İmtahan nəticələri açıqlanıb

İmtahan nəticələri açıqlanıb
  20 Noyabr 2017    Oxunub:2669
Dövlət İmtahan Mərkəzi (DİM) noyabrın 18-də dövlət qulluğunda inzibati vəzifələrin A növünə (inzibati rəhbər vəzifələr) aid olan AA, AB və AC qruplarına uyğun olan vəzifələr üzrə dövlət qulluğuna qəbul üçün ilk test imtahanı keçirib.
Mərkəzdən AzVision.az-a verilən məlumata görə, imtahan təlimata uyğun olaraq, kompüter vasitəsilə 3 saat müddətində aparılıb və namizədlərə biliklərini nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb. Namizəd tərəfindən imtahan yekunlaşdırıldıqda və ya imtahan üçün ayrılan vaxt başa çatdıqda namizədə imtahanın nəticələrinə dair arayış təqdim olunub. İmtahanın gedişini internet vasitəsilə də izləmək mümkün olub.

İmtahanda iştirak edən 90 namizəddən AB4 altqrupu üzrə 2 nəfər, AC1 altqrupu üzrə 2 nəfər, AC2 altqrupu üzrə 3 nəfər, AC3 altqrupu üzrə 2 nəfər, AC4 altqrupu üzrə isə 4 nəfər olmaqla, ümumilikdə 13 namizəd uğur qazanıb. AB4 altqrupuna inzibati vəzifələrin 5-ci təsnifatı üzrə şöbə müdirinin müavini, AC1 altqrupuna inzibati vəzifələrin 5-ci təsnifatı üzrə yerli bölmənin rəhbəri, mərkəzi icra hakimiyyəti orqanlarının yanında, tabeliyində olan orqanların rəhbərləri, AC2 altqrupuna inzibati vəzifələrin 6-cı təsnifatı üzrə şöbə müdiri, sektor müdiri, yerli bölmənin rəhbəri, AC3 altqrupuna inzibati vəzifələrin 6-cı təsnifatı üzrə yerli bölmələrin rəhbərlərinin müavini, şöbə müdirinin müavini, mərkəzi icra hakimiyyəti orqanlarının yanında, tabeliyində olan orqanların rəhbərlərinin müavinləri, AC4 vəzifə altqrupuna inzibati vəzifələrin 7-ci təsnifatı üzrə sektor müdiri, dövlət orqanı rəhbərinin köməkçisi vəzifələri daxildir.

Vəzifə qrupları və müvafiq altqruplar barədə ətraflı məlumat əldə etmək üçün https://azvision.az/redirect.php?url=http://eservices.dim.gov.az/dqq/docs/buklet-dovlet-qulluqu_.pdf keçidinə daxil olmaq lazımdır.

Test imtahanından müvəffəqiyyətlə keçən namizədlər müvafiq sertifikat əldə etmək üçün noyabrın 20-dən dekabrın 1-dək DİM-in portalında müraciət formasını doldurmalıdırlar. Sertifikatı əldə etmiş şəxs müvafiq qrup və altqruplara aid vəzifələr üzrə müsahibədə iştirak etmək hüququ əldə edir.

Dövlət orqanları tərəfindən inzibati rəhbər vəzifələr üzrə (A növü) müsabiqəyə 176 vakant vəzifə təqdim olunub. Onlardan 162-si regionlardadır. İnzibati rəhbər vəzifələr üzrə təqdim olunan vakansiyalar arasında ən yüksək vəzifələr inzibati vəzifələrin 5-ci təsnifatına aid Əmlak Məsələləri Dövlət Komitəsi üzrə yerli bölmənin müdiri (5 vakant vəzifə ) və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi üzrə yerli bölmələrin müdiri (4 vakant vəzifə) vəzifələridir. Kənd Təsərrüfatı Nazirliyi üzrə inzibati rəhbər vəzifələrə aid olan yerli bölmə rəhbərinin müavini yeri üzrə 44, yerli bölmədə sektor müdiri yeri üzrə 107 vakant vəzifə təqdim olunub. Mədəniyyət və Turizm Nazirliyi tərəfindən inzibati rəhbər vəzifələrə aid olan 2 sektor müdiri (inzibati vəzifələrin 6-cı təsnifatına uyğun olan), 8 yerli bölmə rəhbərinin müavini və 1 yerli bölmədə sektor müdiri vəzifəsi təqdim olunub.

AzVision.az


Teqlər: İmtahan  





Xəbər lenti