Rusiyanın tanınmış kosmonavtı “Azərkosmos”da

Rusiyanın tanınmış kosmonavtı “Azərkosmos”da
  17 Noyabr 2017    Oxunub:1764
Noyabrın 17-də Azərbaycanda səfərdə olan Rusiyanın tanınmış kosmonavtı Oleq Kotov “Azərkosmos” ASC-nin Əsas Yerüstü Peyk İdarəetmə Mərkəzində olub.
“Azərkosmos” ASC-dən AzVision.az-a verilən məlumata görə, Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik İbrahim Quliyev və akademiyanın əməkdaşlarının iştirak etdikləri görüşdə qonaqlara “Azərkosmos”un fəaliyyəti, idarəçiliyində olan peyklər və şirkətin gələcək planları barədə geniş məlumat verilib.

Daha sonra O.Kotov "Rusiyanın pilotlaşdırılmış kosmonavtikasının inkişafı üçün perspektiv proqram" mövzusunda təqdimatla çıxış edib. Kosmonavt tədbir iştirakçıları ilə kosmik məkanın tədqiqi və öyrənilməsi sahəsində öz şəxsi təcrübəsini bölüşüb.

Oleq Kotov öz növbəsində göstərilən diqqətə görə təşəkkürünü bildirərək Azərbaycanda kosmik fəaliyyətin uğurla həyata keçirildiyini və bu sahədə kifayət qədər ixtisaslı kadrların yetişdiyini qeyd edib.

Görüşün sonunda kosmonavta “Azerspace-1” peykinin modeli hədiyyə olunub və xatirə şəkli çəkilib.

Qeyd edək ki, Cənubi Qafqazda ilk peyk operatoru olan “Azərkosmos” ASC telekommunikasiya və coğrafi kəşfiyyat sahələri üçün yüksəkkeyfiyyətli peyk xidmətləri təqdim edir. 2013-cü ilin fevral ayında orbitə buraxılan və “Azərkosmos” tərəfindən idarə edilən “Azerspace-1” peyki 46° şərq uzunluğu orbital mövqeyində yerləşir və Avropa, Afrika, Yaxın Şərq, Qafqaz və Mərkəzi Asiya regionlarını əhatə edir. Ən azı 15 il müddətində orbitdə fəaliyyət göstərəcək peykin faydalı yükü 36 transponderdən ibarətdir: C diapazonda 24, Ku diapazonda 12 transponder. 2014-cü ilin dekabr ayından etibarən “Azərkosmos” sayca ikinci, təyinatına görə yüksək ayırdetməli (1,5 m ayırdetmə) Yer səthinin məsafədən müşahidə peyki olan “Azersky”ın idarəçiliyini təhvil alıb və bununla da geoinformasiya xidmətləri də daxil olmaqla Yer səthinin məsafədən müşahidəsinin kommersiya fəaliyyətinə başlayıb. Şirkətin strateji inkişaf planlarına əhatə dairəsinin və xidmətlər spektrinin genişləndirilməsi daxildir. Bu məqsədlə, “Azərkosmos” 2018-ci ildə ikinci telekommunikasiya peyki “Azerspace-2”ni 45° şərq uzunluğu orbital mövqeyinə çıxarmağı və yaxın illərdə çox yüksək ayırdetməli Yer səthinin məsafədən müşahidə peyki əldə etməyi planlaşdırır.

AzVision.az



Teqlər: Azərkosmos  





Xəbər lenti