Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü tanınır, beynəlxalq tanınmış sərhədlərin toxunulmazlığı təsdiqlənir, işğalçı qüvvələrin Azərbaycan ərazilərindən çıxarılması tələb edilir”.

AzVision.az


Teqlər: Meksiya   Qarabağ  





Xəbər lenti