Lavrov “xəbərim yoxdur” dedi, Məmmədyarov isə tələb etdi...

Lavrov “xəbərim yoxdur” dedi, Məmmədyarov isə tələb etdi...
  20 Noyabr 2017    Oxunub:2742
Rusiyanın xarici işlər naziri Sergey Lavrov ATƏT-in Minsk qrupunun keçmiş həmsədri Metyu Brayzanın ABŞ-ın öz həmsədrini geri çağıracağına və Minsk qrupu formatının dəyişə biləcəyinə dair açıqlamasına münasibət bildirib.
AzVision.az xəbər verir ki, nazir bu barədə məlumatsız olduğunu açıqlayıb: “Düzünü desəm, ATƏT-in Minsk qrupunun həmsədrlərinin tərkibinin və ya sayının dəyişdirilməsi ilə bağlı xəbəri ilk dəfə sizdən eşidirəm. Bütün hallarda bu istiqamətdə heç bir təklif olmayıb”.

Həmsədrlərin sayına gəldikdə, xarici işlər naziri Elmar Məmmədyarov isə qeyd edib ki, üç həmsədr BMT Təhlükəsizlik Şurasındakı çoxluğu təşkil edirsə, bunu necə artırmaq olar?

“Ağıla Türkiyə gəlir. Türkiyə isə artıq Minsk qrupunun üzvüdür. Biz müzakirələrdə aprel hadisələrini yada saldıq. Vəziyyət qeyri-sabitdir və gərgin olaraq qalır. Dəfələrlə qeyd etmişik ki, siyasi iradə tələb edən addım atmalıyıq. Hansı addımlar atmalı olduğumuzu hamı bilir. Sadəcə hərəkətin sürəti zəifdir. Azərbaycan qətnamələrin icrasını tələb edir. Münaqişənin həlli üçün səylər üçqat artırılmalıdır”-deyə nazir qeyd edib.

Qeyd edək ki, bundan öncə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib ki, əgər ATƏT-in Minsk qrupunda bir nəfər azalacaqsa, bu, özü-özlüyündə formatın dəyişməsi deməkdir.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər: XİN   ATƏT   həmsədrlər  





Xəbər lenti