“Azərbaycan xarici təcavüzün obyektidir” - Prezidentin köməkçisi

“Azərbaycan xarici təcavüzün obyektidir” -  Prezidentin köməkçisi
  20 Noyabr 2017    Oxunub:2419
“Diplomatik aspektdə əhəmiyyətli olan digər amil kimi Azərbaycanın davamlı surətdə yeniləşməyə meyilliyi, meydana çıxan və sürətlə dəyişən situasiyalarda ağıl və intellekt sayəsində düzgün qərar qəbul etmək məharəti nəzərə alınmalıdır. Bu kontekstdə Prezidentin xarici siyasət qarşısında müəyyən etdiyi yeni vəzifə və tapşırıqları ayrıca vurğulamağa ehtiyac var. Həmin vəzifə və tapşırıqlar beynəlxalq münasibətlər sisteminin bütün cəhətləri, müasir təhdid və çağırışlar nəzərə alınaraq formalaşdırılıb. Burada bir neçə əsas müddəanı qeyd etmək olar”.
AzVision.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidentinin xarici siyasət məsələləri üzrə köməkçisi-şöbə müdiri Novruz Məmmədov Azərbaycan diplomatiyasının 25 ildə əldə etdiyi uğurlar barədə analitik məqaləsində yazıb.

N.Məmmədovun fikrincə, şübhəsiz ki, ilk yerdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli məsələsi durur. Prezident İlham Əliyev münaqişənin Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində, ərazi bütövlüyü və suverenliyi əsasında həll edilməsini vacib şərt kimi irəli sürür. Bu tezis indiki mərhələdə dünya siyasətində müşahidə edilən ziddiyyətlər fonunda ciddi əhəmiyyət kəsb edir. Belə ki, ən mürəkkəb situasiyada da Azərbaycan diplomatiyası sivil üsullara, beynəlxalq münasibətlər sisteminin qaydalarına uyğun fəaliyyət göstərir. Ermənistan və onun havadarlarının çoxsaylı təxribatlarına baxmayaraq, Azərbaycan sülh və barış xəttindən çəkilmir.

Məqalədə qeyd olunub ki, digər vəzifə müasir dövrdə böyük əhəmiyyət daşıyan geosiyasi təhlükələri neytrallaşdırmaq üsulu ilə bağlıdır: “Bir sıra ölkələrdən fərqli olaraq, Azərbaycanda daxili təhlükə mənbələri mövcud deyil. Bu, həyata keçirilən dərindən düşünülmüş daxili siyasət sayəsində mümkün olub. Lakin xarici mühitdə olan təhlükə mənbələri hələ də var və onlar azalmaq bilmir. Bu təhlükə mənbələrini zərərsizləşdirmək üçün düzgün siyasət yeritmək və zəruri tədbirlər görmək tələb olunur. Bu isə yaranmış vəziyyətə sistemli yanaşmağı, ağıl və intellektin imkanlarından maksimum dərəcədə yararlanmağı nəzərdə tutur. Azərbaycan diplomatiyası təhlükəli situasiyalarda, qeyri-müəyyənliklərin hökm sürdüyü vəziyyətlərdə səmərəli fəaliyyət sistemini formalaşdırıb və həmin istiqamətdə fəaliyyətini davam etdirməkdədir”.

N. Məmmədov qeyd edib ki, başqa bir vəzifə əvvəlkini nəzəri cəhətdən tamamlayır. Azərbaycan diplomatiyası dövlətlərin daxili işlərinə qarışmamağı və xarici müdaxiləni inkar edən dövlətlərarası münasibətlərin dəstəklənməsinə xüsusi diqqət yetirməlidir: “Cənab Prezidentin qarşıya qoyduğu bu vəzifənin ayrıca əhəmiyyəti vardır. Məsələ bundadır ki, indi bəzi böyük dövlətlər başqalarının daxili işlərinə müdaxilə edir, onlara öz iradələrini yeritməyə çalışırlar. Belə bir vəziyyət getdikcə daha da genişlənir. Nəticədə dünya miqyasında mürəkkəb və ziddiyyətli geosiyasi situasiya yaranır. Digər tərəfdən, Azərbaycan xarici təcavüzün obyektidir. Ermənistan işğal etdiyi torpaqları tərk etmək istəmir və eyni zamanda, təxribatlar həyata keçirir. Azərbaycan hətta bu vəziyyətdə xarici müdaxiləni inkar edən dövlətlərarası münasibətləri dəstəkləmək xəttini seçirsə, bu, kifayət qədər humanist və ədalətli mövqedir.

Dövlətimizin başçısı Azərbaycan diplomatiyası qarşısında duran digər mühüm vəzifə kimi ölkənin milli maraqlarına və xalqın mənafeyinə cavab verməyən beynəlxalq davranışlardan və təşəbbüslərdən imtina etməyi müəyyənləşdirib. Bu, milli maraqlara əsaslanan siyasətin davam etdirilməsi sayəsində mümkündür. Bu siyasət milli təhlükəsizliyin təmin edilməsinə birbaşa təsir göstərir. Tarixi təcrübə sübut edir ki, böyük dövlətlərin gərgin mübarizə apardığı mürəkkəb geosiyasi məkanda Azərbaycan kimi ölkələrin öz milli maraqlarına söykənən müstəqil xətt yeritməsi daha doğrudur. Bu məqam strateji əhəmiyyət kəsb edir”.

AzVision.az


Teqlər: Novruz-Məmmədov  





Xəbər lenti